ABŞ-Çin münasibətlərində “alovlu” dönəm başlayır - SENSASİON DETALLAR

"Çinin xarici işlər naziri Van Yi Pekində işə başlayan parlament sessiyasının iclasından sonra keçirilən mətbuat konfransında deyib ki, Tayvan heç vaxt dövlət olmayıb və bu adanın statusu dəyişdirilə bilməz. "BMT-nin qərarı var, Tayvan Çinə aiddir"- deyən Van Yi çinliləri yalnız bir dövlətin – Çinin təmsil etdiyini vurğulayıb. Bu, Pekinin beynəlxalq aləmə növbədi mesajıdır".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

ELXAN SON.jpg (74 KB)

Politoloq qeyd edib ki, parlamentin sessiyasında Tayvan mövzusuna bir neçə dəfə toxunulub:

"Sessiyada Dövlət Şurasının hesabatı yayımlanıb. Həmin hesabatda "Tayvanın müstəqilliyi uğrunda separatçı fəaliyyətlər" kəskin şəkildə pislənilib. Bəyanatda adanın Çinə inteqrasiyası üçün bütün imkanlardan istifadə ediləcəyi bildirilib. Ancaq orası da məlumdur ki, inteqrasiya Pekinin istədiyi nəticəni verməsə, adanın Çinə hərbi yollar birləşdirilməsi də aktuallığını itirməyib.

Pekin Tayvanla əməkdaşlıq edən dövlət və şirkətlərin fəaliyyətlərini diqqətdə saxlayır. Misal üçün, Tayvanla hərbi-texniki əməkdaşlıq edən şirkətlər dərhal Pekinin sanksiya siyahısına əlavə edilir. Çinlilərə həmin şirkətlərlə əməkdaşlıq etmək qadağan olunur. Pekini ən çox narahat edən ABŞ şirkətlərinin Tayvanla hərbi-texniki əməkdaşlığıdır. Co Baydenin prezidentlik illərində bu əməkdaşlıq artmışdı.

ABŞ-ın hazırkı prezidenti Donald Trampın bu siyasəti davam etdirib-etdirməyəcəyi sual altındadır. Tramp ölkəsi üçün pul qazanmağı xoşlayır. Ona görə də Tayvan ABŞ-dan aldığı silah və hərbi texnikaya görə milyardlarla dollar ödəyərsə, Ağ Evin sahibi bundan imtina etməyəcək. Bu isə Vaşinqtonla Pekin arasındakı münasibətləri daha da gərginləşdirəcək.

Beləliklə, Pekin Tayvanı Çinə birləşdirmək siyasətindən imtina etməyəcək. Çin bu səbəbdən bölgədə hərbi gücünü artırır. Pekin müxtəlif ssenarilərə hazırlaşır. Çin hakimiyyətinin bu vaxta qədər strategiyası müdafiə xarakterli olub. Pekin beynəlxalq aləmdə baş verənlər fonunda bu siyasətini korrektə etməyə başlayıb.

Çində inşa edilən dünyada ən böyük hərbi komandanlıq bunkeri ondan xəbər verir ki, Pekin ABŞ-la hərbi qarşıdurmaya hazırlaşır.  ABŞ, Kanada və Böyük Britaniya kimi ölkələr "soyuq müharibənin" bitişi ilə bunkerlərdən imtina etdikləri halda, Çin yeraltı bunkerlərin inşasına milyardlarla dollar ayırır. Qərb ölkələri Çində yeraltı bunkerlərin inşasını Pekinin qlobal qarşıdurmaya hazırlığı kimi qiymətləndirirlər".

Xalidə Gəray
Musavat.com

07.03.2025 14:06
384