" ABŞ-la Çin arasında kiber casusluq mövzusu ətrafındakı qalmaqallar səngimək bilmir. Hakerlər noyabr ayını gözləyir".
Bu sözləri Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
"Bu dəfə CNN televiziya kanalının yaydığı məlumata görə, bir qrup çinli haker milli təhlükəsizlik kimi məsələlərlə bağlı həssas məlumat axtarmaq üçün ABŞ-ın telekommunikasiya şirkətlərinə sızıblar. Müstəntiqlər son zamanlar ABŞ-a qarşı başlanan kiberhücumların hədəfləri arasında ABŞ-ın genişzolaqlı və internet provayderləri olan “AT&T”, “Verizon” və “Lumen” şirkətlərinii müəyyən ediblər. ABŞ telekommunikasiya şirkətləri böyük həcmdə istifadəçi məlumatlarını saxlayırlar. Bu səbəbdən bu şirkətlər ABŞ-a düşmən və rəbiq olan dövlətlərin diqqətini cəlb edir", deyə politoloq qeyd edib.
Elxan Şahinoğlunun sözlərinə görə Çinin Vaşinqtondakı səfirliyi Pekinin dəstəklədiyi hakerlərin ABŞ telekommunikasiya şirkətlərini sındırdığını təkzib edərək, bu məlumatı “faktın təhrifi” adlandırıb:
"Səfirliyin sözçüsü Liu Pengyu ABŞ-ı “Çini ləkələmək üçün kibertəhlükəsizlik məsələlərini siyasiləşdirməkdə” günahlandırıb. Eyni ilə Pekin ABŞ hökumətini Çin təşkilatlarına qarşı kiberhücumlar təşkil etməkdə ittiham edir.
Pekinin təkzibinə baxmayaraq, son hadisə ABŞ administrasiyası tərəfindən nəzarətə götürülüb. İki mənbə bildirib ki, ABŞ rəsmiləri Nümayəndələr Palatasının və Senatın kəşfiyyat komitələrini Çinin haker kampaniyası ilə bağlı məlumatlandırıblar. “Microsoft” və “Google”a məxsus “Mandiant” şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri hakerlik fəaliyyətinin araşdırılmasına kömək ediblər.
Beləliklə, haker hücumları ABŞ və Çin arasında ikitərəfli görüşlərdə mübahisə mövzusuna çevrilib. Çin lideri Si Cinpin ABŞ prezidenti Co Baydenə ötən il Kaliforniyada keçirilən görüş zamanı Çinin 2024-cü ildə keçiriləcək prezident seçkilərinə müdaxilə etməyəcəyini bildirib. Ancaq bu vəd Vaşinqtonun şübhələrini azaltmayıb. Kibercasusluq ittihamlarının səsləndiyi məqamda Vaşinqton ABŞ-da noyabr aynıda keçiriləcək seçkilərdə bir neçə dövlətin, o cümlədən Rusiya və Çin mənşəli haker qrupların müdaxiləsindən ehtiyatlanır".
Xalidə Gəray
Musavat.com