ABŞ Rusiya ilə ticarət edən ölkələrə xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "The Financial Times" yayıb.
Məlumata görə, Vaşinqton Rusiya banklarına Rusiya hərbi təchizatını maliyyələşdirmək üçün yerli filiallar açmağa icazə verəcək ölkələrə ikinci dərəcəli sanksiyalar riski ilə üzləşəcəklərini elan edib.
Bildirilir ki, bu addım Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi qısa yolları bağlamaq məqsədi daşıyır. Bu yollar xüsusən də Ukraynaya hücumu təmin edən silahların istehsalına lazım olan ikili təyinatlı malların dəyərinin ödənilməsi üçün yaradılır.
ABŞ Maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib ki, Vaşinqton indi Qərbin sanksiyalarından yan keçmək üçün Rusiya banklarına öz yurisdiksiyalarında filiallar açmağa icazə verən ölkələrin ardınca getməyə hazırdır - hətta bankın özü sanksiyalara məruz qalmasa belə: "Biz onların açdıqları filialın, eləcə də yurisdiksiyanızda onlarla işləyən digər təşkilatların və şirkətlərin arxasınca gedəcəyik. Bu, sadəcə olaraq, artıq sanksiyaya məruz qalmış qurumun törəmə və ya filialları ilə iş görməklə bağlı xəbərdarlıq deyil".
Tədbirlər Rusiyanın həssas hərbi malların idxalına mane olmaq üçün nəzərdə tutulmuş qayda dəyişikliklərinin ən sonuncusudur və bütün dünyada bankları belə ticarətin maliyyələşdirilməsinə qarışmaqdan çəkindirir.
Musavat.com