ABŞ Qətər vətəndaşları üçün viza rejimini ləğv etdiyini açıqlayıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Qətər ABŞ-ın vizadan imtina proqramına daxil olan ilk ərəb və ikinci müsəlman ölkəsi olacaq.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Qətərin proqramda iştirak etmək üçün ciddi təhlükəsizlik tələblərinə cavab verdiyini təsdiqləyib.
Dövlət katibi Antoni Blinken bildirib ki, saziş iki ölkə arasında strateji tərəfdaşlığı dərinləşdirəcək, insan axını və ticarəti yaxşılaşdıracaq.
Qeyd edək ki, 2,6 milyon əhalisi olan Qətər və daha 41 dövlət proqrama qoşulacaq. Qətərin adambaşına düşən ÜDM-i 87 661 dollar təşkil edir ki, bu da ABŞ-dan təxminən 10 000 dollar yüksəkdir.
Bu ölkə ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqidir. Bəzi fikir ayrılıqlarına, o cümlədən HƏMAS-la münasibətlərə baxmayaraq, Qətər regional diplomatiyada mühüm rol oynamağa davam edir.
ABŞ rəsmiləri gələcəkdə digər Körfəz ərəb ölkələrini də vizadan azad etmə proqramına daxil etməyi nəzərdən keçirdiklərini bildiriblər.
İqbal,
Musavat.com