ABŞ-ın maliyyə naziri Janet Yellen Avropa liderləri ilə Rusiya aktivlərinin mümkün müsadirəsini müzakirə edib, lakin hələlik bu sahədə irəliləyiş yoxdur.
Naziri sözlərini Bloomberg sitat gətirib: "Bu danışıqların bütün iştirakçıları Ukraynaya kömək etmək üçün həm beynəlxalq, həm də ölkə daxilində bu aktivlərin iqtisadi dəyərindən daimi istifadəni təmin edəcək hüquqi baza tapmağın potensial faydasını görürlər".
Agentlik qeyd edir ki, Yellen hələ də bu plana şübhə ilə yanaşan liderləri inandıra bilməyib. Bazar ertəsi o, Vaşinqtonda Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard ilə görüşüb, keçən həftə isə Yellen və Almaniya kansleri Olaf Şolz arasında görüş olub. Amerika maliyyə departamentinin rəhbəri etiraf edib ki, onlarla Rusiya aktivlərinin Ukraynaya kömək üçün istifadəsini müzakirə edib, lakin söhbətin təfərrüatlarını açıqlamayıb: "Bunlar mənim müzakirə etdiyim mövzulardır. Mən özəl danışıqlar üzərində dayanmayacağam, lakin biz hamımız başa düşürük ki, Ukraynaya əlavə yardım lazımdır".
Yanvarın 24-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Vaşinqtonun müsadirə olunmuş Rusiya aktivlərinin Kiyevə verilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib. Amerika administrasiyasının nümayəndələri bu tədbiri açıq şəkildə alqışlayıblar.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenin yanvarın 11-də verdiyi məlumata görə, Vaşinqton Rusiyanın Qərbdə dondurulmuş 300 milyard dollara yaxın aktivlərinin mümkün müsadirəsi ilə bağlı yekun qərarı hələ qəbul etməyib. Onun sözlərinə görə, qərar Yeddilik Qrupu (G7) tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində qəbul ediləcək. O xatırladıb ki, G7 rəhbərləri Ukraynanın maraqları naminə “bu hərəkətsizləşdirilmiş aktivlərin necə istifadə oluna biləcəyi ilə bağlı praktiki məsələlər üzərində işə başlamaq” əmrini veriblər.
Musavat.com