ABŞ-ın Energetika Nazirliyi strateji ehtiyatı artırmaq üçün aprel ayında 3 milyon barrelə qədər neft alacağını açıqlayıb. Nazirliyin yaydığı açıqlamaya görə, söhbət “2024-cü ilin aprelində tədarük üçün 3 milyon barrelə qədər Amerika istehsalı neftin alınması üçün müraciətdən” gedir. Nazirlik hesab edir ki, səlahiyyətlilər nefti vergi ödəyiciləri üçün əlverişli qiymətə alırlar: bir barel üçün 79 dollar və ya daha aşağıdır. Bu, Energetika Nazirliyinin 2022-ci ildə strateji ehtiyatlardan nefti satdığı təxminən 95 dollar/barel orta qiymətdən xeyli aşağıdır.
ABŞ Xəzinədarlığının apardığı təhlilə görə, keçən il strateji ehtiyatlardan satış etməklə Vaşinqton administrasiyası benzinin qiymətini 1 qallon(3,785 litr –red.) üçün təxminən 40 sent aşağı salmağa imkan verib.
Ötən ildən bəri Energetika Nazirliyi artıq ehtiyat üçün orta hesabla 75,63 dollar/barel qiymətə ümumilikdə 13,83 milyon barel neft alıb.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden 2022-ci il martın sonunda ölkədə benzinin qiymətini aşağı salmaq üçün Energetika Nazirliyinə 180 gün ərzində strateji ehtiyatdan gündəlik 1 milyon barel neft satmağı tapşırıb. Nazirlik bu xammalın satışından əldə etdiyi gəlirləri enerji resurslarının alınmasına və neft ehtiyatlarının artırılmasına sərf edir.
Amerika Strateji Neft Ehtiyatı 1975-ci ildə qlobal enerji böhranından sonra ABŞ Konqresinin qərarı ilə fövqəladə hallar üçün yaradılıb. Hazırda Texas və Luizianadakı dörd neft anbarında təxminən 353,3 milyon barel neft var. Ümumi icazə verilən anbar tutumu 714 milyon barel səviyyəsində müəyyən edilib. Amerika neft ehtiyatı dünyada hökumətə məxsus ən böyük neft ehtiyatıdır.
Musavat.com