ABŞ adından dünya çempionu olan Orucov: “Azərbaycan güləşçiləri ilə tanışlığım yoxdur” - MÜSAHİBƏ

Ötən ay Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında sərbəst güləş üzrə Azərbaycan təmsilçisi qızıl medal qazana bilməsə də, dünya çempionu olmağı bacaran azərbaycanəsilli idmançı oldu. Bu, ABŞ-ni təmsil edən Vitali Orucovdur. ABŞ-də o, daha çox Vito Arucau kimi tanınır. Atası Vüqar Orucov 48 kq-da olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionudur. Vitali Serbiyanın paytaxtı Belqradda keçirilmiş dünya çempionatında qızıl medal almaqla atasının uğurunu təkrarlayıb.

Ancaq Vitalinin uğuru indi başlamayıb. O, 2016-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmələrin, 2019-cu ildə Estoniyanın paytaxtı Tallində gənclərin dünya 2-cisi olub. Yeniyetmə və gənclərdə əldən verdiyi qızıl medalı böyüklərdə qazanmağı bacardı.

Prosport.Az 24 yaşlı idmançıdan müsahibə götürüb. 

Həmin müsahibəni təqdim edirik:

- İlk dəfə sizin haqda Azərbaycan mətbuatında iyunda məlumat yayıldı. Məlum oldu ki, siz 61 kq-da “Final X”də Nahşon Qarettə 2 görüşdə qalib gələrək ABŞ çempionu olmusunuz və Serbiyadakı dünya çempionatında iştirak hüququ əldə etmisiniz. İlk dəfə böyüklərdə iştirak edib, dünya çempionu olacağınızı gözləyirdiniz?

- Mən dünya çempionatından qabaq apreldə “US Open” turnirində qalib olmuşdum və milli komanda ilə mayda Argentinanın paytaxtı Buenos Ayresdə keçirilmiş Pan Amerika çempionatında iştirak etmişdim. Orada qızıl medal qazanmışdım. “Final X”də qalib gəldikdən sonra isə dünya çempionatında iştirakım dəqiqləşdi. Əvvəlcə iyulda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş reytinq turnirində – Qran-pridə iştirak etdim və orada bürünc medal qazandım. Bu nəticələr məndə dünya çempionu olmaq üçün özünəəminlik verirdi... Dünya çempionu olmaq gözəl hissdir. Üstəlik, ABŞ millisi də komanda şəklində sərbəst güləşdə dünya çempionu oldu.

- Dünya çempionatında bolqar, yapon, qırğız rəqiblərinizi asanlıqla məğlub etdiniz. Yalnız neytral statusda çıxış edən Rusiya güləşçisi Abbashacı Məhəmmədovla görüşünüz çətin keçdi. Lakin ona da 10:9 hesabı ilə qalib gəlməyi bacardınız...

- Mən düşünmürəm ki, hansısa rəqibimlə görüşüm asan keçdi. Hesablara baxmayaraq, bu güləşçilər böyük nailiyyətləri olan çox çətin rəqiblər idi. Finaldakı rəqibim isə 2021-ci ildə Norveçin paytaxtı Osloda dünya çempionu olmuşdu. Həmin görüşdə qalib gəlmək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Şadam ki, sonda belə yüksəksəviyyəli turnirdə istəyimə çatdım.

- Bilirsiniz ki, dünya çempionu olduğunuz 61 kq çəki dərəcəsi qeyri-olimpiya kateqoriyasıdır. Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiadada iştirak etmək istəmirsiniz?

- Təbii ki, hər bir idmançının arzusu Olimpiadada iştirak etməkdir. Mən də bunu istəyirəm. Bu səbəbdən çəkimi 57 kq-a salmağı düşünürəm. Əminəm ki, mən lisenziya qazanacağam. Həmin çəkidəki ABŞ idmançısı Zeyn Riçards ilk görüşdə Azərbaycan güləşçisi Əliabbas Rzazadəyə 2:3 uduzaraq mübarizəni dayandırdı. Bu səbəbdən gələn ilin martında Meksikanın Akapulko şəhərində keçiriləcək lisenziya turnirində iştirak edəcəyim gözlənilir.

- Sizin çıxış etdiyiniz çəkidə Azərbaycanı İntiqam Vəlizadə təmsil edirdi. Püşkə əsasən siz bir səbətdə mübarizə aparırdınız. Ancaq İntiqam Qırğızıstan güləşçisi Tahirbəy Jumasbəy Oğluya uduzmaqla sizinlə qarşılaşmaq imkanını qaçırdı. Ümumiyyətlə, Azərbaycan güləşçilərindən kiminləsə tanışlığınız varmı?

- Azərbaycan millisinin məşqçilərini atam yaxşı tanıyır. Mənim Azərbaycan güləşçiləri ilə elə bir tanışlığım yoxdur. Ancaq Hacı Əliyevin güləş üslubunu bəyənirəm. Ümid edirəm ki, tezliklə məşq keçmək üçün Azərbaycana gələcəyəm və onların çoxu ilə Bakıda tanış olacağam.

- Bu səfər nə vaxt reallaşa bilər?

- Atamın Azərbaycanla çox əlaqəsi var. Yığma komandada 65 kq-da çıxış edən dostum Yianni Diakomihalis Azərbaycanda toplanışda olub, oranı tərifləyirdi. Ümid edirəm ki, gələn il bu reallaşacaq və milli komanda ilə bir neçə həftə orada məşq keçəcəyik.

- Atanız azərbaycanlıdır və Bakıda doğulub. Sizə ölkəmiz haqda nə deyib?

- O, Azərbaycanı çox sevir! Lakin o, 90-cı illərin əvvəlində Belarusa köçməli oldu. Buna səbəb onun şəxsi məşqçisinin Belarusa köçməsi idi. Səhv etmirəmsə, məşqçisi milliyyətcə gürcü idi. Bunu atamın özündən də dəqiqləşdirə bilərsiniz. Atam güləşini davam etdirmək üçün bu qərarı verdi. Mənə isə həmişə deyir ki, istəyirəm Azərbaycanı öz gözlərinlə görəsən.

- Soyadınız Orucov olsa da, Belarus soyadı kimi Arucau yazılır. Bunu orijinal soyadınıza dəyişmək fikriniz yoxdur?

- Belarusda doğulduğumdan soyadım bir az fərqli tələffüz olunur. ABŞ-yə köçərkən sənədləşmə ilə bağlı problem yarandığından bu cür qaldı. Bunu dəyişmək planım yoxdur. Çünki artıq bu soyadla tanınmışam. Adım artıq biznesdir. İndi onu dəyişmək çətin olar (gülür).

- Atanız da dünya çempionatı zamanı orada idi. O da ABŞ millisində məşqçi işləyir?

- Xeyr. O sadəcə məni dəstəkləmək üçün orada idi. Atam universitetdə və öz şəxsi zalında uşaqları hazırlaşdırır.

- Atanız və siz dünya çempionu olan ilk ailə oldunuz və tarix yazdınız. Hətta Ümumdünya Güləş Birliyi bununla bağlı paylaşım da etmişdi. Bu haqda nə deyə bilərsiniz?

- Mənə güləşi öyrətdiyi üçün atamın əvəzini verirəm. O mənə bu heyrətamiz hədiyyəni verib və mənə ən yaxşı olmağın təməllərini öyrədib. Bu xüsusi anı onunla bölüşə bildiyim üçün Tanrıya minnətdaram. O bilir ki, çox məşq edirəm və məncə, qazandığım uğurları onun görməsi çox gözəldir. Atamla müqayisə edilə bilməyim üçün görüləsi daha çox işim var. Ancaq düşünürəm ki, əla başlanğıc etdim.

 

03.10.2023 16:12
3338