ABŞ 360 kilotonluq nüvə bombalarının kütləvi istehsalına başlayır

ABŞ iyul ayından etibarən gücləndirilmiş B61-13 modelində olan yeni nəsil nüvə aviabombalarının tammiqyaslı istehsalına başlayacaq.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi Agentliyi (NNSA) rəsmi açıqlama yayıb. Qurumun məlumatına görə, B61-13 versiyası ABŞ-ın strateji bombardmançı aviasiyası üçün nəzərdə tutulub və 360 kiloton gücə malikdir. Bu isə onu ABŞ-ın nüvə arsenalındakı ən güclü bombalardan birinə çevirir.

Yeni bombaların kütləvi istehsalı Vaşinqtonun hərbi texnoloji üstünlüyünü qorumağa yönəlik addım kimi qiymətləndirilir. Ekspertlər bu addımı qlobal nüvə balansında ciddi dəyişiklik potensialı daşıyan amil kimi dəyərləndirirlər.

Qeyd edək ki, B61 seriyalı bombalar artıq onilliklərdir ABŞ-ın nüvə strategiyasının əsas elementlərindən biridir. Lakin B61-13 versiyası daha yüksək dəqiqlik və dağıdıcı gücü ilə seçilir.

Hazırda bu bombaların NATO ölkələrində yerləşdirilmiş ABŞ təyyarələrində də istifadəsi mümkün hesab olunur.

Musavat.com

29.05.2025 16:19
304