"Ermənistanın təhlükəsizliyinə iki təhdiddən danışan Nikol Paşinyan əsas təhlükənin adını çəkməyi unudub: öz hökumətini".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Rusiya Erməniləri İttifaqının prezidenti, revanşist Ara Abramyanın yazısında yer alıb.
"Paşinyan öz söyləmləri və hərəkətlərilə şimal qonşusu ilə münasibətlərə xələl gətirəcək zərbə vurub. Əgər onlar 2018-ci ildə yalan vədlər və manipulyasiya texnologiyaları sayəsində hakimiyyətə gəlməsəydilər, bu gün Qarabağ ermənilərin əlində qalacaqdı. Qarabağın Azərbaycanın nəzarətinə keçməsi komandanın addım-addım hərəkətlərinin və bəyanatlarının məntiqi nəticəsidir.
Uzunmüddətli danışıqlar prosesini sıfıra endirmək və özünün dediyi kimi, təmiz vərəqlə başlamaq qərarına gələn Paşinyanın sayəsində Qarabağ ətrafında status-kvo Azərbaycanın maraqlarına tam cavab verən şəkildə pozulub. Bu gün haqqında danışılan sülh müqaviləsi Ermənistan üçün təcriddən başqa heç nədən xəbər vermir. Əgər erməni elitası susmasaydı, bütün bunlar baş verməzdi. Təəssüflər olsun ki, məhz onların razılığı Ermənistan hakimiyyətinə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq kimi ssenarini mərhələ-mərhələ həyata keçirməyə imkan verdi", - deyə Abramyan bildirib.
Musavat.com