Amerikalı analitikə görə, yeni prezident və tərəfdarlarının əksəriyyəti erməni lobbi qruplarına bağlı deyil, sanksiyanın götürülməsi üçün fürsətdir - şərh
Bəllidir ki, Donald Tramp gələn il yanvarın sonundan yenidən Ağ Evin sahibi olacaq. Bizim üçün Trampın qələbəsi ilə bağlı əsas suallar Bakı-Vaşinqton münasibətləri, Ermənistan-Azərbaycan məsələsinə yeni administrasiyasının mövqeyidir.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ-da yeni prezident seçimindən sonra Azərbaycanla bu ölkənin gələcək əlaqələrinin necə olacağına münasibət bildirib. XİN rəsmisi jurnalistlərə açıqlamasında qeyd edib ki, ABŞ-da keçirilən yeni prezident seçkisini nəzərə alaraq dəyişən administrasiyanın hansı siyasət yürüdəcəyi və hansı addımlar atacağını indidən demək çətindir. Amerikalı analitik, geosiyasət və təhlükəsizlik üzrə ekspert, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Tsukerman isə Ayna.az-a deyib ki, Tramp administrasiyası Bakı ilə, xüsusən də müdafiə və enerji sahələrində tam əməkdaşlığı bərpa etməyə çalışacaq və əsas məsələlər üzrə koordinasiyanın digər formalarına açıq olacaq.
“Tramp və onun tərəfdarlarının əksəriyyəti ABŞ-dakı erməni lobbi qruplarına bağlı deyil və Respublikaçılar və ya qismən Respublikaçıların üstün olduğu Konqres tərəfindən Azərbaycan daha az təzyiqlə üzləşəcək. O, yəqin ki, sanksiyaları ləğv etməyə hazır olacaq. Onun səlahiyyət müddəti Azərbaycan üçün 907-ci düzəlişin tam ləğvinə təkan vermək üçün yaxşı fürsət olardı”, - deyə o bildirib. Yada salaq ki, ötən ay Prezident İlham Əliyev ABŞ-ın Azərbaycana qarşı sanksiya siyasətini tənqid edib. Dövlət başçısı 1992-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin Ermənistanı blokadada saxlaması barədə qondarma ittihamla Azərbaycana qarşı sanksiyaların tətbiq edildiyini diqqətə çatdıraraq deyib: “Bu sanksiyalar 2001-ci ildə ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit yolla daşımalı olduğu vaxt aradan qaldırılıb. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”.
Konqres bu qanuna düzəliş edərək (907-ci düzəliş) ABŞ-ın hər hansı formada Azərbaycan hökumətinə və yerli özünüidarə qurumlarına (bələdiyyələrə) birbaşa yardımını qadağan edib. Konqres bu düzəlişi Amerika Erməniləri Milli Komitəsinin lobbiçilik səyləri nəticəsində, Azərbaycanın Dağlıq Qarabağ ermənilərini blokadada saxladığını əsas gətirərək qəbul edib. Düzəlişə əsasən, ABŞ prezidenti “Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqinin aradan qaldırılması üçün addımlar atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan hökumətinə və yerli özünüidarə qurumlarına ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz”. Beləliklə, Azərbaycan 2001-ci ilə qədər Azadlığa Dəstək Aktından faydalanmayan yeganə postsovet ölkəsi olub. Amerika Erməni Milli Komitəsi bəyan edib ki, onların dəstəklədiyi namizədlərin 90%-dən çoxu 20 ştatda ABŞ Konqresinə seçilib. Ümumilikdə, ANCA ABŞ Senatına və Nümayəndələr Palatasına 84 namizədi təsdiqləyib. Bunu da nəzərə alaraq, gözləntilər doğrula bilərmi?
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Trampdan asılı olmayan səbəblər var. Onun fikrincə, Demokratlar bu qadağanın ləğvinə əngəl ola bilər və Konqresdə müzakirələrdən keçməz. Q.Hüseynli hesab edir ki, ABŞ Azərbaycanı özünə tərəfdaş ölkə sayırsa, bu qadağanı aradan qaldırmalıdır: “Bayden "907-ci düzəliş"in müəlliflərindən biri idi. Onun dönəmində bu qərarın dəyişməyəcəyi məlum idi deyə təəccüb doğurmadı. Yeni administrasiya isə Azərbaycana xoş münasibət bəsləyəcək və Vətən müharibəsi getdiyi dövrdə də Tramp hər hansı ermənipərəst addım atmamışdı. Ona görə bu dəfə münasibətlərin daha yüksək səviyyədə qurulması üçün fürsətdir və Vaşinqton işğala məruz qalmış dövlətə bu sanksiyanı davam etdirməməlidir. Əfsus ki, bu qərar Ermənistan haqda olmaq əvəzinə bizə tətbiq edilib. Bu da ədalətsizliyin analoqsuz faktıdır".
Q.Hüseynli hər şeyin Konqresdəki müzakirələrdən asılı olduğunu düşünür və Azərbaycanın da gələn ildən bu istiqamətdə təşəbbüsləri, çağırışları artırmasını zəruri sayır: “Biz rəsmi səviyyədə Vaşinqtona müraciət etməliyik və Trampdan bu addımı atmasını istəməliyik. Azərbaycan ABŞ-la tərəfdaş ölkədir, enerji sahəsində əməkdaşlıq edirik, Avropada ABŞ üçün mühüm əhəmiyyətə malik dövlətik, Ukraynaya humanitar dəstək vermişik, Trampın dostu olan İsraillə Azərbaycan da dost ölkədir, yəni bütün parametrlər üzrə münasibətlər yaxşı olmağa məhkumdur. Ona görə də "907-ci düzəliş"in ləğvi çoxdan gecikib, artıq qadağanın götürülməsinin vaxtıdır. Bu, ümumiyyətlə, köhnəlmiş, arxaik məsələdir deyə ABŞ üçün aktuallıq kəsb etməməlidir. Sadəcə, erməni lobbisinin Tramp hakimiyyətinə təzyiqləri və təsirləri necə olacaq, bax, bunu bilmirik".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”