9 sentyabr separatizm sınağından çıxmayanlar - susanlar kimlər oldu?  

 

Bəzi dövlətlər bölgə ilə bağlı öz planlarını üstün tutaraq separatçıların keçirdiyi qondarma seçkilərə reaksiya verməmək taktikasını seçib

Sentyabrın 11-də Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin sentyabrın 9-da keçirilmiş “seçkilər” adlı qanunsuz fəaliyyəti barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.

Deputatlar həmkarlarını Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn addımlara düzgün siyasi qiymət verməyə və qeyd olunan qondarma “seçki” adlandırılan qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırıblar.

Qeyd edək ki, məsələn,  Ukrayna və Moldova mövqeyini bildirsə də, Azərbaycana MDB-dəki yaxın dövlətlər susqunluğa üstünlük veriblər. Buraya bəzi türkdilli dövlətlər, eləcə də Belarus da daxildir. Avropa İttifaqı seçkini tanımadığını bəyan edib, amma bu qurum daxilində bəzi bizə yaxın dövlətlər də var ki, onların ayrı-ayrılıqda mövqe bildirməsi yaxşı olardı.

Modern.az Xankəndidə keçirilən qondarma “seçki” ilə bağlı beynəlxalq reaksiyanı araşdırıb. Dünənə qədər olan məlumata görə, Qarabağda seçkilərə ilk reaksiya verən Türkiyənin Xarici İşlər Nazirliyi olub. Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edən bu qeyri-legitim seçkini tanımır. Ukrayna XİN Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni pisləyib. Qeyd edilib ki, bu qondarma “seçkilərin” keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və nəticələri etibarsızdır.

Moldova XİN də  bəyan edib ki, Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”nin beynəlxalq hüququn norma və fundamental prinsiplərinə zidd olduğunu nəzərə alaraq nəticələri  tanımır.

Pakistan XİN Azərbaycanın Qarabağ bölgəsindəki “seçkilər”i pisləyib.

ABŞ Dövlət Departamenti “seçkilərlə” bağlı Qarabağı müstəqil və suveren ölkə kimi tanımadığını bildirib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “prezident seçkiləri”ni tanımadığını qeyd edib: “Biz ötən həftə də bəyan etdik ki, Qarabağı müstəqil və suveren ölkə kimi və eyni zamanda burada keçirilən qondarma "prezident seçkiləri"ni tanımırıq “.

Türk Dövlətləri Təşkilatının Katibliyi də Azərbaycan Respublikasının ərazisində qanunsuz separatçı rejim tərəfindən keçirilən qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.

“9 sentyabr 2023-cü il tarixində Xankəndidə keçirilən qondarma "prezident seçkiləri"ni nəzərə alaraq, Avropa İttifaqı bir daha bəyan edir ki, o, “seçkinin” keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır". Bunu isə Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massrali bildirib.

“Eyni zamanda Aİ hesab edir ki, Qarabağ ermənilərinin Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir və buna hazır olan de-fakto liderlik ətrafında cəmləşməsi vacibdir. Aİ bu prosesi dəstəkləməyə sadiqdir” - o qeyd edib.

Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld da İngiltərənin seçkilərə münasibətini bildirib. “Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma "prezident seçkiləri"ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik", - deyə səfir qeyd edib.

Macarıstan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, buna görə də Qarabağdakı qondarma “prezident seçkilərini” qeyri-legitim hesab edir. Bu barədə Macarıstan Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Mate Patsolay sentyabrın 11-də bildirib. “Münaqişənin mümkün qədər tez bir zamanda sülh yolu ilə nizamlanmasına çağırırıq”, - açıqlamada deyilir.

Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupu da 9 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkiləri” tanımır. Bu barədə dostluq qrupunun sədri Həmid Bari Həmid özünün “X” hesabında yazıb. O bildirib ki, qondarma “seçkilər” beynəlxalq hüququn fundamental norma və prinsiplərinə zidddir.

Rumıniya Xarici İşlər Nazirliyi də bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Rumıniyanın Xarici İşlər Nazirliyi Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. XİN Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edir və regiondakı bütün məsələlərin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq siyasi yolla həllinin tərəfdarıdır.

“Özbəkistan Respublikası dost Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, onun daxili işlərinə hər hansı müdaxiləni pisləyir və 9 sentyabr 2023-cü ildə Qarabağda keçirilmiş qondarma "prezident seçkilərini" tanımır", - ölkənin Xarici İşlər Nazirliyinin sosial media hesabında bildirilib.

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçıların keçirdiyi qondarma “seçkilər”i tanımadığını bəyan edib və dünya ictimaiyyətini Ermənistanın destruktiv addımlar atmasının qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırıb.

Lakin Azərbaycan Milli Məclisinin yuxarıda qeyd etdiyimiz müraciəti də onu göstərir ki, Bakı reaksiyalardan o qədər də razı qalmayıb.

Kim nə deyirsə desin, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir” – Murad  Sadəddinov - GlobalInfo.az

Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqı kimi beynəlxalq təşkilatların qondarma seçki ilə bağlı bəyanatlarını prinsipcə müsbət hesab etmək olar. Eləcə də Türkiyə, ABŞ, Pakistan, Britaniya, Macarıstan kimi dövlətlərin də mövqeyi müsbət qiymətləndirilməlidir: “Qondarma seçkini kəskin pisləyən ölkələrin bəziləri isə özləri uzun illərdir separatizmdən əziyyət çəkirlər. O ölkələr daim Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü müdafiə edirlər və Qarabağdakı erməni separatizmini pisləyiblər. Onların da 9 sentyabrda separatçıların keçirdiyi qondarma "seçki"ni pisləməsi və nəticələrini tanımadıqlarını elan etmələri Azərbaycan üçün önəmlidir və alqışlanmalıdır.  Bəzi dövlətlərin və beynəlxalq təşkilatların bəyanatlarında qondarma seçkilərin nəticələrini tanımadıqları ifadə olunsa da, ardınca birmənalı olmayan ikibaşlı fikirlər də yer alır. Məsələn, bəzilərinin bəyanatlarında “tərəfləri öz aralarında razılaşmalara gəlməyə çağırırıq” kimi fikirlər yer alır ki, bu cür fikirlər müsbət qiymətləndirilə bilməz. Bu cür fikirlər qondarma seçkilərin nəticələrini tanımamaq fikirləri ilə ziddiyyət təşkil edir. Azərbaycanı razı salmayan isə budur, eyni zamanda Azərbaycan haqlı olaraq bütün beynəlxalq təşkilatların və dövlətlərin separatçıların qondarma seçki şousuna düzgün münasibət bildirmələrini gözləyir. Hesab edirəm ki, bugünlərdə digər dövlətlərin və təşkilatların mövqeyi də ifadə olunacaq. Proses davam edir".

Politoloq hesab edir ki, bəzi dövlətlər və beynəlxalq təşkilatlar isə öz maraqlarını, bölgə ilə bağlı planlarını beynəlxalq hüquqdan üstün tutaraq separatizmə, separatçıların keçirdiyi qondarma seçkilərə reaksiya verməmək taktikasını seçirlər. Separatizmə göz yummaq isə sonda hətta dünya üçün böyük problemlər yaradır. Ukraynanın ərazisindəki separatizm ocağına vaxtında sərt beynəlxalq təpki olsaydı, bugünkü dünya üçün təhlükə və problem yaradan Ukrayna müharibəsi olmazdı.

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”

13.09.2023 13:00
703