8 Noyabr prospektində 3 saatlıq tıxacın səbəbi - AÇIQLAMA

Bu gün paytaxtın bir sıra əsas prospekt və yollarında tıxac müşahidə olunub. Sosial medianın Azərbaycan seqmentində 8 Noyabr prospektində yaranan tıxacın saatlarla davam etdiyi bildirilib.

Musavat.com Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bildirir ki, tıxacın yaranmasına səbəb təmir işləridir.

Məlumatda bildirilib ki, Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır. Bu səbəbdən qeyd edilən istiqamətdə avtomobillərin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq edilib. Prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sözçüsü Anar Nəcəfli də bildirib ki, prospekt tam olaraq bağlı deyil.

“Yolda əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub, hazırda yol birtərəfli bağlıdır”, - deyə A.Nəcəfli qeyd edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

17.09.2024 12:21
897