8 NOYABR – CƏNUBİ QAFQAZIN YENİDƏN DOĞULDUĞU TARİX!

Son üç ilin hadisələr qəti şəkildə onu sübut etdi ki, müstəqilliyi əldə etmək, həqiqətən onu qoruyub saxlamaqdan asandır. Düzdür hər iki proses qurbanlar tələb edir. Amma biz müstəqil olmağın nə demək olduğunu yenicə anlamağa başlamışdıq ki, işğal tarixləri təqvimdə ard-arda düzlməyə başladı. 1993-cü ilin 9 iyun tarixində Azərbaycan xalqının təkidi ilə Ümumilli Lider Heydər Əliyevin Bakıya gəlişini yaxşı xatırlayıram. Hava limanına toplaşan hər kəsin - sayımız heç də çox deyildi – gözlərində ümid qığılcımları var idi. Biz inanırdıq, biz əmin idik, biz bilirdik – müstəqil Azərbaycanın tarixində yeni səhifə açılır. Düzdür bu proses hələ çox uzun çəkəcəkdi, amma böyük yolu, ali strategiyanın əsası məhz o gün qoyulurdu. 90-cı illərdə bütün yazılarımı bu fikirlə bitirirdim – gün o gün olsun ki… Gerisini yəqin bilirsiniz. Bu fikirlər nə qədər ümidli olsa da, bir o qədər daxilimizdə qeyri-ixtiyari bədbinliyin təməlini təşkil edirdi. Amma zaman çox tez ötdü. Artıq 90-cı illərin sonlarında Azərbaycan dirçəlirdi, Ümummilli lider Heydər Əliyev Azərbaycan dünyaya aparır, dünyanı isə Azərbaycana gətirirdi. Müstəqilliyini yenicə əldə etmiş bir ölkə artıq “Əsrin Müqaviləsi”kimi beynəlxalq strateji əhəmiyyətə malik olan sənədin təməlində dayanırdı. Azərbaycan inkişaf edirdi, Azərbaycan artıq 1992-1993-cü illərin Azərbaycanı deyildi. Hətta qərbin media dairələri belə Azərbaycanın qısa müddətdə keçdiyi inkişaf yolu barədə danışır, bu inanılmaz prosesi heyrətlə təhlil etməyə çalışırdılar.

MyCollages_-_2023-11-08T160848.493.jpg (58 KB)

2003-cü ilin 31 oktyabrında keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev bunları dedi: “Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün başlıcası ölkədə Heydər Əliyevin siyasıti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam. Heç vaxt bu yoldan dönməyəcəyəm. Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.” Azərbaycan yenin mərhələyə qədəm qoyurdu. Qarşıdakı iyirmi il siyasi-diplomatik güc, iqtisadi dayanıqlılıq mərhələsi kimi Azərbaycan tarixinə yazılacaqdı.

“Biz nəyi, necə nə zaman edəcəyimizi çox yaxşı bilirik” – XXI əsrin yeni dövlətçilik strategiyasının sirri ilk baxışdan sadə, amma dərin mənanı ifadə edən fikirdədir. Prezident İlham Əliyev 8 noyabra 20 il ərzində sərrast və strateq düşüncəsi, qətiyyəti ilə gəldi. Bu heç də asan yol deyildi. Yolun demək olar ki, hər qarışında müxtəlif bəhanələrlə zəngin olan kənar qüvvələrin müdaxilələri, bu qüvvılərin, eləcə də Ermənistanın bilavasitə Qarabağ problemini qəsdən uzatmaq məqsədləri dayanırdı. Prezident isə daim arxalandığı Azərbaycan xalqı ilə birlikdə yol gəlirdi. Beynəlxalq təcrübədə balanslaşdırılmış siyasət strategiyasının vacibliyini vurğulayan Prezident İlham Əliyev əslində elə beynəlxalq ictimaiyyətə əsl ustad dərsi keçirdi. Azərbaycanın irəli sürdüyü iqtisadi layihələri, Orta Dəhliz və bundan irəli gələn nəqliyyat-loqistika məqsədlərinin icra olunması dünyanın bütün diqqətini Azərbaycanda cəmləşdirirdi. Əslində Azərbaycanın Ermənistan üzərində qələbəsi iqtisadiyyatımızın inkişaf etdiyi dövrdən başlanmışdı. Prezident 20 il ərzində döyüşürdü. ATƏT-in Minsk qrupunun üzvləri demək olar ki, Bakı və İrəvanı su yolu edərək faktiki şəkildə işğalçının əməllərini qanuniləşdirmək məqsədi daşıyırdılar. Yəni, de-fakto Qarabağ işğal altındadır və bütün məsələləri məhz bu çərçivədə həll etmək lazımdır. Prezdient İlham Əliyev səbr və təmkin nümayiş etdirirdi. Çünki əsaslanmış olduğu, özünün müəllifi olduğu ali strategiya var idi. Zaman yetişməli idi, Ermənistana dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq işğalçılıq siyasəti davam edir, Ermənistanın dövlət dairələri Azərbaycana qarşı sərsəm bəyanatlar səsləndirirdilər. Beynəlxalq ictimaiyyət, xüsusilə Qərb bütün bunlara sadəcə göz yumurdu.

xankendideki-paraddan

Prezident İlham Əliyev bütün beynəlxalq kürsülərdə Azərbaycanın ədalətli və dəyişilməz mövqeyini bəyan edirdi. Eyni zamanda artıq Azərbaycan minilliklərboyu gerçəkləşməyən vahid Türk coğrafiyasının mərkəzinə çevrilirdi. 2009-cu ildə Naxçıvanda Türk Dövlətəri Əməkdaşlıq Şurasının əsasının qoyulması soyköklərinin beynəlxalq diplomatiyaya gətirilməsi idi. Coğrafiyada Türk birliyi yaranır, yeni dövrün ali məqsədləri, sülh və iqtisadi inkişaf modeli formalaşırdı. Məhz Prezident İlham Əliyevin strateji yanaşmasının nəticəsi idi ki, Azərbaycanın təmsil olunduğu əksər nüfuzlu beynəlxalq platformalar Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəklədi. Yəni Prezident dünyaya Azərbaycanın haqlı mövqeyini təmkinlə, səbrlə, faktlarda çatdırırdı. Nüfuzlu beynəlxalq tədbirlərin ev sahibinə çevrilən Bakı ali mçəqsədlərə doğru inamla və qətiyyələ addımlayırdı.Azərbaycanın adı, daha doğrusu “Azerspace” artıq kosmosda, kainatın dərinliklərində idi. Azərbaycan dünyaya kainatdan baxırdı. Yəni iqtisadi potensialı, beynəlxalq əlaqəri yüksək olan Azərbaycanın qarşısında cəmi bir məqsəd dayanırdı, 30 ilə yaxın işğal altında qalan torpaqları azad etmək, məcburi köçkünləri dogma yurd-yuvalarına qaytarmaq.

Mən 90-cı illərdə Birinci Qarabağ Müharibəsində yaralanmış qazilərlimizlə hərbi hospitallarda söhbətlər aparmış, onların əhvalatlarını qələmə almışam, sonra bu yazılar dövrü mətbuatda dərc olunurdu. Onların hər biri o zaman ölkədə vahid komandanlığın olmamasından şikayətlənirdi. Məhz həmin dövrdə orduda vahid idarəetmənin, sözün əsl mənasında Ali Baş Komandanın olmaması, sonra isə ordu adı altında formalaşmış bəzi silahlı qrupların əmrə tabe olmayaraq özbaşınalıq etmələri qısa müddətdə torpaqların itirilməsinə səbəb oldu. Ümumilli Lider Heydər Əliyev hər zaman ordumuzun istənilən vaxt işğal altından olan torpaqlarımızı azad edəcəyini deyirdi, əminliklə deyirdi. Prezident İlham Əliyev ordumuzu ölkənin Birinci Döyüşçüsü olaraq dünya standartlarına cavab verən güclü orduya çevirdi. Ölkəmizin müdafiə potensialını yaratmaq üçün Müdafiə Sənayesi Nazirliyini yaratdı.

bugunku-paraddan

“Qarabağ Azərbaycandır və nida işarəsi” Əslində Ermənistan üzərində qələbəyə gedən yol biz Prezident İlham Əliyevin bu qısa, amma stratejiəhəmiyyətindən sonra bəyanatından sonra başlanmışdı. Vətən Müharibəsi qələbəyə gedən yolun son mərhələsi idi. 2020-ci ilin 27 sentyabrından 8 noyabrına aparan yol cəmi 44 gün çəkdi. 2023-cü ilin sentyabr ayında Qarabağda həyata keçirilən local xarakterli anti terror tədbirləri 23 saat 54 dəqiqə. Azərbaycan artıq demək olar ki, fəaliyyətsiz quruma çevrilən Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsini icra etdi. Hətta mən deyərdim ki, bu qurumun nüfuzunu belə qaldırmış oldu. Amma bütün bu rəqəmlərin arxasında 200 ildən artıq bir müddəti əhatə edən dərin problemlər dayanır. Məhz 200 il bundan əvvəl ermənilərin Cənubi Qafqaza köçürülməsi bu regionun böyük problemlərinin əsasını qoymuş oldu. Sərsəm torpaq iddiaları dərin konfrantasiyalara səbəb oldu, qurbanlar verildi. Region onillər, bəlkə də yüzil geri düşdü. Amma indi vəziyyət fərqlidir. İndi Cənubi Qafqaz yeni reallıqlarla yaşayır. Prezident İlham Əliyev sülh və təhlükəsizlik, dayanıqlı inkişaf məqsədləri, iqtisadi yüksəlişə təkcə Azərbaycanın mövqeyindən yanaşmır. Bu yanaşmada Cənubi Qafqaz evinin qurulması, sülh və sabitliyin, iqtisadi faydanın regionun hər bir sakini üçün əlçatan olması dayanır. Bu Azərbaycan liderinin yeni dövlətçilik strategiyasıdır. Münaqişələr və hərbi qarşıdurmalar məngənəsində çırpınan dünyamızda Azərbaycan Cənubi Qafqaz formatı, Türk Dövlətləri Təşkilatı formatı və daha neçə-neçə beynəlxalq platformada sülh strategiyası irəli sürür. Əslində daha dərindən nəzər salsaq görərik ki, 8 noyabr təkcə Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsi deyil, bu həm də Cənubi Qafqazın yenidən doğulduğu tarixdir. Qoy Planetimiz 8 Noyabrı olduğu kimi görsün və öyrənsin!

Turəxanım Qasımova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

6abe484a-b563-4c95-b3fc-2a81f15ea762.jpg (108 KB)

08.11.2023 16:44
561