Gəncə Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Yusif Əliyevə (şərti) hökm oxunub.
Musavat.com-un “Qafqazinfo”ya istinadən məlumatına görə, 1991-ci il təvəllüdlü Y.Əliyevə Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə 4 il 6 ay həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, hadisə ötən il martın 8-də, saat 22 radələrində Gəncə şəhərində qeydə alınıb.
Belə ki, həmin gün sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs qohumu Gülnar Qasımovanı (şərti) yaşadığı ünvandakı evindən çıxararaq şəxsi avtomobilinə mindirib. Bu vaxt avtomobildə Y.Əliyevin həmkəndlisi də olub.
Yolda isə qıza onu evlənmək məqsədilə qaçırdığını bildirib. Bunu eşidəndən sonra Gülnar ondan avtomobili dayandırmasını təkid etsə də, Y.Əliyev yoluna davam edib.
Gülnar qohumunun dayanmayacağını görüb Göygöl rayonundakı kəndlərdən birinin ərazisində özünü avtomobildən yerə atıb. Nəticədə o, qapalı kəllə-beyin travması alaraq huşunu itirib. Y.Əliyev onu xəstəxanaya çatdırandan sonra ərazidən uzaqlaşıb.