8 ayda Azərbaycanda 235 milyon 195 min manatlıq narkotik müsadirə edilib

İrandan Azərbaycana növbəti dəfə külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılığın qarşısı Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində mümkün olub. Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə gizlədilmiş ümumi çəkisi 52 kiloqram 875 qram narkotik vasitə və 9 min 980 ədəd Metadon M-40 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu arada Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ötən 8 ay ərzində görülən işlərlə bağlı məlumat yayıb.

8 ay ərzində əldə olunan məlumatları müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirirən İşçi Qrupu qeyd edir ki, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7 min 598 cinayət faktı aşkarlanıb. Onlardan 2 min 659-u narkotik vasitələrin qanunsuz satışı, 4 min 649-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 260-ı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 804 kiloqram 558,512 qram narkotik vasitələr və psixotrop maddələr çıxarılıb. 1 ton 722 kiloqram 686,454 qram heroin, 3 ton 349 kiloqram 422,948 qram marixuana, 236 kiloqram 905,361 qram tiryək, 50 kiloqram 988,844 qram həşiş, 750,831 qram kokain, 318 kiloqram 741,409 qram psixotrop maddələr, 125 kiloqram 042,665 qram digər narkotik vasitələr təşkil edib. 2023-cü ilin 8 ayı ərzində 47 min 726 ədəd həb metadon, 14 min 164 ədəd çətənə bitkisi, eləcə də 3 kiloqram 197,368 qram, 7 min 703 ədəd kapsul, 3 min 308 ədəd həb və 12,95 qram güclü təsir edən maddə və 40,682 qram prekursor qanunsuz dövriyyədən götürülüb.

Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 407,6 hektar sahədən çəkisi 257 ton 546 kiloqram 610,98 qram olan 869.387 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5 min 721 nəfər cəlb edilmiş, onlardan 57 nəfəri xarici ölkə vətəndaşıdır. Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 191 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 531 kiloqram 325,919 qram və 47 min 726 ədəd həb metadon narkotik vasitələr və 7 min 631 ədəd kapsul, 3 min 128 ədəd həb və 12,95 qram güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 205-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 645 kiloqram 485,666 qram və 580 ədəd metadon narkotik vasitə, psixotrop maddə və 170,3 qr güclü təsir edən maddə müsadirə edilib. 2 min 127 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 221 kiloqram 409,6 müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

İşçi qrupu qeyd edir ki, 2023-cü ilin yanvar-avqust ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 5 ton 804 kiloqram 558,512 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 235 milyon 195 min manat kimi qiymətləndirilib.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 59 min 393 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1731 nəfərindən 956-nın istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Hesabat dövrü ərzində İşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla 5 Tədbirlər Planı imzalanmış və ümumilikdə maarifləndirmə tədbirləri çərçivəsində 102 tədbir (60 maarifləndirici görüş, 26 təlim, 3 mədəni-kütləvi tədbir, youtube kanalı vasitəsilə yayımlanan 1 film, 2 sosial çarx, 1 rəsm müsabiqəsi, 7 sosial layihə, 1 velo yürüş və 1 marafon, 95 ədəd baner və bukletlərin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 35 məktəbinə, Sumqayıt, Lənkəran, Şirvan şəhərlərinin və Salyan rayon icra hakimiyyətlərinə paylanılması) təşkil edilib. “802" qaynar xətt telefon zəng xidmətinə 866 vətəndaş müraciəti daxil olub ki, onların 141-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 305-i narkotik asılılıqdan müalicə, 420-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 446 məktub ünvanlanıb. Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

31.10.2023 10:47
572