Xəbər verdiyimiz kimi, Azərbaycanda keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib.
Musavat.com xəbər verir ki, o, bu gün 76 yaşında dünyasını dəyişib.
Məhrum deputatın qardaşı İqbal Rəcəbli onun ölümü ilə bağlı açıqlama verib.
“Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib”,-deyə İqbal Rəcəbli bildirib.
İqbal Rəcəbli qeyd edib ki, Hadı Rəcəbli Bakıda dəfn ediləcək və onunla vida mərasimi Təzəpir məscidində baş tutacaq.
Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Veravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.
Əmək fəaliyyətinə 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə kimi başlayıb. Sonra bu zavodda mühasib, texnoloq, iqtisadçı işləyib.
1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən “Bakinskiy raboçiy” qəzetinin xüsusi müxbiri olub.
Hadi Rəcəbli 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb.
1981-ci ildən Azərbaycan KP MK-nın Təşkilat-partiya işi şöbəsinin inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib.
Hadi Rəsəbli on birinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Sonuncu dəfə 2015-ci ilin noyabrında 74 saylı Lənkəran kənd seçki dairəsindən Milli Məclisə deputat seçilmiş, 2020-ci ildə səlahiyyətlərini başa vurmuşdu.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisində Əmək və sosial siyasət komitəsinin sədri olmuş H.Rəcəbli Azərbaycan–Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Çin, İran, Koreya, Serbiya, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü idi.
Siyasi elmlər doktoru Hadi Rəsəbli Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət quruculuğu və kadr siyasəti kafedrasının professorudur.
O, həm də Yeni Azərbaycan Partiyasının üzvüdür.
2007-ci ildə «Şöhrət» ordeni ilə təltif olunmuş sabiq deputat 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir.
Musavat.com