75 yaşlı animator: "Çəkdiyim cizgi filminə görə ermənilər məni ölümlə hədələyirdilər"

Otağın qapısını açıb içəri keçəndə sanki nağıllar aləminə düşürsən. Həmin anda elə təəssürat yaranır ki, səni ya hansısa cizgi filminə çəkəcəklər, ya da hansısa sehirli qüvvə ilə uşaqlıq illərinə qayıdacaqsan. Onunla söhbətimiz şəhərin mərkəzində yerləşən emalatxanasında baş tutur. Həmsöhbətim animasiya rejissoru, kino rəssamı, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundovdur. Müsahibimin söhbətə başlayan kimi adımı xüsusi qayğı ilə çəkməsi diqqətimdən yayınmır. Yuxarıdan asılmış fotonu göstərərək "Bax, bu böyük qızımdır, adaşın Gülçin" deyir. Xüsusi qayğının səbəbi bəlli olur, elə bu doğma münasibətin fonunda ilk sualımı səsləndirirəm.

Musavat.com bildirir ki, "Report" doğum günü ərəfəsində 75 yaşlı animasiya rejissoru Elçin Hami Axundovla söhbətləşib:

- Elçin müəllim, sizə baxan kimi bakılı, xüsusən içərişəhərli olduğunuzu təxmin etmək olur. Bu, ənənələrinizə sadiq qalmağınızdan irəli gəlir, yoxsa özünüz bakılı, məhz içərişəhərli obrazında olmağı seçmisiniz?

- Əvvəla onu deyim ki, heç kim meymunluq dövründən Bakıda yaşamayıb.(Gülür) Valideynlərim hələ 1920-1930-cu illərdən Bakıda yaşayıblar. Mən indi özümü içərişəhərli sayıram. İçərişəhərdə doğulmuşam, boya-başa çatmışam. Amma sırf geyim tərzim, xarici görünüşümün belə olması isə qanlı 20 Yanvar hadisələri ilə əlaqədardır. Biz çox məşəqqətlərdən keçmişik. Ondan sonra düşündüm ki, biz gərək müstəqil olaq və geyimdə milliliyi əks etdirən gərək nəsə olsun. Elə o vaxtdan başıma araqçın qoyuram.

- Heç çıxartmırsınız?

-Yox, məndə müxtəlif fəsillərə uyğun araqçınlar var. Onları tikdirirəm, materialını da özüm seçirəm, indi satırlar, xüsusən İçərişəhərdə, ancaq onlardan xoşum gəlmir. Məndən sonra çoxları, elə biri aparıcı Rahib Azəri də mənə baxıb bu papaqdan qoydu. Ona "araqçın" ləqəbi veriblər, amma mənə qoymayıblar.

- Sizcə, uşaqların bugünkü maraqları nəyədir, indi onları nağıllara inandırmaq asandır?

- Vallah Gülçin xanım, uşaqlıqda nənəmin nağılları ilə mənim başımı aldatmaq olurdu. İndi uşaqları o nağıllarla aldatmaq qeyri-mümkündür. Yəni, onlar indi o qədər bilikli və hər şeyi görürlər ki, biz uşaq vaxtı o qədər şey görmürdük. İndi texnologiya inkişaf edib, hər uşaq əlində bir telefon ürəyi nəyə istəyir baxır.

- Ötən əsrin otuzuncu illərində Azərbaycanda cizgi filmləri çəkilməyə başlayanda mövzu xalq nağıllarımızdan götürülürdü. Bəs hazırda cizgi filmləri üçün mövzu necə seçilir, nələr əsas götürülür?

- Bəli, 1933-cü ildə Azərbaycanda birinci animasiya filmi çəkilib. O, texniki animasiya olan "Çat" filmidir. Onda Amerikadan neft avadanlıqları alınmışdı. "Çat" bizim fəhlələrin o avadanlıqlarla necə işlədiyini göstərmək üçün çəkilən bir animasiya idi. 1964-cü ildə "Azərbaycanfilm" kinostudiyasının direktoru Adil İsgəndərov oldu. Bu təyinat nəinki animasiyaya, həm də Azərbaycan kinosuna çox böyük töhfələr verib. Allah ona qəni-qəni rəhmət eləsin.

- Bir çox ölkələrdə, məsələn qardaş Türkiyədə cəmiyyətin vəziyyətini əks etdirən, sosial xarakterli cizgi filmləri var. Azərbaycanda niyə bu kontekstdə cizgi filmləri çəkilmir?

- Ona görə ki, bizdə onu çəkəcək mütəxəssis yoxdur. O vaxtlar ki, mən kurslar açmışdım, oradan yaxşı mütəxəssislər çıxsa da, onları işlə təmin edə bilmədim. Sovet dövründə 10 dəqiqəlik 8 film çəkirdik. Amma 1990-cı ildən sonra cəmi bir film çəkə bilirdik. Maliyyələşmə olmadı. İmkanlı şəxslərin hesabına nəsə çəkə bilirdik. Məsələn metropolitenin hesabına "Dəniz səyahəti"ni çəkə bildik. Sonra "Vahid bank"ın, Elmar adlı sahibkarın maliyyəsi hesabına film çəkdik. Ümummilli Lider Heydər Əliyev Məhəmməd Füzulinin yubileyində tapşırdı ki, "Söhbətül-əsmar" (Meyvələrin söhbəti) çəkilsin. Onda axırıncı maliyyə ayrıldı. Ondan sonra demək olar ki, 2002-ci ilə qədər biz heç nə çəkmədik.

- Ümumiyyətlə, indi çəkilən cizgi filmlərini izləyirsiniz?

- Açığı çox izləmirəm. Artıq animasiya filmlərinə baxanda əsəbiləşirəm. İndi o qədər naxələf şeylər çəkirlər ki... Ona görə, o qədər də izləmirəm.

- Nədir sizi əsəbiləşdirən məqamlar?

- Hər iki ildən bir məni festivallara münsif kimi dəvət edirlər. Misirdən tutmuş, Qazaxıstan, Rusiya, Belarus, Ukrayna, Gürcüstanda daimi festivallarda oluram. Animasiya ilk olaraq uşaqlar üçündür deyə, gərək tərbiyəvi şeylər çəkəsən. Qeyri-etik cizgi filmlərini ekrana çıxarmaq olmaz.

- Elçin müəllim, bəzən gördüyümüz, duyduğumuz nəsə bir şey, bir söz, həmin anda diqqətimizi çəkməsə də, şüuraltımıza yerləşir, nə vaxtsa özünü büruzə verir. Bu proses uşaqlarda daha tez və daha təsirli olur. O səbəbdən cizgi filmləri, animasiyalar çəkərkən uşaq psixoloqları, pedaqoqlarla məsləhətləşmələr lazımdırmı və bu məsələlər bizdə nəzərə alınırmı?

- Mən həmişə təklif etmişəm ki, bizim telekanallarda gərək bir psixoloq otursun. Xarici filmləri efirə verməmişdən əvvəl baxsınlar, görsünlər bu kinolar Azərbaycan uşaqlarına necə təsir edəcək?! Əgər azərbaycançılıq nöqteyi-nəzərdən bu film yaramırsa, gərək o göstərilməsin. Övladlarımız hələ uşaq yaşlarından azərbaycançılıq ruhunda tərbiyə edilməlidir. Sizi inandırım, indi uşaqlar Azərbaycan dilini o qədər də yaxşı bilmirlər, ingilis, türk və rus dilində danışırlar. Ona görə deyirəm ki, bizdə animasiya filmləri çəkilmir. Uşaqlar xarici istehsal olan cizgi filmlərinə baxmağa məcbur olurlar. O vaxt senzura vardı, indi yoxdur, amma, gərək daxili senzura olsun da. Bizə milli ənənələri təbliğ edən filmlər lazımdır. Biz bu sahədə çox böyük itkilər veririk. Uşaqlar başqa mədəniyyətə qovuşurlar, Azərbaycan mədəniyyətini, dilini itirirlər. Ona görə də animasiya filmləri təsiredici qüvvədir. Tariximizi, folklorumuzu, dilimizi uşaqlara təbliğ etmək lazımdır.

- Azərbaycan tarixindəki mühüm hadisələri cizgi filmi formasında necə ekranlaşdırmaq olar? Necə etmək lazımdır ki, həmin hadisələr uşaqlar üçün anlaşılan və maraqlı olsun?

- Qarabağ mövzusunda animasiya filmlərim var. O vaxt mənə heç kim demirdi ki, bu mövzuda çək, amma çəkirdim. 1989-cu ildə "Güzgü" filmini ekranlaşdırıb, bir il sonra təhvil verdim. Ermənilər hər zaman bizə sataşıb. Azərbaycana sataşmaq üçün, əgər mənfi obraz yaradırdılarsa, musiqi hissəsində Azərbaycan musiqisini verirdilər, yaxud mənfi personajın başına türk fəsi qoyurdular. Bu kiçik detallar idi, amma sataşırdılar. Ermənilər dünyada haqqımızda çox pis fikir formalaşdırmışdılar. "Ləzgi nədir, güzgü nədir" deyə bir lətifə vardı, mən orda dəyişiklik etdim. Ermənilərə cavab verdim. Onlar o animasiya filmində özlərini tanıdılar. Məsələn o lətifədə çobanın qoyun otarma səhnəsini dəyişib, qoyunu donuzla əvəzlədim. O filmə görə, ermənilər məni öldürmək istəyirdilər. Bu barədə danışanda deyirdim ki, fəxr edirəm ki, ermənilər məni buna görə, axtarır, demək mən mesajımı çatdıra bilmişəm. Yəni mümkündür, tarixi hadisələri də animasiya formasında çəkmək mümkündür. Amma dediyim kimi mütəxəssis yoxdur.

- Yaxşı, onda nə edək, necə edək ki, bu sahə yenidən dirçəlsin?

- Mütləq kurs açılmalıdır. Mən məmnuniyyətlə animasiyanın qanunlarını, klassik animasiyanı istəyənlərə öyrədərəm. Ondan sonra onlar film çəkməyə başlayacaqlar. Mən illər əvvəl texnikumda cizgi filmləri rejissoru fakültəsində dərs deyirdim. Auditoriyada 10 nəfər qız, 1 oğlan vardı. Gördüm qızlar güzgü qoyub özlərini bəzəyir. Dedim gəlin əvvəldən danışaq ki, bu işi kim öyrənmək istəyir. 3 qız və 1 oğlan dedi ki, biz öyrənmək istəyirik, başladım onlarla işləməyə. 2 qız əla nəticə göstərdi. Amma o qrupu başa çatdırıb, çıxdım, qala bilmədim. Əslində fakültə özü yanlış idi. Yaxşı, cizgi filmləri rejissoru yetişdirirdi. Bəs bu rejissor texnikumu bitirib hansı aktyorla işləyəcək, animator lazımdır. Animator şəkil çəkən aktyordur. Mən o vaxt "Azanfilm" kinostudiyasının direktoru olanda, dostlarımın uşaqları burada işləmək istəyirdilər. Gördüm yaxşı şəkil çəkirlər, amma aktyorluqları yoxdur. Ona görə seçim edirdim. Seçim edəndə də mütləq idi ki, mən o aktyorluğu onlarda görəydim.

- Hazırda ölkəmizdə peşəkar animatorlar varmı?

- Əvvəla onu deyim ki, indi animator yoxdur, göstərici demək olar ki, sıfırdır. Kimsə indi proqramla, kompüter vasitəsi ilə nəsə çəkir. 1968-ci ildən mən neçə dəfə kurslar açmışam, gənc rəssamları, aktyorları o kurslara cəlb edib, onlara animasiya qanunlarını öyrədirdim. O vaxtlar maliyyələşmə var idi və o kursları aça bilirdim. 1988-ci ildən 1990-cı ilə qədər ikiillik animasiya kurslarım vardı. Ora 80 nəfərə yaxın adam yazılmışdı. Onda seçim edib, 20 nəfərə yaxınını saxladım. Hətta onlardan da ələnib geriyə 15 nəfər qaldı. Rəsmləri hərəkətə gətirmək üçün gərək animasiya qanunlarını biləsən. Animasiyanın fizikasını, mexanikasını, biomexanikasını, artikulyasiya qanunlarını öyrədirdik. Həmin kurslara onlara aktyor və kinooperator dərsləri keçirilirdi.

- Elçin müəllim, bu sahənin yaxşı bilicisi olduqdan sonra gəlir qazanmaq məsələsi necədir, bu işlə varlanmaq olar?

- Varlanmaq olar, amma indi çətindir. Məsələn, mən şəxsi kurslar aça bilərəm, onsuz da yanıma gəlirlər, tələbələrim var. Bu sahəni öyrənmək istəyənlər mütləq klassik animasiya dərslərini keçməlidirlər. Ən azı bir il öyrənməlidirlər.

- Siz belə danışdıqca məndə elə təəssürat yaranır ki, bu çox çətin sahədir, yəni bu qədərmi çətindir animatorlığı öyrənmək?

- Yox, çox çətin deyil. Mən texnikumda dərs deyəndə deyirdim ki, gərək fizika qanunlarını biləsən ki, azad uçan əşyanın hərəkət mexanizmini biləsən. Uşaqlar deyirdi, müəllim, bəs biz fizikadan qaçmışıq, siz yenə bizə fizika öyrədirsiniz. Mən də qalıram belə, nəyi, necə öyrədəsən?!.

- Hazırda nə işlə məşğulsunuz?

- Kuklalar üzərində işləyirəm. Kuklalar hazırlamağa çox böyük həvəsim var. Ötən il Nizami Gəncəvinin yubileyinə "Yeddi gözəl"i hazırlamışam. Qədim Azərbaycan abidələrinin ayrıca olaraq kitabını çıxartmaq istəyirəm. Planlar çoxdur, inşallah həyata keçirməyə çalışacağam.

11.02.2024 18:31
815