“Dayanıqlılıq bizim üçün məqsəd deyil, vasitədir. Daha yaxşı gələcək, ədalətli imkanların yaradılması üçün bir vasitədir. Biz hələ COP29 təşəbbüsləri başlamadan əvvəl də dayanıqlılığı öz təməl prinsiplərinə çevirən qurumlardan biri olmuşuq”.
Musavat.com xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov “Gələcək üçün dayanıqlı nəqliyyat” tədbirində bildirib.
O deyib ki, ADY-nin əsas hədəfi karbon emissiyalarından tam azad şirkətə çevrilməkdir: “Dəmir yolları daha az karbon emissiya edir. Bu, mənim üçün üstünlük deyil, məsuliyyətdir. Bunun daha qənaətli edilməsi üçün yollar düşünməliyik. İllik 200 min ton illik karbon emissiyamız var ki, bunu bir az da azaltmalıyıq.
Ötən il daşıdığımız 7,2 milyon sərnişinin yüz faizini, 58 milyon yükün isə 80 faizini elektrik enerjisi ilə daşımağa nail olmuşuq. Biz anlayırıq ki, gələcək bu cür ambisiyalı hədəflərin üzərində qurulacaq.
Əsas hədəfimiz karbon emissiyalarından tam azad şirkətə çevrilməkdir. Dəmiryolları yalnız karbonun azalmasını deyil, proseslərin rəqəmsallaşmasına nail olub.
Sərnişindaşımada kağız biletlərin satışını dayandırdıq, elektronlaşdırdıq. Daha ambissiyalı layihəmiz isə karbon neqativ olmaqdır. Bir çox ölkələr artıq buna qoşulub. Dekorbanizasiya ilə bağlı Asiya İnkişaf Bankı dəmiryollarını əsas tərəfdaş kimi seçib, bu, bizim üçün uğurdur”.
Afaq Mirayiq,
Musavat.com