6 milyon 334 min nəfərə cəmi 125 deputat

Budəfəki parlament seçkilərində Azərbaycanda seçicilərin sayı rekord həddə çatıb; bu gün 1 deputat 81 min nəfəri təmsil edir 

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Qanunvericiliyə görə 18 yaşı tamam olmuş hər kəs aktiv seçki hüququna malikdir. Yəni seçki günü yaşı 18-dən yuxarı olan hər kəs səs verə bilər. Məcəllədə bildirilir ki, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər bu hüquqdan məhrumdur. Qeyd edək ki, növbədənkənar parlament seçkilərində 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Yeri gəlmişkən, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Xankəndi şəhərində də seçki məntəqəsi yaradıldığını bildirib: “Biz orada gözəl məntəqələr yaratmışıq. Biz yenə də orada yaşayan erməni əsilli vətəndaşlarımıza fərq qoymuruq, seçkidə iştirak edə bilərlər. İlk Milli Məclis seçkiləridir ki, biz onu Zəfər seçkiləri də adlandıra bilərik. Növbəti dəfə Azərbaycanın bütün suveren ərazisində seçki məntəqələrində səsvermə keçirəcəyik. Azad edilmiş ərazilərdə 34 daimi seçki məntəqəsi var, əlavə 5 günlük səyyar seçki məntəqələri yaradacağıq”.

Məlumata görə, budəfəki parlament seçkilərində Azərbaycanda seçicilərin sayı rekord həddə çatıb. Belə ki, 2024-cü il iyunun 28-nə olan məlumata əsasən, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 nəfər seçici var.

Sonuncu parlament seçkilərində seçici siyahılarına 5.4 milyon nəfərə yaxın şəxsin adı daxil edilmişdi. Beləliklə, sonuncu parlament seçkiləri ilə müqayisədə bu il seçicilərin sayı təxminən 18 faiz artıb.

Aydın görünür ki, bu qədər seçici üçün 125 deputat çox azdır. Məsələn, Ermənistan əhalisi bizdən üç dəfə azdır, amma 131 deputatı var. 10 milyonluq Azərbaycanda minimum 150, maksimum 250 deputat olmalıdır. Ancaq bunu referendumla həll etmək mümkündür.

Xatırladaq ki, 1995-ci ildə qəbul edilən Azərbaycan konstitusiyasına görə, Milli Məclisdə 125 deputat təmsil olunur. Həmin il konstitusiya layihəsinin hazırlanması zamanı parlamentdə deputat yerlərinin sayı geniş diskussiya doğurmuşdu. Milli Məclisin 100, 150, 200 və s. deputatdan ibarət olması barədə mülahizələr irəli sürülmüşdü. Müzakirələrdən sonra ölkə rəhbərliyi 125 rəqəminin üstündə dayandı. Həmin vaxt qonşu Gürcüstanda parlament 235 deputatdan, Ermənistanda isə 131 nəfərdən ibarət idi. 

Əgər 1995-ci ildə Azərbaycanda parlamentin 1 deputatı 61 min nəfəri təmsil edirdisə, bu gün 1 deputat 81 min nəfəri təmsil edir. 

Bəziləri hesab edir ki, deputatların sayının artırılmasının müsbət və mənfi tərəfləri var. Belə ki, çox sayda deputat əhalinin parlamentdə daha yaxşı təmsil olunmasına, vətəndaşların qanunvericilik prosesinə cəlb edilməsi üçün geniş imkanların yaranmasına səbəb ola bilər. Üstəlik, böyük parlament daha çox ixtisaslaşmış komitə və işçi qruplarının yaranmasına gətirib çıxarar ki, bu da məsələlərin dərindən təhlilinə və uğurlu qərarların qəbul edilməsinə zəmin yaradar. Bununla belə, deputatların sayının çoxaldılması parlament xərclərinin artırılmasına səbəb ola və qanunverici orqanının səmərəliliyinə mənfi təsir edə bilər. 

Fazil Mustafa güllələndi — Yenilənib

Fazil Mustafa 

Mövzu ilə bağlı Milli Məclisin VI çağırış deputatı Fazil Mustafa “Yeni Müsavat”a danışıb. F.Mustafa deyib ki,  əhalinin sayı nəzərə alaraq, deputatların sayı artırıla bilər: “Lakin burada əsas səlahiyyət məsələsidir. Qanunverici orqanın səlahiyyətləri müəyyən dərəcədə genişlənməlidir ki, deputatlar cəmiyyət həyatında səlahiyyətlərinə uyğun daha çox aktiv rol ala bilsinlər. Bunun üçün müəyyən dərəcədə qanunvericilikdə olan məhdudiyyətlər ortadan qalxmalıdır. Belə ki, deputat müəyyən məsələlərin həlli üçün müdaxilə etmə imkanlarına sahib olmalıdır. Bir çox hallarda biz dövlət qurumlarına  məktub göndərməkdən başqa hansısa funksiyanı yerinə yetirə bilmirik. Bu, olduqca vacibdir. Əgər belə bir məsələ öz həllini taparsa, hesab edirəm ki, bu kimi işlərdə hər hansısa bir irəliləyiş əldə etmək olar. Əks halda, sayın çoxluğu nəyisə yaxşı mənada, pozitiv dəyişməsinə gətirib çıxartmayacaq”.

Tural Abbaslı, xanımı və qayınatası namizəd oldu - GlobalInfo.az

Tural Abbaslı 

AĞ Partiya sədri Tural Abbaslı da qeyd edib ki, 10 milyon əhali üçün 125 deputat yeri azdır: “125 deputat  Azərbaycan əhalisi 7 milyon olanda müəyyən olunmuşdu və bu gün isə əhalinin sayı 10 milyondur. Bu o deməkdir ki, əhali ən azı 7 milyonun yarısı qədər artıb.  Yəni əgər 7 milyona 125 deputat idisə, bu gün həmin hesablama ilə azı 60 nəfər artırılmalıdır.  Bu gün bir deputatın seçici sayı təxminən 60 min nəfərdir. Bundan əvvəl isə bu say 35-40 min idi. Təbii ki, bir deputatın bu qədər seçici ilə maraqlanması, yaxud  xalqın nəbzini tutması fiziki baxımından da mümkün deyil. Bu baxımdan hesab edirəm ki, parlamentdə təmsil olunan deputatların sayı minimum 151 nəfər olmalıdır.  Deputat sayının çox olmasının mənfi tərəfi yoxdur. Yəni deputat nə qədər çox olarsa, bir o qədər çox insanlarla ünsiyyət, əlaqə olar. 

Ümid edirik ki, bundan sonrakı seçkilərdə referendumda say tərkibi artırılar".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK), Medianın İnkişafı Agentliyinin (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirə keçirilib.

Müşavirədə aidiyyəti qurumların nümayəndələri və media subyektlərinin rəhbərləri iştirak edib.

Müşavirədə MSK sədri Məzahir Pənahov çıxışında bildirib ki, media nümayəndələri daim prosesin içərisində olduğundan seçkini obyektiv işıqlandırmalıdırlar: “Milyonlarla insanın iştirak etdiyi hansısa tədbiri dünyanın istənilən yerində səhvsiz keçirmək mümkün deyil. Bu cür tədbirlərdə kimlərsə bilərəkdən və ya bilməyərəkdən, əksəriyyət isə bilməyərəkdən hansısa qanun pozuntusuna yol vermiş olur. Hansısa məntəqədə qanun pozuntusu baş veribsə, həmin məntəqənin nəticələri ləğv olunmalıdır. Burada qəbahətli heç nə yoxdur. Dünyanın hər yerində bu, belədir. Qanun pozuntusuna yerində baxmaq və qərar çıxarmaq lazımdır”.

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat  hazırlaması üçün hər cür şərait yaradılıb

Əhməd İsmayılov

Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov isə qeyd edib ki, seçkilərin mediada işıqlandırılması prosesini operativ izləmək üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən monitorinq həyata keçirilməkdədir: “Bu da dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər ərəfəsində mediamızın məsuliyyətini, baş verənlərə çevik reaksiyasını daha da artırır. Təcrübə göstərir ki, seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır, informasiya manipulyasiyasının bütün formalarının sistemli şəkildə tətbiq edilməsi halları müşahidə olunur. İctimai rəyi çaşdırmağa, ölkəmiz haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığımızı daha da artırmalıyıq.

Medianın İnkişafı Agentliyi qərəzli və sistemli şəkildə ölkəmizə qarşı yönəlmiş feyk xəbərlərin vaxtında, operativ qaydada aşkarlanıb ifşa olunması üçün digər müvafiq dövlət qurumları ilə sistemli iş aparmaqdadır. Bu qəbildən olan təhdidlərin təsir dairəsinin azaldılmasında Azərbaycanın ciddi media subyektlərinin çevik dəstəyi həmişə vacibdir".

Audiviziual Şuranın sədri İsmət Səttarov isə seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

09.08.2024 09:02
861