Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iyul ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 34 əməliyyat keçirilib.
Bu barədə Musavat.com-a nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nəticədə narkoşəbəkənin daha 35 üzvü ifşa olunaraq saxlanılıb: “Onlardan 12-i ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olub. Əməliyyatlarla 120 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin, metamfetamin, 4 min ədəd psixotrop tərkibli metadon, eləcə də preqabalin həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları ələ keçirilib. Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”- deyə məlumatda bildirilib.
Bildirilib ki, “Xaş-xaş 2024” tədbirləri çərçivəsində çəkisi 4275 kiloqram olan 6340 ədəd yabanı halda bitən çətənə kolu da məhv edilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının(NMDK) hesabatına görə bu ilin 6 ayı ərzində Azərbaycanda dəyəri 100 milyon manatı aşan narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb. Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirmədən belə aydın olur ki, hüquq mühafizə orqanları həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4856 cinayət faktı aşkarlayıblar. Onlardan 1391-inarkotik vasitələrin qanunsuz satışı, 3408-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 54-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-i isə digər cinayətlərlə bağlı olub. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 828 kq 028,848 qr narkotik vasitələrin və psixotrop maddələrin 366 kq 854,895 qr-nı heroin, 2 ton 233 kq 579,189 qr-nı marixuana, 80 kq 405,927 qr-nı tiryək, 27 kq 561,001 qr-nı həşiş, 111 kq 149,216 qr-nı psixotrop maddələr, 8 kq 478,62 qr-nı digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 9190 ədəd metadon həbi, 3654 ədəd çətənə kolu və 318,8 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb. Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 828 kq 028,848 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 79 milyon 400 min manat qiymətləndirilir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2934 nəfər cəlb edilib, onlardan 16-18 yaşadək - 1 nəfər, 18-25 yaşadək 226 nəfər, 26-29 yaşadək 467 nəfər, 30 yaş və ondan yuxarı isə 2240 nəfər təşkil edir. Həmin şəxslərdən 2843-ü kişi, 91-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 31 nəfəri xarici ölkə vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 99 kq 593,615 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb. Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 86 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 866 kq 327,179 qr narkotik vasitə və psixotrop maddə, 9190 ədəd metadon həbi çıxarılıb. Ümumilikdə, aşkar edilmiş cinayətlərin 126-sı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 839 kq 194,26 qr narkotik vasitə, psixotrop maddə və 4,6 qr güclü təsir edən maddə müsadirə edilib. 1118 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 613 kq 003,6 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Təhlil göstərir ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 160, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 316, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 42, digər növ cinayət faktların sayı 25, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 30 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 937 kq 288,501 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 389 nəfər azalıb. Bununla yanaşı, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 223 fakt, qrup halında olan cinayətlərin sayı isə 26 fakt artıb.
NMDK-nın rəsmi saytında yer alan məlumatda qeyd olunur ki, bu gün ölkəmizə narkotiklər İran üzərində daşınır. Hazırda narkomafiyaların 4 marşrut üzrə daşımalar həyata keçirdiyi bilinir. Belə ki, son dövrlər narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığının qarşısının alınması istiqamətində aparılan ciddi işlər nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin
- İran – Azərbaycan;
- İran – Azərbaycan – Rusiya – Yaponiya;
-İran – Azərbaycan – Gürcüstan – Avropa;
- İran – Azərbaycan – Rusiya – Ukrayna
marşurutları ilə narkotiklərin daşınması halları aşkar edilib. Azərbaycan ərazisindən daşınan psixoaktiv maddələrin bir hissəsi Azərbaycanda və digər tranzit ölkələrində satılır. Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyası”na, “Psixotrop maddələr haqqında 1971-ci il Konvensiyası”na, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il Konvensiyası”na qoşulmuş, narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli sazişlər bağlanıb, memorandumlar imzalanıb, bu sahədəki fəaliyyəti tənzimləyən zəruri qanunvericilik bazası yaradılıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com