5200-dən artıq məhkum elektron nəzarətdə

Hüquqşünas: “Daim nəzarətdə olduğunu bilən şəxs qanunları və qaydaları pozmamağa, daha diqqətli davranmağa çalışır”

Azərbaycanda 5200-dən artıq məhkuma elektron nəzarət vasitəsi tətbiq edilib. Bu barədə Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına dair kollegiya iclasında bildirilib.

Qeyd edək ki, elektron qolbaq məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məhkumlara elektron nəzarət sistemi artıq 6 ildir tətbiq olunur. O qeyd edib ki, bütün hüquqi dövlətlərdə, o cümlədən Azərbaycanda cəza siyasəti sahəsində mümkün qədər yeniliklərin tətbiq edilməsi, müasir standartlara cavab verən dövlətlərin təcrübələrindən yararlanmaq və mümkün qədər humanistləşdirmə siyasətini həyata keçirməsi tendensiyaları davam etdirilir: “Elektron nəzarət vasitəsi təkcə məhkumlara, eyni zamanda barələrində qətimkan tədbiri seçilmiş şəxslərə də şamil edilir. Bu vasitənin tətbiqi dünya ölkələrində geniş yayılıb. Azərbaycanda bunun əsası 2017-ci ilin fevralında qoyulub. Dövlət başçısının 2017-ci il fevralın 10-da imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı ölkəmizdə həyata keçirilən islahatların məntiqi davamı olmaqla, bu sahədə yeni strateji hədəfləri müəyyənləşdirib.

Xəyal Bəşirov: Ulu Öndərin həyat fəlsəfəsinə həsr olunmuş tədbirlər davam  etdiriləcək - AZƏRTAC

 Xəyal Bəşirov

Həmin sərəncamın əsasında Azərbaycanda 2018-ci ildən başlayaraq elektron nəzarət vasitələri tətbiq edilməkdədir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, elektron nəzarət vasitəsi dedikdə, elektron qolbaqlar, mobil nəzarət qurğusu, ev nəzarət stansiyası, ev siqnal ötürücüsü nəzərdə tutulur. Bu, həm şəxsin sağlamlığı, həm də cəmiyyətdə kompleks yaşamaması üçündür. Cəza siyasəti dünyada ciddi şəkildə araşdırılan mövzulardan biridir. Azərbaycan da bu istiqamətdə mühüm addımlar atır. Bu gün vəziyyət ürəkaçan olmasa da, müəyyən boşluqlar, çatışmazlıqlar olsa belə, hər bir halda dövlətin bu istiqamətdə iradəsi məlumdur. Bir çox halda cinayət törətmiş və məhkum edilmiş, eyni zamanda barəsində araşdırma gedən, qətimkan tədbiri seçilmiş şəxslərin cəzalarını çəkdikdən sonra, yaxud nəzarət vasitələrinin tətbiq edilməsi üçün hallar aradan qalxdıqdan sonra yenidən cəmiyyətə inteqrasiya etməsi prosesi çətinliklərlə müşayiət olunur. İnsanın cəmiyyətdən təcrid edilməsi heç də xoşagələn hal deyil. Təbii ki, ağır cəzalar zamanı bu qaçılmaz olur, amma dövlət hətta müxtəlif yollarla cinayət törətmiş insanları da mümkün qədər cəmiyyətdən təcrid etməməyə çalışır.  Bu halda ilk növbədə cəmiyyətin maraqları nəzərə alınır. Bununla da həm dövlətin, həm hüququn öz məqsədinə nail olunmasına, digər tərəfdən, cəmiyyət və cəmiyyətin cinayət törəmiş fərdlərinin minimum zərərlə prosesdən çıxmasına çalışılır. Yüz faizlik əmsalla olmasa belə, mütləq çoxluq baxımından elektron nəzarət vasitələrinin tətbiqi qarşıya qoyulan məqsədlərə nail olunmasına gətirib çıxarır. Düşünürəm ki, müsbət nəticələr olmasa idi, dünyada bu vasitələrin tətbiqinə yol verilməzdi".  

Əsabəli Mustafayev: Hökumət Avropa Məhkəməsi ilə qarşıdurmaya getməyəcək -  MEYDAN.TV

Əsabəli Mustafayev

Vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Elekton nəzarət cihazlarının tətbiqi hər iki tərəfə üstünlüklər verir. Əvvəllər nəzarət cihazlarını izləmək çətin idi. Ya şəxsi izləmək, ya da tez-tez zəng etmək məcburiyyəti var idi. İndi isə Probasiya Xidmətinin nəzarətçisi günün istənilən vaxtı şəxsin harada olduğunu bilir. Daim nəzarətdə olduğunu bilən şəxs qanunları və qaydaları pozmamağa, daha diqqətli davranmağa çalışır. Şəxs anlayır ki, əks halda, o cəzalandırıla, real qaydada azadlıqdan məhrum edilə bilər. Bir sözlə, bu cihazların tətbiqi şəxsi daha məsuliyyətli olmağa məcbur edir. Əminəm ki, elektron nəzarət vasitələrinin tətbiqindən sonra təkrar cinayətin törədilməsi halları azalıb. Hər halda, bu barədə məlumatlara çox rast gəlmirik. Bu da cihazların effektiv olduğunu göstərir. Düşünürəm ki, elektron nəzarət vasitələrinin tətbiqi daha da təkmilləşdirilməlidir”. 

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Probasiya Xidmətində müasir avadanlıqla, proqram təminatı ilə təchiz olunmuş Elektron Monitorinq Mərkəzi fəaliyyət göstərir. Monitorinq mərkəzi elektron nəzarət vasitələrinin istifadəsi ilə aparılan bütün izləmə məlumatlarının qəbulunu, emalını, saxlanılmasını, idarə edilməsini və ötürülməsini, habelə məhkum edilmiş şəxslərlə operativ əlaqəni təmin edən, müvafiq texniki-proqram vasitələri ilə təchiz olunan, ilin bütün günləri 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən və elektron nəzarət sisteminə inteqrasiya edilmiş mərkəzdir. Ədliyyə Nazirliyinin mətbuata verdiyi məlumata əsəsən, məhkumların üzərində elektron nəzarətin daha səmərəli təşkili məqsədilə digər işlər də görülüb. Belə ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın ədliyyə orqanlarında icrasının təmin edilməsi ilə bağlı Ədliyyə Nazirliyi Kollegiyasının 19.04.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş İş planına əsasən elektron monitorinq sistemi üzrə mobil tətbiqin istifadəyə verilməsi ilə bağlı tapşırıqların icrası ilə əlaqədar “Attenti” elektron monitorinq sisteminin mobil versiyasının istifadəsinə imkan verən 120 ədəd mobil planşet ölkəyə gətirilmiş və müvafiq təlim keçirilməklə yerli probasiya qurumlarının icra məmurlarına təqdim edilib. Həmin mobil tətbiqdən istifadə imkanının yaradılması məhkumların coğrafi yerdəyişmələri ilə bağlı dərhal məlumat əldə edilməsinə, nəzarət subyektləri tərəfindən yol verilən pozuntulara çevik reaksiya verilməklə onlar barəsində təxirəsalınmadan qanuni tədbirlərin görülməsinə əlverişli şərait yaradıb.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

02.02.2024 09:03
804