İngiltərə sakini olan qadın yadplanetlilər tərəfindən oğurlanacağından qorxduğu üçün evdən çıxmağa cəsarət etmir.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, 51 yaşlı Saşa Kristi ilk dəfə UNO-nu (Uçan Naməlum Obyekt) uşaq vaxtı gördüyünü, lakin ən parlaq və aydın halda bu uçan obyektlə 1997-ci ildə rastlaşdığını deyir. Onun sözlərinə görə, ailəsi ilə birlikdə səyahət edərkən anidən böyük kosmik gəmi və onun yanından qaçıb keçən yadplanetli fiquru görüb.
"Oğlum mənə dedi ki, onun ayağına nəsə toxundu, ancaq mən kosmik gəminin parlaq alovlarına baxırdım və nə baş verdiyini anlamağa çalışırdım", - deyə qadın yaşadıqlarını xatırlayıb.
Bundan əlavə, o iddia edir ki, ona nəyinsə toxunduğunu şəxsən hiss edib və onu çox dəhşətli bir qorxu hissi bürüyüb. Bu zaman hətta uşaqlarını da unudaraq qaçmağa başlayıb.
"Panika içində, tam bir isterik korluq içində, haraya getdiyimi görmədən evə doğru qaçırdım", - deyə o əlavə edib.
Bu hadisədən sonra Kristi çox qorxub və bu səbəbdən də onda evdən çıxma fobiyası yaranıb. O qorxur ki, əgər evdən çıxarsa, ilk uyğun fürsətdə yadplanetlilər onu oğurlayacaqlar.
"Bu məndə narahatlıq yaradır və hər dəfə evdən çıxmaq məcburiyyətində qalanda əsəb hissləri keçirirəm", - deyə o etiraf edib.