50 qəpiklik un niyə 3 dəfə baha satılır?

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən ümumi dəyəri 2 milyon 29,9 min dollar olan 6 min 916,6 ton buğda unu idxal edilib ki, bunun da 99,3%-i Rusiyadan ölkəmizə gətirilib.

Hesablama göstərir ki, idxal olunan buğda ununun 1 kiloqramının orta gömrük dəyəri 50 qəpik (29 sent) olub. İdxal olunan buğda ununun 1 kiloqramının ölkə daxilindəki pərakəndə satış qiyməti idxal gömrük dəyərindən 3,4 dəfə yüksəkdir. Belə ki, bu ilin aprel ayında 1 kiloqram buğda ununun pərakəndə satış qiyməti 1,71 manat olub.

Maraqlıdır, Rusiyada 50 qəpiyə satılan buğda unu nəyə görə ölkəmizdə 1.71 qəpiyə təklif edilir?

Məsələ ilə bağlı iqtisadçı-alim Natiq Cəfərli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, buğda unun 1.71 manata təklif edilməsinə səbəb inhisarçılıqdır: “Ölkəmizdə əsas problemlərdən biri rəqabətsizlikdir. Rəqabət olduğu şəraitdə qiymətlərin belə ciddi fərqlənməsi mümkün deyil. Rəqabət güclü olanda “bazarın görünməz əli” konsepsiyası işə düşür və qiymətlər tənzimlənir. Lakin ölkəmizdə bu məsələdə problemlər var”.

Ekspert vurğulayıb ki, daxili bazarda yük daşımalarının xərcı çox yüksəkdir: “Başqa ölkələrə nisbətən ölkəmizdə tranzit və logistik xərclər yüksəkdir. Bunlar da qiymət artımına təsir göstərir. Eyni zamanda, gömrükdə əlavə xərclər var. Yəni bu yüklərin boşaldılması, yüklənməsi, yoxlanılması, əlavə rüsumların alınması və digər xərclərin hər biri iş adamlarına əlavə xərc çəkməsinə səbəb olur. Bu da onların ölkəyə gətirdikləri məhsulu daha baha qiymətə satmasına səbəb olur”.

Ekspert qeyd edib ki, bəzən sahibkarlar qanunda nəzərdə tutulmamış, Dövlət Gömrük Komitəsinin daxili qərarlarla təyin etdiyi xərcləri də ödəməli olurlar: “Bu daxili qərarlara görə, sahiblarlar həm əlavə vergi xərcləri çəkir, həm də gömrük problemləri ilə üz- üzə qalmış olurlar. Bu səbəbdən də daxili bazarda qiymət artımının şahidi oluruq”.

20.05.2024 23:07
1892