50 il sonra qızışan dava: İsrail-HƏMAS savaşının qalibi kim olacaq - rəylər

Dünyada qaynar ocaqların sayı azalmaq əvəzinə artır. İndi də İsrail-HƏMAS (Fələstin) davası qızışıb. Daha dəqiqi, köhnə, sönmüş ocaq təzədən və daha təhlükəli şəkildə alovlanıb və ya alovlandırılıb. Niyə məhz indi - 50 ildən sonra? Bu savaş ən çox hansı dairələrin, ölkələrin marağındadır? İranın, Rusiyanın, yoxsa ABŞ-ın? Başqa regionlara sıçraya bilərmi?

Belə fikir var ki, İsrail İrana da zərbə endirəcək. Bu və digər ehtimallarda Azərbaycanın yanaşması necə olmalı? Çünki bir tərəfdə strateji müttəfiqimiz İsrail, o biri tərəfdə ərəb-islam dünyası, üzv olduğumuz İslam Əməkdaşlıq Təşkilatı, üçüncü yandan da “hər addımımızı izləyən” İran. Bakı seçim qarşısında qala bilərmi?

Diqqətçəkəndir ki, Azərbaycan-İsrail parlament dostluq qrupu, ayrı-ayrı deputatlar İsraili dəstəkləyən mövqe sərgiləsə də, Azərbaycan XİN balanslı mövqe ortaya qoyub.

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun İsrailə qarşı genişmiqyaslı hücumlarla bağlı bəyanatını təqdim edirik: “Qəzza sektorunun ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri, yaşayış məntəqələrini və şəxsləri qəsdən hədəf alan raket zərbələri ilə müşayiət edilən hücumları qətiyyətlə pisləyirik.

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələri və yaxınlarına öz başsağlığını bildirir, yaralananlara isə şəfa diləyir.

Bu çətin zamanda İsrail xalqının yanındayıq".

Deputat Jalə Əhmədova ərinin ölüm səbəbini açıqladı Yeni Sabah

Jalə Əhmədova

İşçi qrupunun üzvü Jalə Əhmədova həm də ayrıca öz Facebook səhifəsində bu statusu paylaşıb: “İsrailə qarşı həyata keçirilən hücumları, mülki əhalinin amansızcasına qətlə yetirilməsini, mülki obyektlərin, yaşayış məntəqələrinin qəsdən hədəfə alınmasını kəskin şəkildə pisləyirəm.

Həyatlarını itirmiş şəxslərin doğmalarına böyük kədər hissi ilə başsağlığı verir, yaralılara Tanrıdan şəfalar diləyirəm. Qardaş İsrail xalqının yanındayıq!"

“Biz İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı pisləyirik”.

Bu barədə Azərbaycan XİN “X” hesabında bildirib. “Həm İsraildə, həm də Qəzza zolağında çoxsaylı mülki şəxslər arasında faciəvi şəkildə həlak olanlara görə başsağlığı veririk. Biz vəziyyətin təcili olaraq deeskalasiyasına çağırırıq”, - paylaşımda deyilir.

Nəhayət, dünyanın diqqəti Ukraynadan Yaxın Şərqəmi yönəlir? “Erməni məsələsi”nə təsiri. İsrail ABŞ-dan hərbi kömək istəyib. Vaşinqton müsbət cavab verib. Bu, Ukraynaya köməyi zəiflədə bilərmi?  

Azərbaycan Türkiyə ilə eyni mövqe sərgiləməlidir, yoxsa?

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov: “Böyük bir böhranın görüntüləri mövcuddur”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov dünyanın diqqətinin Ukraynadan Yaxın Şərqə yönəlməsi barədə yaranan suala belə cavab verdi: “Bəli, belə bir tendensiya mövcuddur. Çünki baş verən hadisələrin qısa müddətdə bitməsini və təkrar o zonaya bağlanmasını ehtimal etmirəm. Əminəm ki, Yaxın Şərqdə bir çox ölkələrin baş verən hadisələrin fonunda hansısa bir hərbi əməliyyatlar keçirməsi mümkündür. Bunun hansı formada olacağını söyləmək bir qədər çətindir. Azından Livan, Suriya nümunələrini göstərə bilərik. Burada İranın hər hansı bir formada proseslərdə iştirakı ilə əlaqədar İsrailin bu ölkəyə qarşı hansısa bir addımlar atması, hərbi əməliyyatlar həyata keçirməsi mümkündür. Hər halda, böyük bir böhranın görüntüləri mövcuddur”.

Sabiq nazir İsrail tərəfin ABŞ-dan istədiyi hərbi köməyin Ukrayna cəbhəsinə mümkün təsirləri barədə də danışdı: “Ukrayna müharibəsinə bu dəstək təbii ki, təsir göstərə bilərdi. Amma bilirsiniz ki, hazırda Ukrayna barədə fikirlər fərqlidir. Ukrayna tərəfi daha böyük miqdarda yardım istəyir. Amma biz görürük ki, Qərb dövlətləri başda Amerika olmaqla, Ukraynanın istədiyi miqdarda dəstək verməkdə hazırlıqlı görünmür. Burada bu problem də var. Amma diqqət etsək, İsrailə daha böyük, effektli köməyin olması məndə şübhə yaratmır. Çünki bu ənənəvi olan bir münasibətdir. Burada da kömək daha çox onunla bağlı ola bilər ki, proseslərin içərisində İran bu və ya digər şəkildə iştirakçıdır. Biz başa düşürük ki, Amerikanın hərbi infrastrukturu Körfəz dövlətlərində yerləşir. Əgər İrana qarşı hansısa addımlar atılacaqsa, onda Körfəz ölkələri də burada iştirak edəcək. Bir daha deyirəm ki, böyük böhranın cizgiləri var. Bu proses sona qədər davam edəcək, ya yox, bu artıq sual altındadır”.

Müsahibimiz Azərbaycan və Türkiyənin mövqelərində ciddi dəyişiklik görmür: “Ümumiyyətlə, terror hücumlarını həm Türkiyə, həm də Azərbaycan pisləyir. Burada da belədir. Mülki insanlara qarşı edilən terror təbii ki, qəbuledilməzdir, istər bu, İsrail tərəfindən, istərsə də onun düşmənləri tərəfindən olsun, bu birmənalı şəkildə belədir. Yəni siyasi baxımdan bu məsələdə mövqe eynidir. BMT-nin qətnamələri var. Bu qətnamələrin icrası barədə müəyyən danışıqlar prosesi olub. Beynəlxalq ictimaiyyət hansı mövqedədirsə, biz də o mövqedəyik, həmçinin Türkiyə də. Bir sözlə, hər iki qardaş ölkə terror aktlarını birmənalı şəkildə pisləyir. Uşaqların girov götürülməsi ilə bağlı Azərbaycanla Türkiyə arasındakı mövqelərdə fərqlilik varmı, təbii ki, yox”.

Yazarlar Kənan Rövşənoğlu

Kənan Rövşənoğlu: “İsrail İrana zərbə endirmək istəyir, ancaq...”

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu Ukraynaya diqqətin azalacağı yönündə səslənən fikirlərlə razılaşır. O eyni zamanda Azərbaycanın mövqeyini tam olaraq doğru sayır: “HƏMAS-İsrail müharibəsini 50 ildən sonra baş vermiş qarşıdurma adlandırmaq doğru deyil. Bu müharibə heç zaman dayanmayıb, 100 ildir davam edir. Arada atəşkəslər və sülh prosesləri olsa da, bunlar nəticə verməyib və savaşlar davam edib. Son 20 il, əslində isə 16 il, yəni HƏMAS-ın 2007-ci ildə Qəzzada hakimiyyəti ələ keçirməsindən sonrakı dövrdə hər il İsraillə toqquşmalar olub. Ancaq miqyasına görə bu il daha böyük oldu və HƏMAS-ın hərbi cəhətdən daha hazırlıqlı olduğu məlum oldu. Amma bu da yenilik sayılmaz, çünki hələ iki il əvvəl HƏMAS ilk dəfə idarə olunan raketlərlə İsrailə məxsus hərbçiləri daşıyan avtobusu vuranda məlum idi ki, artıq müasir silahlara əli çatır. İndi isə daha da inkişaf etmiş hərbi texnika və taktikaya malik olduğu məlum oldu. Xarici maraqlara gəlincə, regionda dünyanın bütün böyük güclərinin maraqları var. Əlbəttə, son hücum əməliyyatı ABŞ-ın idarə etdiyi ərəb-İsrail barışığı prosesini baltalayır. Bu prosesə qarşı olan ölkələrin də təbii ki, maraqlarına cavab verir. Başqa regionlara sıçramaq ehtimalı demək olar ki, yoxdur. Əksinə, bu daha ciddi problemə səbəb ola bilər. İsrail İrana zərbə endirmək istəyir, ancaq bunun indi baş verəcəyini demək olmaz. Çünki indi İsrail üçün prioritet Fələstindəki qruplardır, ikinci cəbhə nəyə lazımdır? Azərbaycan İsraillə müttəfiq olsa da, Fələstin dövlətinin yaradılmasını dəstəkləyir və BMT-nin Fələstin münaqişəsi barədə qərarlarına istinad edir. Bu da ən sağlam yanaşmadır. Söhbət təkcə İrandan getmir, Türkiyə və Azərbaycanın dost və müttəfiq ərəb, müsəlman ölkələri var. Bakı zorakılığa qarşı olduğunu bəyan edib, diplomatik kanallar vasitəsilə hərbi eskalasiyanı pisləyib. Bu qədər kifayətdir. Əlbəttə, İsrail-HƏMAS toqquşması davam etsə, bu, diqqəti Ukraynadan, yeri gəlmişkən, həm də Azərbaycandan - Cənubi Qafqazdan yayındıracaq. Ancaq bunun üçün müharibənin uzunmüddətli olması lazımdır. İstənilən halda son müharibə diqqəti yenidən  Yaxın Şərqə cəlb edir. Ukraynaya müəyyən mənada diqqət azalacaq. Dediyim kimi, Azərbaycan bu məsələdə hansısa ölkə və ya qrupun deyil, beynəlxalq hüquq, beynəlxalq ictimaiyyətin qərarlarına istinad edir. Bütün mütərəqqi dünya da bu yoldadır. Ən sağlamı da budur”.

Elxan Şahinoğlu - Bioqrafiya.com

Elxan Şahinoğlu: “HƏMAS qruplaşmasının İsrailə hücumu Ərdoğanı da çətin vəziyyətə salıb”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ərdoğanın da çətin duruma düşdüyünü qeyd etdi: “Tehran Azərbaycan-İsrail hərbi əməkdaşlığından narahatlığını gizlətmirdi. Tehran HƏMAS vasitəsilə Azərbaycana tərəfdaş olan dövlətə zərbələr endirib. Rəsmi Bakı bu və digər formada İsrailə hücumu pisləyəcək. İsrail HƏMAS qruplaşmasının silahlandırılmasından şübhəli bildiyi İran mövqelərinə zərbələr endirəcək. Bundan sonra Tehran İsrailin Cənubi Qafqazdakı varlığına qarşı daha sərt açıqlamalar verəcək. Bu açıqlamalar rəsmi Bakının İsraillə tərəfdaşlıq siyasətinə təsir etməyəcək. Bu halda İranda Azərbaycan əleyhinə təbliğat güclənəcək. Türkiyə üçün də çətindir. Ankara HƏMAS qruplaşması ilə təmasda olub, bu təşkilatın liderləri dəfələrlə Türkiyədə səfərlərdə olub və cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla fikir mübadiləsi aparıblar. Ancaq HƏMAS qruplaşmasının İsrailə hücumu Ərdoğanı da çətin vəziyyətə salıb. Türkiyə Cümhurbaşqanı Fələstinin müstəqillik ideyasını dəstəkləsə də, HƏMAS qruplaşmasının İsrailə hücumuna haqq qazandıra bilməz. Digər tərəfdən, Ankara son vaxtlar İsraillə münasibətlərin normallaşması siyasətinə üstünlük verirdi, baş nazir Benyamin Netanyahunun Türkiyəyə səfəri nəzərdə tutulurdu. Ankara İsraillə yaxınlaşarkən bu ölkənin Azərbaycana hərbi dəstəyi amilini də hesaba qatırdı”.

Mərkəz rəhbəri İrana da zərbə endiriləcəyini düşünür: “İsrail İranla yanaşı, Suriyaya da zərbə endirəcək. Çünki hər iki ölkə HƏMAS-ın İsrailə terror hücumunu dəstəkləyib. Dəstəkləmək bir tərəfə qalsın, İran HƏMAS-a maliyyə və silahlı yardım da göndərib. Çünki dronlar, raketlər var ki, İran istehsalıdır. Hətta HƏMAS liderləri son hücumdan sonra cənub qonşumuza minnətdarlıqlarını da ifadə ediblər. Bu da ondan xəbər verir ki, işin içərisində İran da var. İsrail İrandakı mərkəzləri vuracaq və münasibətlər daha da gərginləşəcək. Güney Azərbaycandakı soydaşlarımıza qarşı təxribatçı açıqlamaların miqyası da artacaq. Çünki İranda görürlər ki, Azərbaycan tərəfi İsrailə qarşı olan bu terror hücumunu pisləyib. Halbuki ölkə daxilində İsrailə qarşı bu hücuma sevinirlər. "İsrailə ölüm" şüarları səsləndirilir. Bu baxımdan, Cənubi Qafqaza bu proseslərin mütləq mənada təsirləri də olacaq. Onu da deyim ki, son günlərdə sanki İran-Azərbaycan münasibətlərində bir normallaşma mərhələsinə qədəm qoyulub. Amma indi Yaxın Şərqdə baş verənlərin fonunda cənub qonşumuzdan ölkəmizə qarşı radikal qüvvələr tərəfindən təxribatçı açıqlamalar verilə bilər. Yenə də İsrail mövzusu qabardılacaq. Halbuki bu ölkə ilə münasibətlər qurmaq Azərbaycanın müstəsna hüququdur. Qəzza bölgəsini bombalamalar artsa, yəqin ki, Türkiyə tərəfindən də İsraili qınayan açıqlamalar olacaq. Bu da bizim maraqlara cavab vermir. Çünki biz Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasını istəyirik. İndiki şərtlər daxilində də bu mümkünsüz görünür".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

10.10.2023 08:50
1423