50 hektar torpaq və böyük məbləğdə pul mükafatı – Hitler öz döyüşçülərinə daha nələri vəd edib?

 

İkinci Dünya müharibəsi ilə bağlı ən maraqlı faktlardan biri milyonlarla sıravi alman vətəndaşlarının Adolf Hitlerin müharibə çağırışına böyük həvəslə qoşulmasıdır. Hər halda bütün almanlar faşist xislətli olmayıblar axı.

Maraqlıdır, bəs hansı səbəbdən onlar, bəziləri isə hərbi xidmətdən möhlət hüququ olduqları haqda müharibədə könüllü iştirak ediblər?

Çoxları düşünə bilər ki, bunun səbəbi Almaniyada mövcud dövrdə hərbi xidmətdən, müharibə çağırışından yayınanlara ciddi cəza tədbirlərinin tətbiq edilməsi ilə bağlı olub. Əsla belə deyil.

Almaniya vətəndaşlarında müharibə “sevgi”sini yaradan əsas səbəb dövlətin apardığı təbliğat olub. Təbliğatda döyüşçülərə xoşbəxt gələcək və maddi zənginlik vəd edilib. Belə ki, yaşam tərzlərindən narazı olan fabrik və zavodlarda çalışan almanlar elə düşünüblər ki, müharibədən sonra qayğısız və təminatlı həyat sürəcəklər.

724ccb52_1.jpg (99 KB)

Hitler öz əsgərlərinə daha nələri vəd edib?

Sovet-alman müharibəsinin iştirakçısı polkovnik Aleksandr Doroşenko öz xatirələrində Hitlerin vədlərindən yazıb:

“Əsir düşən alman döyüşçülərinin əksər hissəsi müharibədə iştiraklarından peşman olduqlarını etiraf edirdilər. Soruşanda ki, bəs nəyə görə müharibəyə qatılıblar, Hitlerin səsinə səs veriblər, cavabları çox maraqlı olurdu. Belə ki, Hitler öz əsgərlərinə vəd edib ki, SSRİ işğal edildikdən sonra onların hər birinə böyük məbləğdə pul mükafatı, 50 hektar torpaq və sovet vətəndaşlarından ibarət qullar bəxş edəcək...”

İkinci Dünya müharibəsinin ilk aylarında Almaniyanın sutkalar ərzində ölkələri işğal etməsi alman döyüşçülərinə xüsusi stimul verib. Norveçin işğalından sonra tonlarla balıq məhsullarının, Fransa zəbt olunduqdan sonra vaqonlarla kolbasa, paştet və digər konservləşdirilmiş ərzaq mallarının Almaniyaya göndərilməsi və digər bu kimi hallar ölkə vətəndaşları üçün böyük bayrama çevrilib və fürerə qarşı inamlarını artırıb.

Almanların SSRİ-yə hücumundan sonra 3-cü Reyxin təbliğat aparatı daha güclü işləməyə başlayıb. Xüsusi qəzetlər buraxılıb, həmin qəzetlərdə SSRİ-də olan alman əsgərlərinin aşağıdakı məzmunda məktubları dərc edilib:

“Burada torpaq olduqca münbitdir, əkib-becərmək rahatdır, məhsuldarlıq yüksəkdir. Alma bağları, tütün plantasiyaları, heyvandarlıq təsərrüfatları bizim ixtiyarımızdadır, biz onların sahibiyik. Toyuq və donuz fermalarından istədiyimiz kimi istifadə edirik...”

ууу.jpg (86 KB)

“Ukraynanın əsrarəngiz təbiəti var. Bərəkətli torpaqlarında hər şey yetişir. Kurort şəhərləri isə olduqca gözəldir. Biz bu torpaqların sahibi olacağıq, ruslar burada qul qismində qalacaq və bizim həyatımız tam dəyişəcək. Dünyanın gələcəyi almanların əlindədir...”

“Biz sürətlə irəliləyirik. Hər hansı bir qüvvənin qarşımızı kəsmək ehtimalı yoxdur. Mülki əhali könüllü təslim olur və biz hər gün yeni ərazilərə sahib oluruq, Böyük Almaniya ideyalarını gerçəkləşdirirk. Qələbədən sonra zəngin torpaqları olan “keçmiş” SSRİ-ni daha da inkişaf etdirəcəyik...”

Sözsüz ki, bu cür təbliğat almanların işğal ehtirasını daha da artırıb. Özgəsinin torpaqlarına sahib olub zənginləşmək sevdası almanların ağlını başından alaraq daha böyük cinayətlərə sövq edib.

Əslində, sıravi almanlar Hitlerin ideyalarına görə yox, yaxşı yaşamaları, zəngin həyat tərzi üçün döyüşüblər. Hətta nasist ordusunun tanınmış generalı Ziqfrid Vestfal da sonralar yazdığı memuarlarında bunu etiraf edib:

“Siz elə düşünürsünüz ki, alman əsgərləri öz liderlərinə, Adolf Hitlerə görə döyüşüblər? Sizə elə gəlir ki, onların müharibədə milli maraqları olub? Xeyr, bu, belə deyil. Onları döyüşlərə atan fürerin vədləri idi, torpaq, pul, zənginlik, xoşbəxt həyat vədləri...”

ххх.jpg (108 KB)

Hitlerin təbliğat aparatının effekti uzun sürməyib. Xüsusilə, bütövlükdə İkinci Dünya müharibəsinin gedişatını dəyişən Stalinqrad döyüşlərindən sonra Vermaxt döyüşçüləri, o cümlədən yüksəkçinli alman zabitləri fürerin vədlərinin aldadıcı manevr olduğunu yaxşı anlayıblar. Məhz 1943-cü ilin sonlarından Almaniya ordusunda fərarilik bir neçə dəfə artıb. Bununla yanaşı fürerə bir neçə dəfə  sui-qəsdə cəhd də edilib.

O ki qaldı sıravi almanların SSRİ ərazisində torpaqlara sahib olmaq arzusuna,  onlar öz istəklərinə qismən də olsa nail “olublar”. Belə ki, alman əsirlərindən müharibədən sonra düz 10 il, 1955-ci ilə qədər SSRİ ərazisində, onun torpaqlarında işçi qüvvəsi kimi istifadə ediblər.

İlham Cəmiloğlu, Musavat.com

11.08.2024 13:57
2452