5 yaşlı Mehdi dözülməz qıcolmalardan əziyyət çəkir: Ana azyaşlı balası üçün yardım diləyir

2019-cu il təvəllüdlü Mehdi Natiq oğlu Sarıyevin köməyə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Səidə Nəbiyeva məlumat verib.

O qeyd edib ki, övladı dözülməz qıcolmalardan əziyyət çəkir:

"Mehdi doğulandan demək olar ki, xəstəxanalarda qalmışıq. O, epilepsiyadan əziyyət çəkir. Həm də autizmin əlamətlərini daşıyır. 5 yaşı olmasına baxmayaraq, danışa bilmir. Ondan başqa üç övladım da var. Yoldaşımdan ayrılmışam. Övladlarıma özüm baxıram. Mehdinin müalicəsi üçün üz tutmadığım xəstəxana qalmayıb. Biz Gəncədə yaşayırıq. Burada bir çox özəl klinikalarda, o cümlədən Goranboyda bir sıra xəstəxanalarda olmuşuq. Həkimlər dərman yazsalar da, artıq mənim onları almağa maddi durumum əl vermir. İndi isə bizə Bakıya getməyi tövsiyə edirlər. Mehdinin hər müalicəsinə ən azı 1200 manat pul lazım olur. Xalqımızdan xahiş edirəm, balama kömək etsinlər. Mehdi oynadığı yerdə qıcolması tutur. Digər uşaqlar kimi onun da sağlam olması ən böyük arzumdur. Evimə bazarlıq etmirəm ki, onun dərmanlarını ala bilim".

12.07.2024 20:14
929