Məlum olduğu kimi, sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilməsinə dair qərar qəbul edilib.
Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Dövlət Turizm Agentliyinin tabeliyində “Xınalıq və Köç yolu” Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb.
Yeni qoruq ərazisi Xınalıq kəndini və 6 rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir.
Bununla bağlı 25-26 sentyabrda Dövlət Turizm Agentliyi ölkənin kütləvi informasiya vasitələrinin 50-yə yaxın əməkdaşının iştirakı ilə “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib.
Mediaturun məqsədi UNESCO-nun Mədəni İrs siyahısına daxil edilən Xınalıq və Köç yolu mədəni landşaftı ilə jurnalistləri tanış etmək, bu ərazinin Ümumdünya İrsi elan edilməsinin üstünlükləri və turizm potensialına təsiri ilə bağlı ictimaiyyəti məlumatlandırmaq ibarət olub.
Dağların ətəyindəki əfsanəvi Xınalıq...
Qeyd edək ki, yerlilərin “Kətiş” adlandırdığı Xınalıq Quba rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Xınalıq kəndi dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir. Bu kəndin 5000 illik tarixi var.
Xınalıq yolu çox çətin, təhlükəli, iki avtomobilin yanaşı keçə bilməyəcəyi qədər dar, bir tərəfi dağ, bir tərəfi uçuruma baxan, sərt döngələrdən, kəskin eniş və yoxuşlardan ibarət yoldur. Məlumata görə, sovet dövrünə qədər buradan digər kəndlərə yeganə nəqliyyat vasitəsi at olub. 1971-72-ci illərdə avtomobillərin keçə bilməyəcəyi bir yol açılıb. Sonradan 1998-ci ildə torpaq yol çəkilib. 2006-cı ildə isə yol təmir olunub, asfalt örtüyü çəkilib. Məhz bundan sonra Xınalığa turist axını başlayıb.
Kəndin adının Xınalıq olması ilə bağlı müxtəlif fikirlər var. Bir rəvayətə görə, Xınalıq adının yaranması günəş şəfəqləri ilə bağlıdır. Belə ki, günəşin ilk şəfəqlərində kəndin əhatəsində yerləşən dağ xına rənginə boyanır, elə buna görə də kəndə “Xınalıq” adı verilib.
Digər iddialara görə isə kəndin adı yalnız burada bitən və xına rəngində olan bir bitkinin adı ilə bağlıdır. Digər iddialara görə isə Xınalıq adı ilə XI əsrin Albaniyasındakı Xeno (Xena, Xeni) şəhərinin adı arasında əlaqə var. Hazırda bu şəhərin qalıqları Rusiyanın Dağıstan tərəfində Azərbaycanla sərhəddə yerləşir.
Xınalıq yer adına ilk dəfə XV (1457-1459) əsrdə Mahmud Əl Xinaluqinin “Şirvan və Dağıstan hadisələri” əlyazmasında rast gəlinir. Müəllif özünə “Xınalıqlı” təxəllüsünü götürüb. Bu da “Xınalıq” adından istifadə olunan ilk yazılı mənbədir.
Tarixçilər Xınalıq kəndinin eramızdan əvvəl salındığını ehtimal edirlər. Buradan tapılan ilkin məskunlaşmaya aid faktlar Erkən Tunc dövrünə (e.ə. IV minilliyin sonu) aiddir.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun alimi İdris Əliyev 2010-cu ildən Xınalıqda tədqiqat işləri apardıqlarını bildirdi:
“Əvvəllər belə bir ilkin rəy var idi ki, Xınalıq camaatı dağlara çəkilib, heyvandarlıqla, əkinçiliklə məşğuldur. Amma tədqiqatlar apararaq, Xınalıq yolunda ll minilliyə aid kurqan, Zangar deyilən ərazidə Kür-Araz mədəniyyətinə aid olan böyük yaşayış yeri aşkar etdik.
Məlum olduğu kimi, dağda, bu cür hündürlük ərazidə çox nadir hallarda təbəqəli abidə aşkar olunur. Kür-Araz mədəniyyəti də məlum olduğu kimi, Azərbaycanın Naxçıvan ərazisindən tutmuş, İraqa, İrana qədər müşayiət olunub. Kür-Araz mədəniyyəti sivilizasiyanın erkən məqamlarından biridir.
Həmçinin burada Orta Tunc dövrünə, eramızdan əvvəl IV minilliyə aid qəbirlər aşkar etdik. Təbii ki, bu cür dağlarda arxeoloji qazıntılar aparmaq asan deyil, çünki bura həm dağlıq, həm də çaylıq, daşlıqdır. Amma tədqiqatlarımıza davam etdik”.
İdris Əliyev qeyd etdi ki, kəndin özünün yaranma tarixi ilə bağlı Erkən Tunc və Orta Tunc dövrünə aid qalıqlar aşkar edilib:
“Xınalıqda Erkən Tunc dövrünə aid qalıqların tapılması onu göstərir ki, bu ərazi Şərq və Qərb arasında, Şimali Qafqazın yolları üstündə olan çox əhəmiyyətli bir keçid yeri olub. Buna sübut kimi həmin dövrə aid tapılan pulları, bəzək əşyalarını, sancaqları göstərmək olar. Qeyd edim ki, bu sancaqlara Azərbaycanın heç bir yerində rast gəlinməyib, yalnız Dağıstanda var. Həmçinin Sasanilər, Bizans dövrünə aid qalıqlar onu göstərir ki, bizanslılar, ərəblər, xəzərlər bu ərazidə toqquşublar”.
Yalnız Xınalıqda mövcud olan Xınalıq dili...
Rəvayətlərə görə, xınalıqlılar Nuh peyğəmbərin danışdığı dildə danışırlar. Onlar özləri də bunu inkar etmir.
Bir neçə alim-dilşünas Xınalıq dilinin tədqiqi ilə məşğul olub, bu dil haqqında bir neçə elmi kitab nəşr olunub. Xınalıq dilinin hansı dil qrupuna aid edilməsi barəsində illər boyu mübahisələr gedib. Xınalıq dilinin ən təqdirəlayiq tədqiqatçısı Yunus Deşeriyev sayılır. O, 1950-54 illərinin yay aylarında Xınalıqda böyük tədqiqatlar keçirib və 1959-cu ildə “Xınalıq dilinin qrammatikası” kitabını dərc edib. Yunus Deşeriyevin yazdığına görə, eramızdan əvvəl 3-cü minillikdə Qafqazda tək qədim dil mövcud idi. Sonradan dillər bölünməyə başlayıb, amma Xınalıq dili günümüzə qədər dəyişməz olaraq qalıb.
Alimlər qeyd edir ki, Xınalıq dili mürəkkəb morfoloji struktura malikdir.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun alimi İdris Əliyev də qeyd edir ki, Xınalıq dilini öyrənmək çox çətindir:
“Xınalıq dili Dağıstan nax qrupuna aiddir. Ötən əsrin 50-60-cı illərində Dağıstan alimləri belə düşünürdülər ki, Xınalıq dili ləzgi dilinin əsasında yaranıb. Lakin dilçi alimlər sübut etdi ki, bu dil daha qədimdir, daha əvvəl yaranıb və fərqlidir. Əlbəttə, ləzgi dili ilə əlaqələri var, amma struktur, morfologiya baxımından fərqlidir.
Bəzən olur ki, hansısa hadisə 8 formada təqdim olunur. Məsələn, qadına yaşına görə müxtəlif cür müraciət olunur. Tutaq ki, qadın qız xeylağıdırsa, başqa cür, gəlindirsə, başqa cür, yaşlıdırsa, başqa cür müraciət edilir.
Ümumiyyətlə, Xınalıq dili çox çətindir.
Ləzgi dilini öyrənmək asandır, amma bu dili gərək uşaq yaşlarından öyrənəsən, sonradan öyrənmək çətindir”.
İdris Əliyevin sözlərinə görə, ötən əsrin 30-cu illərinə qədər Xınalıqda xüsusən qadınlar öz dillərindən başqa dillərdə danışa bilməyiblər:
“Bu dilin qorunub, saxlanılmasında xüsusən qadınların böyük rolu var. Ötən əsrin 30-cu illərinə qədər qadınlar Azərbaycan, türk dillərində danışa bilməyiblər. Kişilər isə digər bölgələrə gedib-gəldikləri üçün Azərbaycan və digər dillərdə danışmağı bacarıblar”.
Xınalıq qadınları ilə söhbətləşəndə də bildirdilər ki, ailədə, məişət həyatlarında yalnız öz dillərində danışırlar:
“Mən Azərbaycan dilində çox bilmirəm. Məktəbdə oxuyanda bizə öyrədirlər, amma gündəlik həyatımızda Xınalıq dilində danışdığımızdan bəzən Azərbaycan dilində bəzi sözləri unuduruq”.
Əvvəllər Xınalıqdan olan alimlər Bağdada qədər gedib çıxıb, indi isə...
“Vaxtilə Xınalıq camaatı Dərbəndə, Bağdada qədər gedib çıxıb, alimləri orada dərs veriblər, məşhur sənətkarlar olub”.
Xınalığın qədim dövrlərindən qalmış arxeoloji və etnoqrafik materiallar, o cümlədən kilim və xalçalar, gil və mis qablar, müxtəlif ev və məişət əşyaları, daş kitabələr və daha bir çox əşyalar, o cümlədən tarix, dil, məntiq, riyaziyyat, təbabət, fiqh, kəlam, təfsir, hədis kimi dini elmlərlə əlaqəli yüksək səviyyəli kitabların olması vaxtilə Xınalığın mühüm elmi, yüksək mədəniyyət mərkəzi olmasından xəbər verir. Hətta məlumata görə, İstanbul, İzmir kimi şəhərlərdən bura çox sayda kitablar gətirilib. Lakin sonralar, xüsusən də sovet dövründən başlayaraq, bu bölgədən çıxan alimlərin, ali təhsilli insanların sayı azalmağa başlayıb.
Xınalıq qadınları və uşaqları...
Xınalıq qadınları bu günə qədər də yun əyirir, əsasən corab, papaq toxuyur, ev təsərrüfatı işləri ilə məşğul olurlar. Bəzi məşğuliyyət, məişət fəaliyyəti isə qədimdə olduğu kimidir. Məsələn, kənddə qaz olmadığından qədimdə olduğu kimi indi də təzək qurudulur, daha sonra isə yandırılaraq, ondan ocaq kimi istifadə edilir.
“Dağların ətrafında yerləşdiyinə görə bura qaz çəkmək demək olar ki, qeyri-mümkündür. Amma bizə deyirlər ki, nə vaxtsa bura da qaz çəkiləcək, onda biz bəlkə də ən xoşbəxt insan olarıq. Çünki qazsız, istiliksiz çox çətindir. İstilik üçün həmişə təzəkdən istifadə etmişik”.
Xınalıq yolunun xüsusən də qışda keçilməz olması Xınalıq insanını bir çox çətinliklərlə üz-üzə qoyur. Bu çətinlikləri aradan qaldırmaq üçün dağ şəraitini, kəndin yerləşmə ərazisini nəzərə alaraq, burada tibb məntəqəsi yaradılıb, məntəqədə gecə-gündüz növbətçi həkim var. Həmçinin Qubadan xüsusi təcili yardım briqadası gətirilib.
Xınalıqda evlər çay daşından və bir təpənin üzərində pilləli şəkildə inşa edilib. Evlərin yaşının 250 ildən çox olduğu deyilir. Damlar sadəcə torpaqla örtülüb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin dəstəyi ilə Xınalıqda qəzalı evlərin təmiri və bərpası işləri aparılır. Kənddə olduğumuz zaman bu təmir və bərpa işlərinin davam etdiyini, evlərin üstünün qırla örtüldüyünü müşahidə etdik.
Həmçinin Dövlət Turizm Agentliyi ilə BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində Xınalıq kəndində qonaq evi yaradıb turistlərə xidmət göstərən 16 sahibkara su qızdırıcısı, soba və qaz plitəsi təqdim olunub.
Xınalıq camaatı ümid edir ki, burada turizm inkişaf edərsə, onların yaşayış şəraiti də yaxşılaşar.
Tam qədimdən bu günə qədər Xınalıq sakinlərinin əksəriyyəti köçəri həyat yaşayıb. Belə ki, sakinlər oktyabr ayında Hacıqabul, Qobustan, Şamaxı istiqamətinə köç edir, may ayında isə geri qayıdırlar. Kəndin ərazisində 300 nəfər şagirdin qala biləcəyi internat tipli məktəb fəaliyyət göstərir. Ailələr köç edərkən uşaqlar həmin məktəbdə qalır. Məktəbdə şagirdlər lazımi yaşayış şəraiti ilə təmin olunurlar.
Xınalıqda din
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun alimi İdris Əliyev bizimlə söhbətdə bildirir ki, Xınalığa İslam dini gec gəlib, çatıb. Onun sözlərinə görə, İslamdan əvvəl sakinlər əsasən bütpərəst olub:
“Arxeoloji qazıntılar zamanı tapılan gözmuncuğu əşyaları ona dəlalət edir ki, Xınalıq insanı büdpərəst olub”.
Mənbələr də onu göstərir ki, Xınalıq camaatı VIII əsrdə, Dərbənd hakimi Hişamın qardaşı Əbu Müslüm vasitəsilə İslam dinini qəbul ediblər. Bu ərazidə ən qədim məscid də məhz Xınalıqda elə Əbu Müslümün əmri əsasında tikilib. XII-XVIII əsrlərdə bu ərazilərdə çoxlu türbələr və məscidlər inşa edilib.
Xınalıq tarix-etnoqrafiya muzeyi
Bu muzey 2001-ci ildə yaradılıb.
Əslən Xınalıqdan olan Xəlilrəhman Cabbarovun rəhbərliyi altında yerli əhalinin köməyi ilə yaradılan muzeydə çox maraqlı əsərlər nümayiş etdirilir. Xınalığın qədim dövrlərindən qalmış arxeoloji və etnoqrafik materiallar, o cümlədən kilim və xalçalar, gil və mis qablar, müxtəlif ev və məişət əşyaları, daş kitabələr və daha bir çox əşyalar Xınalığa gələnlərə burada vaxtı ilə mövcud olmuş yüksək bir mədəniyyətdən xəbər verir.
Muzeydə diqqət çəkən ən önəmli bölmə əlyazma kitabların olduğu hissədir. XV əsrdən XX əsrin əvvəllərinə qədər tarixləşən bu kitablar sovet dövrünün qorxusundan damlarda, qəbirlərdə saxlanılmış və müstəqillik dövründə ortaya çıxarılmış qiymətli əlyazma əsərlərdir.
Göründüyü kimi, Xınalıq öz qədim mədəniyyəti, tarixi, dili, abidələri ilə təkcə Azərbaycanın deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərləri daşıyan əfsanəvi yaşayış məskənidir. Heç şübhəsiz ki, bu əfsanəvi kənd hələ bundan sonra daha çox kəşf ediləcək, araşdırılacaq.
Xalidə Gəray,
Fotolar, video müəllifindir
Musavat.com