“Ermənistanın Avropa İttifaqı və ABŞ-la 5 apreldə Brüsseldə üçlü görüş keçirməyi qəbul etməsinin ən böyük səbəbi Rusiya ilə olan bütün əlaqələrini qoparmaq istəyidir. Çünki Ermənistan Qarabağ savaşında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onun yanında olmadığını, onu qorumadığını iddia edir”.
Bu fikirləri Musavat.com-a açıqlamasında türkiyəli politoloq Hüsamettin İnaç deyib.
Politoloq hesab edir ki, Ermənistan görüşə razılıq verməklə Avropa İttifaqı və ABŞ-ı Cənubi Qafqaza daxil edəcək yeni bir planı qəbul edir:
“Ermənistan Avropa İttifaqı və ABŞ-ın dəstəyi ilə sülh müqaviləsini imzalamaq istəyir. Aİ və ABŞ isə Ermənistan vasitəsilə Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışır. Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanarsa, artıq rus ordusunun fəaliyyətinə ehtiyac qalmayacaq. Avropa İttifaqı və ABŞ Ermənistandan istifadə edərək Cənubi Qafqazda söz sahibi olmağa çalışır. Ukraynada olduğu kimi, Rusiyaya qarşı cəbhə açmaq istəyirlər”.
Türkiyəli politoloqun fikrincə, Ermənistan Türkiyə ilə razılaşma istəyirsə, tez bir zamanda Azərbaycanla sülh sazişini imzalamalıdır:
“Zəngəzur dəhlizini açmalıdır. Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində keçirdiyi görüşləri yekunlaşdırıb sülh müqaviləsini imzalamalıdır. Ermənistan bu yolla çox böyük bir imkan qazanmış olar”.
Hüsamettin İnaç hesab edir ki, 5 aprel görüşündən sonra bölgədə çox şey dəyişəcək:
“Brüsseldə baş tutacaq görüş razılaşma ilə bitərsə, Rusiyanı bölgədən uzaqlaşdırmaq üçün əllərindən gələni edəcəklər. Son dönəmlər Qərbin Ukrayanaya lazımi dəstəyi verməməsi və savaşın cəbhədə tıxanması Rusiyanın Cənubi Qafqazda da mövqeyini gücləndirəcək. Rusiyanın Cənubi Qafqazda, Moldova bölgəsində, Şərqi Avropada daha çox söz sahibi olmasına şərait yarana bilər. Avropa İttifaqı və ABŞ bunun qarşısını almaq üçün qabaqlayıcı siyasət yürüdür. Onlar Ermənistanı müxtəlif vədlərlə inandırmaqla Rusiyanın və rus ordusunun bölgədəki varlığını aradan qaldırmağa çalışırlar”.
Politoloq xatırladıb ki, son zamanlara qədər xüsusilə Fransa və Hindistan başda olmaqla Ermənistanın silahlandırılması həyata keçirilirdi:
“Ermənistanı uzunmənzilli raketlərlə, hava hücumundan müdafiə sistemləri ilə zənginləşdirməyə çalışırdılar. Lakin Qərb Ermənistanı silahlandırmaqla bir nəticə əldə edə bilməyəcəyini gördü. Çünki istər İkinci Qarabağ müharibəsində, istərsə də antiterror tədbirlərində Azərbaycan ordusunun məğlubedilməz olduğunu gördülər. Bundan sonra siyasətlərini önəmli dərəcədə dəyişdilər. Qərb Cənubi Qafqaz siyasətinin olduqca kövrək olduğunun fərqindədir. Onlar bölgədə Rusiyaya qarşı yeni bir təsir dairəsi və qarşılaşma cəbhəsi yaratmaq istəyirlər”.
Aytən Novruz
Musavat.com