436 nəfəri külə döndərən yanğın – Beriya düşərgə rəisini kabinetində güllələyib...  

1930-1959-cu illərdə fəaliyyət göstərən İslah Əmək Düşərgələri Baş İdarəsinin (“QULAQ”) tabeliyində olan cəzaçəkmə müəssisələri haqqında uzun illər ictimaiyyətə heç bir məlumat verilməyib. Yalnız 1980-ci illərin sonlarında “QULAQ” düşərgələri haqqında mətbuatda yazılar dərc edilməyə başlanıb. Düşərgələrdə saxlanılanların ümumi sayını dəqiqləşdirmək mümkün olmasa da təxmini statistikaya görə 8 milyona yaxın insanın həyatı bu düşərgələrdən keçib.

“QULAQ” düşərgələrinin yaradılmasında əsas məqsədlərdən biri də məhbuslardan işçi qüvvəsi kimi istifadə etmək olub. Artıq bu gün heç kimə sirr deyil ki, sovet dövrünün, Stalin rejiminin düşərgələrində məhbuslar üçün minimum şərait də yaradılmayıb. Statistikaya nəzər salsaq görərik ki, düşərgələrdə ölənlərin ölüm səbəbi 48 faiz adi xəstəliklər, 21 faizi isə aclıq olub. Bu faktlar bir daha onu sübut edir ki, ümumiyyətlə, məhbuslara insan kimi yanaşmayıblar.

Amma maraqlı məqamlardan biri də odur ki, sovet rəhbərləri bəzi hallarda öz “qayğı”larını məhbuslardan əsirgəməyiblər. Yaxud da yerlərdə məhbuslara qarşı amansız rəftar edənləri cəzalandırıblar.

Belə hadisələrdən biri də 1943-cü ildə baş verib. Xabarovsk ərazisində yerləşən düşərgədə baş verən yanğın Kremldə ciddi müzakirələrə səbəb olub. Belə ki, yanğın zamanı iki barakda 436 nəfər yanaraq külə dönüb. “QULAQ” struktur kimi “NKVD”-nin tabeliyində olduğundan hadisə ilə bağlı ilk olaraq Lavrenti Beriyaya məruzə edilib. Eyni zamanda Xabarovsk diyar Partiya Komitəsindən də baş vermiş yanğınla bağlı Stalinə yazılı arayış təqdim edilib.

pozhar-v-shelehovskom-rayone_16466607391418955789__2000x2000.jpg (59 KB)

Beriya məsələni araşdırmaq üçün İslah Əmək Düşərgələri Baş İdarəsinin rəisi Viktor Nesedkini təcili olaraq Xabarovska ezam edib. Bir neçə günlük araşdırmadan sonra Beriyaya məlumat verilib ki, baraklar elektrik naqillərinin nasazlığı ucbatından yanıb. Bu fakt Beriya üçün inandırıcı görünməyib. Məhz elə bu araşdırmalar zamanı Stalin Beriyanı yanına dəvət edib:

-Lavrenti Pavloviç, cəbhə bölgələrində yanğınların alman hücumlarından baş verdiyini biz bilirik. Bəs, Xabarovskda yanğını kim törədib? Siz tabeliyinizdə olan qurumlara tam nəzarət edə bilirsinizmi? Düşərgədəki yanğının səbəbini araşdıra bilmisinizmi? Burada söhbət 436 nəfərin həyatından gedir. Onlar diri-diri yanıblar.

Stalinin bir az əsəbi, bir az da istehzalı sözləri Beriyaya pis təsir edib:

-Yoldaş Stalin, biz məsələni araşdırmışıq və hər şey ciddi nəzarətimizdədir. Baraklardakı elektrik naqillərində nasazlıq olub. Mən göstəriş vermişəm, düşərgədə bütün naqillər dəyişdiriləcək.

Bu izahatdan sonra həmişə təmkinli olan Stalin əsəblərini cilovlaya bilməyib, əlini masaya çırparaq kürsüdən qalxıb:

-Lavrenti, mən sənə sual verdim, sən tabeliyində olan qurumlara nəzarət edə bilirsənmi? Sən isə mənə nağıl danışırsan. Hansı elektrik naqillərindən söhbət gedir? Yanan baraklarda ümumiyyətlə, nə işıq, nə də elektrik naqili olmayıb.

Sonra Stalin masanın üstündəki qovluğu Beriyanın qarşısına atıb:

-Buyur, tanış ol. Xabarovskun birinci katibinin yanğınla bağlı araşdırdığı materiallardır.

Stalin_in_March_1935.jpg (85 KB)

Xabarovsk diyar Partiya Komitəsinin birinci katibi Gennadi Borkov müvafiq sənədlərlə yanaşı Stalinə məktub da ünvanlayıb:

“Yoldaş Stalin, ərazimizdə olan düşərgə ilə bağlı dəfələrlə “NKVD” rəhbərliyinə və Mərkəzi Komitəyə müraciətlər ünvanlamışam. Təəssüf ki, həmin müraciətlərə heç bir reaksiya verilməyib. Nəzərinizə çatdırmaq istəyirəm ki, düşərgədə özbaşınalıq, qanun pozuntuları baş alıb gedir. Məhbusların işgəncədən, aclıqdan, adi xəstəliklərdən ölümü adi hala çevrilib. Baraklarda baş verən yanğın isə qəsdən törədilib. Diqqətinizə çatdırım ki, düşərgədəki 4 barakda ümumiyyətlə nə elektrik xətləri var, nə də işıq. Yanğını düşərgə rəisi ilə nəzarətçilər qəsdən törədiblər. Onlar sərxoş vəziyyətdə eksperiment aparmaq qərarına gəliblər, “yanğın zamanı məhbuslar özlərini müdafiə edə biləcəklərmi” eksperimentini. Bu da son nəticə. Xahiş edirəm düşərgədə qayda-qanun yaratmaq üçün təcili tədbirlərin görülməsini göstəriş verəsiniz...”

Beriya sənədlərlə tanış olduqdan sonra düşərgə rəhbərliyi Moskvaya çağırılıb. “NKVD” şefi düşərgənin rəisi Aleksandr Boykonu elə kabinetində gülləyib. Digər 7 nəfər isə yenidən Xabarovska göndərilib. Amma düşərgə əməkdaşı kimi deyil, məhbus kimi...

İlham Cəmiloğlu, Musavat.com  

 

12.07.2024 14:51
2331