4 il davam edən çıxarış davası bitdi

Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir məhkəmə aktı qəbul edib.

Bu məhkəmə aktını həm də, Azərbaycan məhkəmələrində iş yükünü azaldacaq qərar adlandırmaq olar. Bu gün məhkəmələrdə vətəndaşların mülkiyyət hüquqları ilə bağlı minlərlə iddia var və həmin iddialar üzrə məhkəmə çəkişmələri illərlə davam edir. Beyləqanda bir əmlaka çıxarış verilməsi ilə bağlı qaldırılan iddia da 4 il Azərbaycan məhkəmələrində çəkişmə mövzusu olub və nəhayətdə Ali Məhkəmədə məsələyə nöqtə qoyulub.

Musavat.com xəbər verir ki, Ali Məhkəmədə daşınmaz əmlakın dövlət reyestrini aparan inzibati orqana qarşı "çıxarışın verilməsi" tələbinə dair inzibati işə baxılıb.

İşin hallarına görə, iddiaçı reyestr vəsiqəsi və texniki pasport aldıqdan sonra ərizə ilə daşınmaz əmlakın dövlət reyestrini aparan inzibati orqana müraciət edərək Beyləqan şəhərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edib. Cavabdeh müraciətin təmin olunmasından imtina edib. İmtinanı belə əsaslandırıb ki, qeyd olunan daşınmaz əmlaka dair qeydiyyat vəsiqəsinin hazırlanmasına əsas olmuş hər hansı bir hüquq müəyyənedici sənəd idarənin arxiv əsaslarında aşkarlanmayıb.

Bundan başqa, müraciətdə göstərilən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrini aparan inzibati orqanın balansında olan dövlət əmlakına aid olduğu müəyyən olunub.

İddiaçı məhkəməyə müraciət edərək Beyləqan rayonunda onun adına bütövlükdə özəlləşən fəhlə yeməkxanası və onun torpaq sahəsinə cavabdeh tərəfindən dövlət reyestrindən çıxarışın verilməsinə dair qərar çıxarılmasını xahiş edib. Birinci instansiya məhkəməsinin 31 may 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin olunub, cavabdehin üzərinə qeyri-yaşayış binasına (yeməkxanaya) iddiaçının adına müvafiq orqan tərəfindən verilmiş qeydiyyat vəsiqəsi və texniki pasporta uyğun hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulub. İddia qalan hissədə təmin edilməyib. Birinci instansiya məhkəməsi hesab edib ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində qeydiyyat vəsiqələri mülkiyyət hüququnun qeydiyyata alınması əsas hesab olunduğundan, hazırda qüvvədə olan və hər hansı qaydada ləğv olunmamış 2005-ci il 22 mart tarixli qeydiyyat vəsiqəsi və texniki pasport Beyləqan şəhərində yerləşən qeyri-yaşayış binasının dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəddir. Ona görə də iddiaçıya məxsus yeməkxananın cavabdeh tərəfindən qeydiyyata alınması məqsədə müvafiqdir. Lakin iddiaçı Beyləqan şəhərində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ona məxsus olmasına dair məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim etməyib.

Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş edib. Apellyasiya instansiya məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşıb.

Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş edib. 3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidməti kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş edib.

Kassasiya instansiya məhkəməsi qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilib, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunub. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edib ki, iddiaçının tələbi üzrə daşınmaz əmlakın reyestrində əmlakın qeydiyyata alınması ilə əlaqədar qanunvericilikdə konkret şərtlər öz əksini tapıb.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, əmlakın reyestrdə qeydiyyata alınması üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri olmalı, əlavə olaraq torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan və cizgisi, həmçinin dövlət rüsumunun ödənilməsi ilə bağlı sənəd təqdim olunmalıdır.

Kollegiya qeyd edib ki, hazırkı mübahisəyə münasibətdə həlledici amil kimi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat çıxış edir. Belə ki, iddiaçının adına Beyləqan şəhəri SMD-42 qəsəbəsində yerləşən qeyri-yaşayış binasına 22 mart 2005-ci il tarixli Qeydiyyat vəsiqəsinin və Texniki pasportun verilməsinə dair dövlət reyestr kitabında qeydiyyat mövcuddur. Həmin qeydiyyatın mövcudluğunu cavabdeh də təsdiq edir. Bu halda Mülki Məcəllənin 140-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

Məhkəmə kollegiyası hesab edib ki, belə vəziyyətdə Mülki Məcəllənin 140-cı maddəsinə istinadla reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası əsas götürülməklə iddiaçının qeydiyyat vəsiqəsinin mötəbərliyi və onun əsasında hüququn qeydə alınmalı olduğu təsdiq edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.5-ci maddəsi iddiaçının tələbini təmin etmənin qanuni əsasını təşkil edir. Həmin maddəyə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas təşkil edir.

Kassasiya şikayətlərinin əsas dəlilləri həm də ondan ibarət olub ki, iddiaçının adına mübahisəli əmlaka dair daşınmaz əmlakın dövlət reyestr kitabında qeydiyyat mövcud olsa da, həmin qeydiyyatın hansı hüquq müəyyənedici sənədlər əsasında aparıldığına dair sənədlər arxivdə aşkar edilməyib, eləcə də iddiaçı daha sonra həmin əmlakın özəlləşdirilməsi ilə bağlı keçirilmiş hərracda iştirak edib, hərracın nəticələrinə əsasən müəyyən məbləğdə vəsait ödəsə də, əmlakı tam mülkiyyətinə keçirmək üçün tələb olunan bütün məbləği sonradan ödəməyib.

Qeyd edilən dəlilləri kollegiya aşağıdakılara əsasən əsassız hesab edib. Yuxarıda da göstərildiyi kimi, həlledici olan reyestr kitabındakı qeydiyyat və onun yaratdığı hüquqi nəticələrdir. Sözügedən qeydiyyat mülkiyyət hüquqlarını qeydə almağa səlahiyyətli orqan tərəfindən aparıldığına görə qeydiyyatın aparıldığı vaxt buna əsas verən sənədlərin mövcud olduğu “a priori” qəbul edilməlidir. Digər tərəfdən, qeydiyyatın aparılmasına dair sənədlərin saxlanılmasını təmin etmək ilk növbədə qeydiyyatı aparan orqanın borcudur. Odur ki, cavabdeh qeydiyyatın aparılmasına dair sənədlərin saxlanılmadığı halına öz xeyrinə istinad edə bilməz, eləcə də həmin sənədlərin saxlanılması yükü iddiaçının üzərinə qoyulmaqla bu hala istinadla hüququn qeydə alınmasından imtina oluna bilməz. İddiaçının hərracda iştirak etməsi də, vəziyyəti onun ziyanına dəyişmir. Belə ki, qeyd edilən hərrac reyestr kitabında iddiaçının adına qeydiyyat olduğu halda aparılmışdır. Həmin qeydiyyat və onun qanunvericiliklə qorunan hüquqi nəticələri davam etdiyi halda, iddiaçı hazırkı tələblə çıxış etməkdə haqlıdır.

Kollegiya hazırkı mübahisəyə münasibətdə həmçinin aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Qeydiyyat orqanı maraqlı şəxsin adına müvafiq reyestr kitabında olan qeydiyyatın qanunsuz və ya əsassız aparıldığını sonradan aşkar etdikdə, prinsipcə, həmin qeydiyyatın ləğvi və ya onun düzəlişlər etmək hüququna malikdir. Lakin bu zaman inzibati orqan həm də, qanunvericilikdə nəzərdə tutulmuş tələblərə və təminatlara riayət etməlidir. Həmin məsələ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun normaları nəzərə alınmaqla həll edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlar inzibati orqanların faktiki xarakterli hərəkətlərini təşkil edirlər. Odur ki, inzibati aktların ləğvi və ya dəyişdirilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş müddəalar müvafiq olaraq inzibati orqanların faktiki xarakterli hərəkətlərinə münasibətdə də eyni qaydada şamil olunmaqla tətbiq edilməlidir.

İnzibati orqan, reyestrdə aparılmış qeydiyyatı ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində aparılmış qeydiyyatın ləğvi əsaslarının və şərtlərinin, eləcə də ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qeydiyyatı ləğv edərək həmin qeydiyyatın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsləri icraata cəlb etməyə və onların dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qeydiyyat aparmağa borcludur.

“İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər bir tərəfdən dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Beləliklə, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğvi və dəyişdirilməsi məsələsi qeydin əsasını təşkil edən hüquq müəyyənedici sənədlərin mübahisələndirilib-mübahisələndirilmədiyi də nəzərə alınmaqla “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada həll olunmalıdır. Qeydin ləğvi və ya dəiyşdirilməsi ilə bağlı məsələyə baxarkən həm də “İnzibati icraat haqqında” Qanunun 67 və 68-ci maddələrinin normaları da nəzərə alınmalıdır.

Qeyd edilənləri nəzərə alaraq, cavabdeh inzibati orqan və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməyib, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

20.08.2024 12:36
1045