“4 ayını itirən Ankara Şuşadan onlara DƏRS verəcək, Moskva isə...” – SENSASİON DETALLAR

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Türkiyənin Şuşada konsulluğunun açılması Bakı ilə Ankaranın səlahiyyətində olan məsələdir.

Rəsmi Moskva bu bəyanatında nə qədər səmimidir? Rusiya Şuşada Türkiyə konsulluğunun açılmasına maneə yarada bilərmi?

Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, Rusiya bu məsələdə səmimi deyil.

aziz.jpeg (273 KB)

Siyasi şərhçi əlavə edib ki, Rusiyada bu bəyanatı verdirəcək bəzi yanaşmalar var:

“Çünki tərəf Türkiyədir. Son 1-2 gün ərzində Türkiyə xarici siyasətində NATO-ya yönəlik verilən bəyanatlara diqqət etsəniz, çox ciddi nüansların meydana çıxdığını görəcəksiniz. Bir növ son 20 ildə ortada NATO-nun Türkiyəyə ehtiyacı olmadığı arqumentini doğuran vəziyyət var idi. Ukrayna müharibəsi “NATO-nun Türkiyəyə ehtiyacı var” arqumentini doğurdu.

Digər tərəfdən, Amerikanın Türkiyə ilə hesablaşmaq üçün Yunanıstanı ciddi cəhdlə silahlandırıb Türkiyənin regional iddialarının qabağına bir balanslaşdırıcı güc kimi çıxarmağa çalışması, əsas gözünü Sakit okean hövzəsinə dikməsi və orada Çinlə hesablaşması prioritet kimi ortaya çıxır. Görünən odur ki, qarşıdakı 5-10 il ərzində Türkiyə ilə ciddi şəkildə məşğul ola bilməyəcəklər. Bu, Türkiyəyə imkan verir ki, regional gücləndirmə siyasətini artırsın. Burada dərhal Rusiya ilə Türkiyənin əməkdaşlıq perspektivləri artır. Bu mənada Türkiyənin Şuşada konsulluq açma məsələsinə Rusiyanın mövqe bildirməsi maraqlı idi. İkincisi, onsuz da Türkiyə bu konsulluğu açacaq. Ona görə də Rusiyanın qeyri-səmimi yanaşması prosesi həll edə bilməz. Rusiya Şuşada Türkiyə konsulluğunun açılmasına maneə yarada bilməz. Əvəzində adekvat olaraq Ukraynada və ya Suriyada hansısa güzəştlərdən yararlanmağa çalışacaq”.

Ekspert bildirib ki, Türkiyənin Şuşada konsulluq açması avtomatik şəkildə Şuşa Bəyannaməsinin real icrasının bir detalı olacaq:

“Ankara Şuşada olacaq, oradan mesaj verəcək ki, Türkiyə davamlı şəkildə artan təxribatlara, silahlı hədələrə qarşı gecikməməlidir. Türkiyə 4 ayını zəlzələ və seçki proseslərinə görə itirib. Dərhal o dönəmi də kompensasiya etmək lazımdır. Həmin 4 ayın artan İran, Hindistan, Ermənistan, Fransa hədəsi fonunda baş mesaj Şuşa Bəyannaməsi kontekstində Türkiyənin Şuşada yerləşməsi olmalıdır. Ona görə də kiminsə Türkiyənin qarşısını ala bilmə ehtimalı çox aşağıdır”.

Aytən Novruz
Musavat.com

22.06.2023 14:30
3680