35 ildən sonra xatırlanan ACI FACİƏLƏR: "Altı nəfər erməni qapını qırdı, sonra..." - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Vedibasar mahalının, Vedi (Ararat) rayonunun Xalisa kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Musavat.com xəbər verir ki, verilişdə Xalisa kəndinin etnoqrafiyası, toponimi, tarixi, əhalisi, relyefi, iqtisadi, mədəni həyatı, atət-ənənələri və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, Xalisa İrəvan quberniyasının eyniadlı qəzasında, indi Vedi (Ararat) rayon mərkəzindən 10 kilometr cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. Adı Qafqazın beş verstlik xəritəsində qeyd edilib. Toponimi “dövlət torpağı, dövlətə məxsus olan yer” mənasında işlənən ərəb mənşəli xalisə sözündən əmələ gəlib.

Qeyd olunub ki, kənddə 1831-ci ildən 1988-ci ilədək azərbaycanlılar yaşayıblar:

"1918-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən vəhşicəsinə, qırğınlarla qovulub. İran və Türkiyədən köçürülən ermənilər bu kəndə də yerləşdiriliblər. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə qayıdıblar. Nəhayət, 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar tamamilə Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunublar. İndi burada yalnız ermənilər yaşayırlar".

Süjetdə, həmçinin 1988-ci il noyabrın 30-da Vedibasarın Xalisa kəndində ermənilərin ağlasığmaz qeyri-insani davranışlarından, talanlarından, dinc azərbaycanlılara qarşı xüsusi qəddarlıqlar və amansızlıqlarından bəhs olunur.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı "Baku" TV-nin süjetində:

07.01.2024 02:37
1355