İllərdir yarım qalan arzular, edilən dualar artıq gerçək olub. İşğaldan azad olunan yurd yerlərimiz doğma sakinlərinə qucaq açıb. Böyük Qayıdış azad Laçına da davam edir. İndi Laçında məskunlaşan həmyerlilərimiz 31 illik Vətən həsrətini geridə qoyub yeni firavan həyatlarına davam edirlər.
Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, Laçına qayıdan ailələrdən biri də Dostuyevlər ailəsidir. Onlar üçüncü köç karvanı ilə, yəni, bu il iyunun 19-da doğma yurd yerlərinə dönüblər.
İyunun 25-də növbəti köç karvanı ilə doğma ocağa qayıdan laçınlıların evlərində məskunlaşmasını lentə alarkən Dostuyevlərin həyətində kəsilən heyvan diqqətimizi çəkdi. Elə çəkilişlərimizi bitirər-bitirməz üz tutduq Dostuyevlər ailəsinin həyətinə.
Salamlaşdıqdan sonra ailə başçısı Qardaşxan Dostuyevlə həmsöhbət olarkən məlum oldu ki, kəsilən heyvan düz 31 il öncə deyilən qurbanlıqdır. Hər kəlməsində sevinc hissləri sezilən Qardaşxan əmi yenidən doğma yurduna qovuşmağın hansı hisslər ifadə etdiyini anlatdı:
"Şükürlər olsun Tanrıya, biz Laçınımıza qayıtmışıq. Bizim illərdir etdiyimiz dualar qəbul olub, çəkdiyimiz həsrət bitib, arzularımız gerçəkləşib. Bu günləri bizlərə bəxş edən Ali Baş Komandan və güclü, rəşadətli ordumuzdur. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Var olsun qüdrətli Azərbaycan Ordusu! Bu gün beş gecədir doğma yurdumda yuxuya gedirəm. Buraya gələndən hətta xəstəliklərim də sanki yoxa çıxıb. Hər gün qəbul etdiyim şəkər və təzyiq üçün olan dərmanları da artıq qəbul etməyə gərək qalmayıb. Laçına qovuşmaq sanki bizi yenidən dünyaya gətirib.
Laçın işğal olunanda biz buranı tərk etməli olduq. Həmin vaxt Laçına dönməyimiz üçün qurban demişdim. Bu gün bizə qismət oldu, dediyimi qurbanı doğma Laçınımda və öz evimdə kəsdim. Tanrı bütün edilən duaları, kəsilən qurbanları qəbul etsin. Biz bir an belə ümidimizi itirmədik, səbir etdik və bu gün Laçına qovuşmuşuq. Əminik ki, bundan sonra da Laçında xoşbəxt günlərimiz, firavan həyatımızı yaşayacağıq. Burada dövlətin qayğısını hər an hiss edirik. Laçınımız bizi daha gözəl, daha abad şəkildə qarşılayıb”.