“İllərdir ki, 3 xəstə uşağa qulluq edirəm. 15 yaşlı qızım Filiz miopatiya, 8 yaşlı əkiz oğlanlarım Həsən və Hüseyn isə anadangəlmə ürək qüsurundan əziyyət çəkir. Hər ay uşaqların müalicəsinə 2 min manata yaxın xərc çəkirik. Evimizi, maşınımızı satmışıq, artıq satmağa heç nəyimiz qalmayıb”.
Bu sözləri Musavat.com-a uşaqların anası Rəmziyyə Cəfərova deyib.
O bildirib ki, həyat yoldaşı Daşdəmir Cəfərov 17 ildir hərbçidir və hazırda da işğaldan azad olunmuş ərazilərdə qulluq edir. Rəmziyə Cəfərova deyir ki, ailədə yeganə işləyən şəxs həyat yoldaşı olduğundan aldığı maaş uşaqların müalicəsi, qida və kirayə xərclərini qarşılaya bilmir: “Həyat yoldaşım peşəkar hərbçidir, ömrünü Vətənə xidmətə həsr edib. Vətən müharibəsində də iştirak edib. İndiyə qədər qüsursuz xidmətinə görə bir neçə dəfə təltif olunub. Amma aldığı maaşla uşaqlarımızın aylıq müalicəsini çatdıra bilmirik. Dörd övladım var, onlardan yalnız biri sağlamdır. Qızım çox çətinliklə yeriyir, daimi müalicəyə ehtiyacı var. Oğlanlarım yol gedə bilmirlər, çox əziyyət çəkirlər. Qışda da evdə sərinkeş yandırırıq ki, hava ala bilsinlər. Dodaqları göyərir, təngnəfəs olurlar… Hazırda Sumqayıtda kirayədə yaşayırıq. Kirayə pulunu ödəməyə belə gücümüz çatmır”.
Rəmziyyə Cəfərovanın sözlərinə görə, qızının sağalması mümkün deyil.
Digər uşaqların isə müalicəsi yalnız ölkə xaricində mümkündür:
“Uşaqlar hər dəfə sual verirlər ki, ana, biz nə vaxt sağalacağıq? Bilmirəm onlara nə cavab verim. Bütün dövlət qurumlarına müraciət etmişik, bizə rəsmi cavab göndərilib ki, bu xəstəliyin Azərbaycanda müalicəsi yoxdur. Uşaqları Almaniya və İsraildə sağalda bilərlər ki, onun da təxminən 75 min dollara (127 500 manat) yaxın xərci var.
Bank kartı (Kapital bank 5239 1517 0998 7005 ) açmışıq. Bizim müalicəyə gücümüz çatmır. İstəmirik, uşaqlarımız gözümüz qarşısında məhv olsunlar. Biz onların böyüyüb əsgər getmələrini istəyirik. Uşaqlarımızın şəhid olmasına razı olarıq, amma istəmirik ki, onlar xəstəlikdən ölsünlər. Bütün yardımsevər insanlara üzümüzü tuturuq, kimin nəyə gücü çatır, uşaqlarımıza kömək edin”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com