3 min şəhid haqqında məqalə Vikipediyadan buna görə silinibmiş

Xəbər verdiyimiz kimi, aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantların da olduğu 3 min şəhid məqaləsi vikipediyadan silinib.

Musavat.com xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas məlumat paylaşıb. O bildirib ki, müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediyaçılar tərəfindən silinib və buna səbəb kimi şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğu əsas gətirilib.

Fərid Pərdəşünas bu barədə növbəti paylaşım edib. O yazıb:

perdesunas.jpg (31 KB)

“İllərin vikipediaçısı, hazırda Azərbaycan dilində olan vikipediayada inzibati şəxslərdən biri Ramiz Rövşənin oğlu açıqlama yayıb, mətn aşağıdadır. Bu bir daha təsdiq edir ki, idarəçilərdən bəziləri qruplaşma yaradıb, şəhid məqalələrinə hücum ediblər. Bu arada Rövşən bəy öz vikipediya statusunu da riskə atıb, belə şəffaf açıqlama yayıb. Böyük ehtimal onu da vuracaqlar.

Sitat: Azərbaycanca vikipediyada şəhidlərimiz haqqında məqalələrin silinməsi ilə bağlı mənə də çox sayda tanış-biliş suallar ünvanlayır. Mən 2007-ci ildən azərbaycanca vikipediyanın idarəçilərindən biriyəm. Amma son 3-4 ildə azərbaycanca vikipediyada olan haqsızlıqlar heç bəlkə onun buna qədər bütün tarixində olmayıb. Dəfələrlə vikipediyanın özündəki müzakirələrdə bu haqda yazdığıma, hətta müəyyən məsələlər haqqında “525-ci qəzet”ə bir müddət qabaq açıqlama verdiyimə görə, burada da bununla bağlı qısaca yazacağam.

Təəssüflər olsun ki, son bir neçə ildir azərbaycanca vikipediyada bir qruplaşma yaranıb, o qruplaşmanın təmsilçiləri səsvermələrin nəticələrinə təsir edə biləcək səviyyədə azviki idarəçilərinin sıralarına da sızıblar. Qruplaşmaya daxil olmayan inzibatçıların müəyyən hissəsini səsvermə yolu ilə idarəçilikdən uzaqlaşdıra biliblər. Yəni o qruplaşma hazırda azvikidə həll edir ki, hansı vikipediyaçı bloklansın, kim azvikinin idarəçisi olsun, hansı məqalə silinsin, hansı məqalə qalsın və s. Aktiv vkipediyaçılar da bilir ki, bu qruplaşmaya ən böyük etiraz edənlərdən biri mənəm, məni də uzaqlaşdırmaq üçün gah səsvermə keçirirlər, gah müzakirə açırlar – hələ ki, bir şey çıxmır, çünki azərbaycanca vikipediyada hələ müəyyən qədər bitərəf, qruplaşma üzvü olmayan vikipediyaçı var.

Amma bitərəf vikipediyaçıları bir az da “seyrəldəndən” sonra bu istəklərinə də nail olacaqlar. Məqalə silinməsinə gəldikdə - o qədər gərəkli məqalə siliblər ki... Şairlər, yazıçılar, alimlər, jurnallar, qəzetlər haqqında... Birinə yazırsan ki, bunu belə etməyin, silməyin, 5-i birdən tökülüşüb gəlir ki, vikipediya prinsipinə görə bu silinməlidir. Son vaxtlar azərbaycanca vikipediyada qəbul olunan müəyyən prinsipləri, xüsusilə də administrativ alətlərin idarəsi ilə bağlı olan prinsipləri də öz istəklərinə uyğunlaşdıra biliblər. Adam illərlə zəhmət çəkib yazdığı məqalələrin bir anda silindiyini görəndə əlbəttə ki, həvəsdən düşür. Ona görə mən son vaxtlar çiçək-böcək haqqında məqalələri redaktə edirəm, çünki istənilən bitki və heyvan növü ensiklopedik sayılır, bu, ümumvikipediya prinsipidir. Amma məsələn, bizim “ağıllı” vikipediyaçılar bir prinsip quraşdırıb Səməd Vurğunu da qeyri-ensiklopedik şəxs çıxara bilərlər. Bir də ki, məqalələrini sildirdikləri alimləri, ziyalıları tanısaydılar, jurnalları, qəzetləri oxusaydılar, nədənsə xəbərləri olmuş olsaydı dərd yarıydı. Nəsə.. Son vaxtlar azvikidə gedən proseslərlə bağlı sadəcə 3 kəlmə deyə bilərəm. Təəssüf... təəssüf və təəssüf...”

Musavat.com Vikipediya könüllülərindən biri ilə əlaqə saxlayıb, məsələyə aydınlıq gətirməyə çalışıb. Nəriman Məmmədov saytımıza açıqlamasında vəziyyəti belə izah edib:

“Vikipediya ilk öncə ensiklopediyadır. Ensiklopediyanın da öz tələbləri olur. Necə ki, Böyük Sovet ensiklopediyasında İkinci Dünya müharibəsi zamanı həlak olanlar barədə və ya Milli Ensiklopediyada Birinci Qarabağ müharibəsi zamanı şəhid olanlar barədə tək-tək məqalə yoxdur. Ümumiyyətlə heç bir ensiklopediyada bunu görə bilməzsiniz. Ensiklopediyanın məqsədi bəlli olmasaydı onda gərək Vyetnam müharibəsində, Türkiyə İstiqlaliyyət mübarizəsində və ya elə iki dünya müharibəsində həlak olanların hamısı barədə fərdi məqalələr yazılardı. Məqalələr Vikipediyanın ensiklopediklik tələblərinə cavab vermədiyi üçün silinib. Təbii ki, yüksək rütbəlilər, yüksək fəxri adı və ya mükafatı olanlar (məsələn, Mübariz İbrahimov, Polad Həşimov) barədə məqalələr saxlanılıb, çünki onlar tələblərə cavab verirlər. İndiyə kimi niyə saxlanmışdı bəs deyirsinizsə, məqsəd Vikipediyanın körpü rolunu oynaması idi. Bu məlumatlar elə birinci Vikipediyaya yerləşdirilib, daha sonra digər saytlara. Məzmun artıq digər saytlarda (unudulmazlar.az,memorial.az kimi) artıq mövcuddur.

Təəssüflər olsun ki, bəzi şəxslər şəhid məqalələrinin adından öz məqsədləri üçün istifadə edir. Buna indi post yazanlar da daxildir, vaxtilə Vikipediyada məqaləni yazanlar da. Yüzlərlə şəhid məqaləsi var idi ki, səhv məlumatlarla doldurulmuşdu. Misal üçün 18 yaşlı şəhidimizə "hərbi hissə komandirinin müavinidir" yazmışdılar. Bu kimi səhv məlumatlar çoxdur və əsasən şəhid adından istifadə edib özünə PR qazanmaq istəyənlər tərəfindən yazılırdı. Şəhid adından istifadə edib Vikipediyaçıları daş-qalaq edən həmin şəxslərə məsləhətim odur ki, arada bir şəhid ailələrinin vəziyyəti, özünü yandıran qazilər barədə də yazsınlar. Əsas bunu ictimailəşdirsinlər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

13.09.2024 11:48
975