3 il əvvəl Azərbaycanı hədələyən iranlı general ÖLDÜRÜLDÜ

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Abbas Nilforuşan İsrailin Livanda həyata keçirdiyi kütləvi aviazərbələr zamanı öldürülüb.

Musavat.com xəbər verir ki, Yaxın Şərq mənbələrinə görə, general hücum zamanı Hizbullah qərargahında olub.

Nilforuşanın ölümü ilə bağlı xəbərlər İsrailin Livandakı Hizbullah strateji hədəflərinə silsilə irimiqyaslı hücumlarından sonra ortaya çıxıb.

Təsdiqlənməmiş məlumata görə, Abbas Nilforuşan regionda iranpərəst qüvvələrin hərəkətlərini koordinasiya edib və Tehranın Hizbullaha dəstək strategiyasının əsas fiqurlarından biri olub. Onun qərargahda olması həm hərbi dairələrdə, həm də Yaxın Şərqdəki münaqişələri izləyən analitiklər arasında ciddi rezonansa səbəb olub.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Əməliyyat Komandanlığının komandir müavini general Sərdar Abbas Nilforuşan 2021-ci ilin oktyabrında Araz çayı sahilində keçirilən iri təlim zamanı Azərbaycanı hədələyib. Daha sonra o, Azərbaycanı işarə edərək demişdi ki, İsrail “bəzi qonşu ölkələrdə iqtisadi fəaliyyət adı altında İranla bağlı kəşfiyyat məlumatları toplamağa çalışır”.

Şahanə Rəhimli
Musavat.com

28.09.2024 17:58
2644