3-cü Reyxin “boz kardinalı” – O, Hitlerin 194 kiloqram qızılını götürməkdə şübhəli bilinib...

Adı 20-ci əsr Almaniya tarixinə ən müəmmalı və “qaranlıq” simalardan biri kimi düşən Martin Bormanı 3-cü Reyxin “boz kardinalı” adlandırıblar.

Borman Adolf Hitlerin ən yaxın silahdaşlarından biri olub. Nasist partiyasının kargüzarlıq rəhbəri, eyni zamanda Hitlerin şəxsi katibi, o cümlədən partiya məsələləri üzrə nazir vəzifəsini daşıyan Bormanın vəzifə funksiyaları füreri bütün sahələr üzrə məlumatlandırmaq, qərarların qəbul edilməsi üçün layihələr təqdim etmək, ən başlıcası isə Hitleri rəsmi və qeyri-rəsmi görüşlərdə, tədbirlərdə müşayiət etməkdən ibarət olub.

Martin Borman 1900-cü ildə Almaniyanın Hannover şəhərində anadan olub. Çox erkən yaşlarında atasını itirdikdən, anası ikinci dəfə ailə qurduqdan sonra Borman ailədə ona göstərilən soyuq münasibətə görə orta təhsilini yarımçıq qoyaraq ətraf kəndlərdə fermalarda işləməyə başlayıb.

1918-ci ildə Borman hərbi xidmətə çağırılaraq Birinci Dünya müharibəsində iştirak edib. Ordudan tərxis olunduqdan sonra o, bir müddət kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olub.

MARTİN.jpg (95 KB)

Borman 1920-ci illərin ortalarından nasist partiyasına maraq göstərərək 1927-ci ildə bu partiyanın üzvlüyünə qəbul edilib. İşgüzarlığı, dəqiqliyi, kargüzarlıq işlərindəki səliqəsi və öhdəsinə düşən işi lazımi səviyyədə icra etməsi ilə fərqlənən Borman Hitlerin diqqətindən yayınmayıb. Fürer onu nasist partiyasının kargüzarlığının rəisi vəzifəsinə təyin edib. 1942-ci ildə isə Borman eyni zamanda Hitlerin şəxsi katibi vəzifəsinə də təyinat alıb.

Borman kargüzarlıq aparatının rəhbəri kimi gündəlik olaraq Hitler üçün informasiya xarakterli arayışlar hazırlayıb. O, baş verən hadisələrlə bağlı məlumatları fürerə elə mükəmməl şəkildə təqdim edib ki, Hitler həmin hadisələr haqqında ikinci bir mənbədən əlavə informasiya almağa ehtiyac duymayıb.

Hitlerlə bu cür qarşılıqlı etimad və inamlı münasibətlərdə Borman istənilən bir məsələni özünə sərf edəcək şəkildə həll etməyə nail olub. 3-cü Reyx məmurları Bormanın bu gücünü və səlahiyyətlərini bildiyindən bir çox iş və şəxsi problemlərini məhz onun vasitəsi ilə həll ediblər.

Borman həm də Hitler komandasının ən təhlükəli simalarından biri kimi tanınıb. Kifayət qədər qapalı şəxs olan Borman partiyadaşlarına olan münasibətini heç vaxt açıq şəkildə bildirməyib. Partiyadaxili qruplaşmalarda onun mövqeyini müəyyənləşdirmək mümkün olmayıb.

BORMAN.jpg (44 KB)

Hitler Bormanı bütün ali tədbirlərdə ölkənin ikinci şəxsi kimi təqdim edib. Bu xüsusi təqdimat sayəsində Borman nüfuzlu nasistlərin üzərində özünü daha yüksək ranqda göstərərək Rözenberq, Göbbels və digər yüksəkvəzifəli nasistlərin fikirləri, təklifləri ilə hesablaşmayıb.

Bormanın ziddiyyətli və mürəkkəb bir şəxs olması onun haqqında fərqli fikirlərin səsləndirilməsinə səbəb olub. Bəzi araşdırmaçıların qənaətinə görə, Borman İkinci Dünya müharibəsindən, Almaniyanın qələbəsindən sonra Hitleri devirmək, hakimiyyətə gəlmək planları cızıb. Digər versiyalara görə, Borman SSRİ kəşfiyyatına da işləyib.

Bu və digər versiyaların doğru olub-olmaması hələ də arxivlərdə “məxfi” qrifli qovluqların içərisində saxlanılaraq Bormanı qapalı bir şəxs kimi saxlayır. Amma Bormanın görünən tərəfləri ilə bağlı faktlar da az deyil.

Martin Borman Hitler komandasının, nasist Almaniyasının yeganə şəxsidir ki, 1 oktyabr 1946-cı ildə Nürnberq məhkəməsi onu qiyabi şəkildə ölüm cəzasına məhkum edib.

Almaniyanın müharibədə məğlubiyyətindən sonra Bormanı tapmaq, həbs etmək mümkün olmayıb. Hətta ən yaxın ətrafı belə Bormanın harada olması, necə qaçması, hansı ölkəyə keçməsi haqqında məlumatsız olublar.

Sonuncu dəfə Borman 1945-ci ilin mayın 1-dən 2-nə keçən gecə Hitlerin bunkerində görünüb. Həmin gecə o, xüsusi təyinatlı qrupun mühafizəsi altında bunkeri tərk edərək Almaniyanın qərb hissəsinə doğru gedib.

Belə bir versiya da mövcuddur ki, Borman bunkeri tərk edərkən yolda atılan topların qəlpəsindən həlak olub. Amma fakt budur ki, Bormanın nə özü, nə də meyiti ələ keçib.

BORMAN SON.jpg (113 KB)

Borman haqqında belə bir məlumat da var ki, o, bunkeri tərk edərkən fürerin otağında olan və Hitlerə məxsus olan 194 kiloqram qızıl və zinət əşyalarını da özü ilə götürüb.

Bəziləri onun Argentinaya qaçmasını, bəziləri Amerika Birləşmiş Ştatlarında yaşadığını, digərləri isə sovet kəşfiyyatının əli ilə onun SSRİ-yə keçməsi haqqında fikirlər irəli sürüblər. Hətta versiyaların birinə görə, Borman 1973-cü ilə qədər Moskvada yaşayıb.

Beləliklə, “Boz kardinal”ın siyasi fəaliyyəti kimi sonluğu da müəmmalı yekunlaşıb.

Qeyd edək ki, Bormanın sovet kəşfiyyatı ilə əməkdaşlıq etməsi bir neçə mənbədə qismən təsdiqlənib. Marşal Andrey Yeremenko sonralar yazdığı memuarlarında Bormanın sovet kəşfiyyatı ilə əməkdaşlığını faktlarla qeyd edib və Almaniyanın məğlubiyyətindən sonra onun gizli şəkildə SSRİ-yə gətirilməsini də açıqlayıb.

İlham Cəmiloğlu,
Musavat.com

04.08.2024 12:28
1648