Dünya yenidən gərgin bir dövrə qədəm qoyub. Rusiya hökuməti nüvə sığınacaqlarını təkmilləşdirmək və yenilərini inşa etmək üçün hərəkətə keçib.
Musavat.com "hurriyet.com.tr"yə istinadən xəbər verir ki, bu addım Kremlin geosiyasi gərginliklər fonunda “dünyanı sarsıdan yeni bir müharibəyə hazırlıq” mesajı kimi qəbul edilir. Artıq beynəlxalq arenada “3-cü Dünya Müharibəsi” qorxuları açıq müzakirə olunur.
Rusiyanın nüvə mesajı: təhdid yoxsa qorunma?
Moskva səlahiyyətliləri nüvə sığınacaqlarını modernləşdirmə və əhali üçün daha güvənli yerlər təmin etmə planlarını açıqlayıb. Bu addımın hansı məqsədlə həyata keçirildiyi sual doğurur. Qərb analitikləri bunu Rusiya tərəfindən edilən bir növ təhdid jesti kimi qiymətləndirir, Kreml isə bu addımı sadəcə “təhlükəsizlik tədbiri” kimi təqdim edir.
Qərbin cavabı: soyuq müharibə təzələnirmi?
Qərb ölkələri, xüsusilə ABŞ və NATO-nun baş katibi Yens Stoltenberq, Rusiyanın bu addımlarını diqqətlə izlədiklərini açıqlayıblar. Stoltenberq bildirib ki, Qərb tərəfi hər hansı təhlükəyə qarşı hazırlıqlı olmalıdır. Bu açıqlamalar yeni bir soyuq müharibə dalğasının yaxınlaşdığına dair siqnallar verir.
Nüvə sığınacaqları: tarixdən gələn qorxu
Rusiyanın nüvə sığınacaqları layihəsi, Soyuq Müharibə dövründəki kimi böyük miqyaslı layihələri xatırladır. Həmin dövrdə ABŞ və SSRİ arasında davam edən “silahlanma yarışı” milyonlarla insanın sığınacaqlarda gizlənmək qorxusunu reallığa çevirmişdi. İndi isə eyni səhnə 21-ci əsrdə yenidən canlanır.
Dünya haraya gedir?
Ekspertlər hesab edir ki, geosiyasi gərginliklər daha da artarsa, bu yalnız Rusiyanın deyil, digər ölkələrin də oxşar addımlar atmasına səbəb ola bilər. Çin, ABŞ, hətta Avropanın iri dövlətləri bu yarışa qoşula bilər. Belə bir ssenari isə dünyanın müharibə astanasında olduğunu göstərir.
Bütün bunlar dünyanı növbəti böyük müharibəyə yaxınlaşdırırmı? Yoxsa bu sadəcə bir təxribatdır? Hazırda heç kəs bu suallara qəti cavab verə bilmir. Amma bir şey dəqiqdir ki, dünya təhlükəli və qeyri-müəyyən bir dönəmə daxil olub.
Musavat.com üçün,
R.Abbasov