“3,5 ildir ki, biz şərti sərhəddə yerləşmişik. Düşünürəm ki, Ermənistanın Azərbaycanla şərti sərhədə hərbi texnika yığmasının arxasında hansısa planlar var, gərginliyə doğru aparacaq addımlara hazırlaşırlar”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, ritorikada da müəyyən dəyişikliklər var:
“O biri tərəfdən beynəlxalq səviyyədə müəyyən aktivlik müşahidə olunur ki, bunun da lokomotivi Fransaya aparır. Bu aktivlik Brüssel görüşünə gətirib çıxarıb. Ermənistana maliyyə ayrılıb. Bu, maliyyə yardımından çox siyasi dəstək deməkdir. Onsuz da indiyə qədər Ermənistanı sürətlə silahlandırırdılar, indi də bu istiqamətdə davam edirlər. Bu o deməkdir ki, Avropa İttifaqı və ABŞ Ermənistanı bir dövlət kimi həm təhlükəsizlik, həm də iqtisadi təhlükəsizlik məsələlərində dəstəkləyir.
Digər tərəfdən, təbii ki, görüşdə hansısa pərdəarxası məsələlər müzakirə olunub.
Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda olması, onlara status verilməsi, müəyyən proseslərin aktivləşdirilməsi gələcək addımlardan xəbər verir.
Bu addımların ilk hədəfi Rusiya, ikinci hədəf isə İrandır”.
Polkovnik bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması Qərbin regionda aktivləşməsi üçün bir vasitədir:
“Bu aktivliyi praktikaya çevirmək üçün regionda gərginlik olmalıdır. Bu gərginlik isə əlbəttə, Azərbaycanla ola bilər. Çünki sərhəd yoxdur. Şərti sərhəd sərhəd deyil, daha çox təmas xəttidir. Onlar müxtəlif təxribatlarla Azərbaycanı cavab tədbirləri görməyə təkid etmək istəyirlər. Belə olduğu halda təbii ki, gərginliyə səbəb var, gərginlik artır.
Təxribatların davam edəcəyi, artacağı istisna edilmir.
Onlara gərginlik fonu lazımdır ki, beynəlxalq institutlar aktivləşsin. Yəni beynəlxalq reaksiya olur, o qurumlar ki, hansısa qüvvələrin, dövlətlərin maraqlarına işləyirlər. Onlar məsələyə obyektiv yanaşmırlar. Bu haqda Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib. Həmin qurumların qəbul etdiyi müxtəlif qətnamələr regiona aid olmayan oyunçular üçün müəyyən şəkildə imkan yaradır ki, onlar burada öz məqsədlərinə nail olmaq, maraqlarını təmin etmək üçün plasdarm yaratsınlar. Bu isə region üçün təhlükədir. Bu durum Azərbaycandan keçəcək orta logistik layihələrin gecikdirilməsi deməkdir”.
Hərbi ekspertin sözlərinə görə, Ermənistan son 3 həftədir ki, Azərbaycanın aktiv əməliyyatlara keçəcəyi barədə kampaniya aparırdı:
“Azərbaycanın atacağı addım Ermənistanın tutduğu mövqedən asılıdır.
Ermənistan Azərbaycanın sərhədyanı yaşayış məntəqələrində dinc əhaliyə hansısa təhlükə yarada biləcək addımlar atarsa, Azərbaycan dinc sakinlərin təhlükəsizliyini təmin edəcək. Bunun üçün bufer zonası yaranmalıdır. Yəni təhlükə mənbəyini geriyə çəkmək üçün hansısa əməliyyatlar aparılsın. Bu əməliyyatlar nəticəsində bufer zonası yaransın və həmin zonadan istifadə edərək yaşayış məntəqələrinin təhlükəsizliyi təmin edilsin. Sülh yoxdursa, bu, müharibə deməkdir. Biz müharibənin passiv fazasındayıq. Ermənistanın təxribatları bizi sülhə yox, hərbi əməliyyatların aktivləşməsinə apara bilər”.
Aytən Novruz
Musavat.com