29 yaşlı Aybəniz Almuradovanın ötən ilin iyununda liposaksiya əməliyyatı zamanı vəfat etməsi ilə bağlı açılan cinayət işinin təfərrüatı məlum olub.
Musavat.com xəbər verir ki, iki uşaq anası Aybəniz Almuradova “Reo-Med” klinikasında əməliyyat edilən zaman dünyasını dəyişib.
Almuradovanın ölümündə həkim Mətanət Eyvazova və anestezioloq Babək Mahmudov ittiham edilirdi.
M.Eyvazova xəstənin ölümündə əli olmadığını, xəstəyə əlini belə vurmadığını demişdi.
İş üzrə əsas təqsirləndirilən şəxs kimi anestezioloq Babək Mahmudov göstərilirdi. Lakin mərhumun ailəsi həkimdən də şikayətçidir.
Musavat.com-un əldə etdi məlumata görə Babək Mahmudov iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Məhkəmənin hökmü ilə B.Mahmudov barəsində 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Mərhumun bacısı Gülər Əliyeva hüquqi varis kimi bildirib ki, B.Mahmudova ağır cəza verilməsini, həkimin də məsuliyyətə cəlb edilməsini istəyirlər.
G.Əliyeva daha əvvəl hadisə ilə bağlı Oxu.az-a açıqlamasında demişdi ki, məsuliyyəti M.Eyvazova daşıyır: “Bacım sosial şəbəkədə tanınan həkim Mətanət Eyvazovaya yazaraq liposaksiya olunmaq istədiyini bildirib. Həkim də cavabında əməliyyatın çox yüngül proses olduğunu bildirərək klinikaya dəvət edib. İyunun 11-də bacım əməliyyat olunmaq üçün anesteziya edilib. Hər şey də bundan sonra başlayıb. Əməliyyat otağında anestezioloq Babək Mahmudov iynəni vurub, iynənin düzgün vurulub-vurulmadığı sual altındadır. Çünki xəstəxananın kameraları sındırılıb.
Ona görə də əməliyyat otağında nə baş verdiyini dəqiq bilmirəm. Xəstəxananın direktoru Əli Hüseynov, anestezioloq Babək Mahmudov və həkim Mətanət Eyvazova - hamısının əli var bu işdə. Bacım komada olanda öyrəndik ki, Mətanət Eyvazovanın heç bir ali təhsili yox imiş. Həmin şəxs lazeroloq işləyirmiş, 6 aydır ki, bu işi kursa gedərək öyrənib. Sadəcə əlində kurs sertifikatı olan bir adam həkim kimi işləyib. Biz ondan diplomunu tələb etdik, gətirmədi. Anestezioloq Babək Mahmudovdan da tələb elədik. Mənə gətirdiyi diplom odur ki, adam müalicə işi üzrə keçən il universitet bitirib. Onun anesteziologiya üzrə heç bir təcrübəsi yoxdur”.
Mərhum Aybəniz Almuradovanın bacısının sözlərinə görə, xəstəxana da qanunsuz fəaliyyət göstərirmiş: “Əli Hüseynov da “Reo-Med” klinikasını qanunsuz işlədirmiş. Binəqədi Rayon Prokurorluğundan bildirdilər ki, bizim o xəstəxanadan xəbərimiz yox idi. Bir ay əvvələ kimi biz o xəstəxananı bağlı bilirdik. Oradan şikayət olunub. Bir xanım əməliyyat olunub, bədənində çürümə gedir.
Bacıma əməliyyat otağında ilkin tibbi yardım göstərilməyib. Süni tənəffüs aparatı olmayıb. Sübutla, faktla bunlar mənim əlimdə var. Digər klinikadan gələn komanda soruşdu ki, niyə bu aparatlara qoşulmayıb? Deyiblər ki, yox idi. Əgər yoxdursa, niyə sən məsuliyyətsizlik edib əməliyyat edirsən? Kimsə bilməsin deyə xəstəxanada 4 saat yubadılıb. Baxıblar ki, əlac yoxdur. Sonra müraciət ediblər. Əvvəlcə başqa klinikaya aparıblar. Daha sonra Neftçilər xəstəxanasına köçürülüb. 21 gün komadan sonra iyulun 2-də vəfat edib. Bildiyimizə görə, həkim hələ də xəstə qəbul edir və əməliyyatlar aparır. Bacımın iki balası yetim qaldı. Hər gün analarını soruşurlar. Nə cavab verəcəyimizi bilmirik. Həmin şəxslər qanun qarşısında cavab verəcəklər”.
İlkin Muradov
Musavat.com