Dörd İlin Xülasəsi: 27 Sentyabrdan sonrakı Yeni Azərbaycan
Vətən müharibəsi yalnız bir hərbi qələbə deyil, həm də milli iradənin və milli ruhun təntənəsidir. 27 sentyabr 2020-ci il tarixində başlayan bu müharibə Azərbaycan xalqının, dünyadakə bütün azərbaycanlıların zehniyyətini dəyişdi. Əgər 26 sentyabr axşamı başqa bir Azərbaycan, başqa bir millət, başqa milli hiss mövcud idisə, 27 sentyabrdan sonra biz tamamilə fərqli bir Azərbaycana, fərqli bir millətə çevrildik. Cəmi 44 gün ərzində Azərbaycan xalqı 200 illik problemini həll etdi, aralıqlarla 115 ildir davam edən sürünən müharibədə qələbə çaldı, tarixi ərazilərini işğaldan azad etdi və öz suverenliyini (mərhələli) bərpa etdi. Prezident İlham Əliyevin dahiyanə rəhbərliyi, uzaqgörən strategiyası və siyasi qətiyyəti sayəsində bu zəfər mümkün oldu.
Prezident İlham Əliyev müharibənin başlanması ilə bağlı 27 sentyabr 2020-ci ildəki çıxışında belə deyirdi: “Biz öz torpaqlarımızda vuruşuruq, biz işğalçı deyilik, biz öz doğma torpaqlarımızı işğaldan azad edirik. Bizim işimiz haqq işidir. Biz qalib gələcəyik!”
Bu sözlər təkcə hərbi strategiyanı deyil, eyni zamanda Azərbaycan xalqının daxili gücünü, milli birliyini və əzmkarlığını ifadə edirdi. 44 günlük müharibə ərzində Azərbaycan Ordusu böyük bir zəfər qazandı və işğal altında olan torpaqlarını azad etdi.
Dörd il öncə başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı altında olan 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Hadrut və digər əraziləri geri qaytardı. Ümumilikdə, 10 mindən çox kvadrat kilometr ərazi işğaldan azad edildi. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatla Azərbaycan müharibənin qalibi oldu və ərazi bütövlüyünü felən və rəsmən bərpa etdi.
Qısa bir müddət sonra isə Azərbaycan sistemli və qətiyyətli strategiya ilə yerdə qalan torpaqlarını - Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd - geri qaytardı, tam və qəti qələbəni təmin etdi. Azərbaycan ordusunun rəşadəti dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.
Geosiyasi Dəyişikliklər və Türk Dünyasının Birləşməsi
Vətən müharibəsinin nəticələri yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqaz regionunun siyasi xəritəsini yenidən cızdı. Ermənistana illər boyu verilən “Dənizdən dənizə Ermənistan” xülyası tarixə qalıcı bir məğlubiyyət kimi həkk olundu. Bunun əvəzinə, iki dənizin çevrəsində yerləşən xalqların Azərbaycanın ətrafında birləşməsi prosesi baş verdi. Dənizdən dənizə Azərbaycan sevgisi, təsiri və heyranlığı quruldu. Türk Dünyasının inteqrasiyası isə bu prosesin ən böyük nailiyyətlərindən biridir. Vətən müharibəsi Türk Dünyası daxilində təşkilatlanma və bir araya gəlmənin əsasını qoydu. Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması məhz bu hərəkatın bir nəticəsi kimi meydana çıxdı.
Xronologiya: 26 sentyabr axşamından 27 Sentyabr sabahına
Dörd il öncə, 26 sentyabr axşamı Azərbaycanda başqa bir əhval-ruhiyyə var idi. Uzun illər davam edən danışıqların uğursuzluğu, atəşkəs rejiminin mütəmadi pozulması və sülh çağırışlarının boşa çıxması ölkədə qəzəb və məyusluq hissi yaratmışdı. Lakin 27 sentyabrda başlayan Vətən müharibəsi ilə hər şey dəyişdi. Azərbaycan xalqı bir millət olaraq ayağa qalxdı, bütün gücünü öz torpaqlarını azad etmək üçün səfərbər etdi.
Prezident İlham Əliyev 27 sentyabrda etdiyi ilk çıxışında demişdi: “Azərbaycan xalqı haqq işindədir. Biz işğalçını torpaqlarımızdan qovmalıyıq və qovacağıq. Biz qalib gələcəyik və torpaqlarımıza geri dönəcəyik.”
Bu qətiyyətli mövqe Azərbaycanın həm hərbi, həm siyasi sahədə güclü olduğunu, beynəlxalq səhnədə öz haqqını tələb etmə əzmində olduğunu göstərdi.
Nəticə: Möhtəşəm Zəfər və Tarixin Yazılması
Azərbaycan xalqı Vətən müharibəsində qazandığı zəfərlə təkcə öz tarixi torpaqlarını geri qaytarmadı, həm də milli iradənin nə qədər güclü olduğunu dünyaya göstərdi. 27 sentyabr hərəkatı tarixdə qalacaq və bu gün bir millət olaraq yaratdığımız uğur, gələcək nəsillər üçün bir örnək olacaq. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin edildi və xalqımızın birliyi hər zaman bu zəfəri xatırladacaq.
Bu Zəfər həm də bizə gələcəyə daha iddialı, daha ümidli baxmaq imkanı, yeni məqsədlər üçün çalışmaq gücü verdi. Bu tarixi nailiyyət Azərbaycan xalqının əzmini və milli iradəsini daha da möhkəmləndirdi.
Azərbaycan xalqının qarşısında görüləcək çox işlər var. Milli hədəflərimiz miqyaslı və iddialıdır. Lakin 44 günlük Vətən müharibəsi göstərdi ki, bu xalq öz dövləti ilə birlikdə mümkünsüz görünən hədəflərə qovuşa bilir.
Şəhidlərimizi rəhmət və minnətdarlıqla anır, Qazilərimizə dua edir, Ordumuz və Dövlətimizlə qürur duyuruq.
R. A. ,
Musavat.com