25 min manat rüşvət alan İcra Hakimiyyəti rəsmisi məhkəmə qarşısında  

25 min manat rüşvət müqabilində vətəndaşa tikintiyə icazə verəcəyini vəd edən İcra Hakimiyyəti rəsmisi məhkəmə qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Tofiq Kərimovun cinayət işi üzrə proses davam edir.

Bu il avqustun 1-də cinayət başında yaxalanan Tofiq Kərimov uzun illər Tərtər İcra Hakimiyyətində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Tərtər İcra Hakimiyyətinin binasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları əməliyyat keçirib. Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb. O, Tərtər şəhərində yerləşən torpaq sahəsində 2 mərtəbəli yaşayış evinin tikilməsinə icazə verilməsi üçün vətəndaşdan tələb etdiyi 33 min manat məbləğində pul vəsaitinin 25 min manatını alarkən yaxalanıb. Cinayət işi üzrə zərərçəkən Kəlbəcər sakini Valeh Əlişovdur.

İş üzrə toplanmış sübutlar əsasında Tofiq Kərimov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda məhkəmə prosesi davam edir.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

22.11.2023 14:22
913