2050-ci ilə qədər qlobal neft sənayesinin investisiya tələbi 17,4 trilyon dollar təşkil edəcək. Musavat.com xəbər verir ki, bu proqnoz OPEC-in uzunmüddətli World Oil Outlook (WOO) hesabatında yer alıb.
Hesabatda OPEC-in baş katibi Haysəm əl-Qayisə istinadən bildirilir ki, yəkcə neft hasilatı sənayesi 2050-ci ilə qədər ümumilikdə 17,4 trilyon dollar investisiya tələb edəcək: “Bütün rəsmilər və səhmdarlar, istehsalçılar və istehlakçılar, eləcə də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün uzunmüddətli əlverişli investisiya mühitini təmin etmək naminə birlikdə çalışmalıdırlar".
Baş katib onu da vurğulayıb ki, dünyanın neft və qazdan imtina edəcəyi ilə bağlı fantaziyaların reallıqla heç bir əlaqəsi yoxdur: “Tələb artımı gözləntilərinə real baxış bu gün, sabah və bir çox onilliklər üçün neft və qaza kifayət qədər sərmayənin qoyulmasını tələb edir”.
Əl-Qayisin sözlərinə görə, OPEK-in uzunmüddətli proqnozu kömürdən başqa bütün enerji resurslarının istifadəsinin genişləndirilməsinin zəruriliyini göstərir: "Biz inanırıq ki, təkcə neftə olan tələbat 2050-ci ilə qədər sutkada 120 milyon barelə çatacaq və bu, üfüqdə neftə tələbatın pik nöqtəsi yoxdur".
Musavat.com