Azərbaycanda rəhmətə getmiş bacısının sənədləri ilə yaşayan xanım məhkəməyə müraciət edib və öz adı ilə yaşaması üçün yeni sənədlərlə təmin edilməsini istəyib.
Musavat.com xəbər verir ki, bu barədə "Femida Könüllüləri" Təşkilatı tərəfindən təsis edilən Femida TV-yə müsahibəsində Ali Məhkəmənin hakimi Abiddin Hüseynov bildirib.
Hakim icraatında olan bu iş haqqında maraqlı açıqlama verib: "Bir prosesdə təxminən 24-25 yaşlarında bir xanım özünün doğum faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət edib. Dedi, problem ondan ibarətdir ki, özündən 1 yaş böyük bacısı olub. Bacısı tez ölüb və valideynləri qərara gəliblər ki, bacısı üçün alınmış sənədlə, yəni şəxsiyyət vəsiqəsi və yaxud doğum haqqında şəhadətnaməsi ilə sanki onun üzərində yaşasın. Ona yeni sənəd almayıblar və o, ölmüş bacısının sənədləri əsasında həyatda yaşayıb. Ona görə məktəbə 1 il gec gedib ki, yaşıdlarından geri qalmasın. O hesab edirdi ki, bu həyatda müəyyən uğursuzluqlarla qarşılaşır və bu uğursuzluqların əsas səbəbi ölmüş bir şəxsin adı üzərində yaşamasıdır.
Çox qeyri-adi bir kazus, qeyri-adi bir məsələ idi. Bu məsələnin üzərində çox düşündüm, çox araşdırdım, sorğular verdim. Çünki bəzən belə sui-istifadə halları da olur. Və həqiqətən də əmin oldum ki, bu insanın problemi ondan ibarətdir. O işi araşdırdıq, iddia tələbini də dəyişdirdik, biz eyni icraat çərçivəsində həm onun bacısının ölüm faktını, həm də onun doğum faktını müəyyən elədik və onun üçün bu imkanı açdıq.
Hakimlik təcrübəmdə ən yaddaqalan proseslərdən biridir".
E.Məmmədəliyev,
Musavat.com