Sovet-alman müharibəsi dövründə İosif Stalin növbəti xarici ölkə nümayəndələrini qəbul etdikdən sonra tərcüməçisi Vladimir Pavlov imzalanan sənətlərin rus dilinə tərcüməsini ona təqdim edəndə aralarında “maraqlı” dialoq yaranıb. Həmin söhbətdə Lavrenti Beriya da iştirak edib. Stalin adətən öz tərcüməçisinə Volodya deyə müraciət edib:
-Volodya, sən mənim fikirlərimi “qonaq”lara dəqiq ifadə edə bilirsənmi? Mən buna şübhə etmirəm, amma hər halda soruşmağı da vacib sayıram.
Sual Pavlovu çaşdırıb. O, Stalinin bu sualının zarafat və ya ciddi olduğunu ayrıd edə bilməyib:
-Əlbəttə, yoldaş Stalin.
Söhbətə Beriya müdaxilə edib:
-İosif Vissarionoviç, sizin ən məxfi görüşlərinizdə iştirak edən bu cavan oğlan çox şeylər bilir. Nədənsə, mən ondan şübhələnirəm. Bəlkə onu Sibirə göndərək?
Beiyanın çox ciddi görkəmdə dediyi bu sözlər Pavlovu daha da çaşdırıb. Amma o, özünü itirməyərək təmkinini pozmayıb və heç bir reaksiya verməyib. Stalin isə Beriyaya təbəssümlə cavab verib:
-Biz hamını həbs etməklə sonda bu binada ikimiz qalacağıq. Pavlov hələ bizə lazımdır.
Sonra Stalin üzünü Pavlova tutub:
-Volodya, de görüm sən yalvarışları da tərcümə edə bilirsənmi?
-Çalışaram, yoldaş Stalin.
-Onda get, işlərinlə məşğul ol. Yaxın vaxtlarda sən Hitlerin yalvarışını mənə tərcümə edəcəksən.
Vladimir Pavlovun tərcüməçilik fəaliyyətində bu cür hadisələr çox olub, o, birincilərin siyasi fəaliyyətində bir çox hadisələrə şahidlik edib.
1915-ci ildə Moskvada sadə mühəndis ailəsində anadan olan Pavlov hələ məktəb illərindən öz gələcək həyatını müəyyənləşdirib. O, məktəbi bitirdikdən sonra Moskva Energetika İnstitutunda ali təhsil alıb və institutdan sonra elmi yaradıcılıqla məşğul olmağı planlaşdırıb. Pavlovun maraq göstərdiyi sahələrdən biri isə xarici dillər olub. İyirmi yaşında olanda o, beş dildə sərbəst danışmağı və yazmağı bacarıb. Elə bu bacarığı da onu tamam fərqli bir sahəyə aparıb.
İnstitutun sonuncu kursunda oxuyanda, diplom işinin müdafiəsi ərəfəsində Pavlov Moskva şəhər Partiya Komitəsinə dəvət olunub. Onu bir neçə kabinetdə sorğu-suala tutublar, mütəxəssislər onun dil bilgiləri ilə maraqlanıblar. Səhərisi gün isə Pavlov Mərkəzi Komitənin kadrlar üzrə katibi Georgi Malenkovun qəbuluna aparılıb.Yarım saatlıq söhbətdən sonra Pavlova Xarici İşlər Nazirliyinin strukturunda iş təklif edilib.
Beləliklə, 24 yaşlı Pavlov 1939-cu ildə, 24 yaşı olanda Xarici İşlər Nazirliyində işləməyə başlayıb. O, bu qurumda ayrı-ayrı vəzifələr tutsa da əsas vəzifəsi Stalinin xahişi qonaqlarla görüşlərində tərcüməçi qismində iştirak etməsi olub.
Pavlov ilk işi ilə Stalinin rəğbətini qazanıb. 1939-cu ildə Almaniyanın xarici işlər naziri Ribbentrop Moskvada səfərdə olanda Pavlov rəsmi, qeyri-rəsmi, məxfi görüşlərdə Stalinin tərcüməçisi kimi iştirak edib. Görüşlə bağlı bütün sənədlərin tərcüməsi də məhz Pavlova həvalə edilib. Görüş sona çatdıqdan sonra Stalin Pavlovu kabinetinə dəvət edərək ona təşəkkürünü bildirib.
Pavlov tərcüməçi kimi Stalini bütün görüşlərdə və səfərlərdə, o cümlədən böyük üçlüyün görüşdüyü Tehran və Yalta konfranslarında da müşayiət edib, onun bir addımlığında dayanıb. Belə görüşlərdə Pavlov Stalinin jestlərini öyrənməyə başlayıb. Belə ki, Tehran konfransı zamanı Stalin müttəfiqlərindən, Çörçill və Ruzveltdən ikinci cəbhənin konkret hansı tarixdə açılacağını eşitmək istəyib. Müttəfiqlər müzakirələr zamanı dəqiq tarix söyləməyəndə Stalin ayağa qalxaraq qapıya tərəf üz tutub və geriyə baxmadan yüksək tonla etirazını bildirib:
-Bizim burada iştirakımız artıq mənasız bir işdir, bizim ölkəmizdə müharibə gedir.
Sözsüz ki, bu etirazı tərcümə etmək Pavlovun birbaşa vəzifəsi olub. Amma bu etirazı Pavlov yerində əyləşərək sakitcə tərcümə etməyib. O da Stalin kimi ayağa qalxıb, qapıya üz tutub, geriyə baxmadan Stalin kimi səsinin tonunu qaldıraraq tərcümə edib. Sonralar Çörçill və Ruzvelt bu hadisəni zarafatla Pavlova xatırladıblar.
Maraqlı hadisələrdən biri isə Yalta konfransında Stalin, Çörçil və Ruzveltin şərəfinə verilən ziyafətdə baş verib. Sovet lideri qədəhini götürərək Pavlova və onun yanında dayanan həmkarlarına yaxınlaşıb, üzünü Çörçill və Ruzveltə tutub:
-Mən təklif edirəm ki, bu qədəhləri Pavlovun və onun həmkarlarının şərəfinə qaldıraq. Onlar biz istirahət edərkən, ziyafətlərdə olarkən belə iş başında olurlar. Bu çox zəhmət tələb edən bir işdir. Şəxsən mən öz tərcüməçimin bu zəhmətini yüksək qiymətləndirirəm.
Çörçill və Ruzvelt Stalinin təklifini məmnunluqla qəbul ediblər. Beləliklə, XX əsrin üç nəhəng siyasətçisi Pavlovun şərəfinə qədəhlərini toqquşdurublar.
Pavlov öz tərcüməçilik fəaliyyətində mövcud dövrdə dünyanın ən tanınmış siyasi simalarının demək olar ki, hamısını görüb. O, özü söylədiyi kimi Adolf Hitlerin buz kimi tərli əlini sıxıb, Çörçilin zarafatlarını eşidib, Ruzveltin müdrikliyinin şahidi olub, Stalinin özünəməxsus siyasi manevrləri və jestlərini görüb. Sonralar yazdığı xatirələrdə Pavlov bu nəhəngləri əvəzolunmaz şəxsiyyətlər adlandırıb. Onun ən narazı qaldığı şəxs isə strukutur baxımdan tabe olduğu SSRİ-nin xarici işlər naziri Vyaçeslav Molotov olub. O, öz açıqlamalarında bildirib ki, Molotov rəhbər kimi tabeliyində olanlara qarşı həmişə kobud rəftar edib, onların problemləri ilə maraqlanmayıb, xoş münasibət yaratmağa çalışmayıb. Elə bu münasibətlərə görə də Stalinin vəfatından sonra Molotovla Pavlov anlaşa bilməyiblər. Molotov Pavlovu tutduğu vəzifələrdən azad edib.
Pavlov sonrakı fəaliyyətini “Tərəqqi” nəşriyyatının direktoru kimi xarici ədəbiyyatların tərcüməsi ilə davam etdirib.
Vladimir Pavlov 1993-cü ildə, 78 yaşında vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com