Qlobal enerji tələbatı 2050-ci ilə qədər gündəlik 374,1 milyon barel neft ekvivalentinə çatacaq. Musavat.com OPEC illik icmalına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 24 faiz çoxdur.
Bu, təşkilatın 21-ci əsrin ortalarına qədər dünyada enerji istehlakı üzrə analitiklərinin ilk qiymətləndirməsidir. Əvvəllər OPEC bu göstərici ilə bağlı 2045-ci ilə qədər gözləntilərini açıqlamışdı. Cari sənəddə bu dövr üçün proqnoz bir il əvvəlki gündəəlik 359 milyon barel neft ekvivalentinə qarşı 364,4 milyon barelə qədər artırılıb.
Alyansın analitikləri 2023-cü ilə nisbətən neftə gündəlik tələbatın 2050-ci ilə qədər 18 faiz artaraq 92,9 milyon bareldən 109,6 milyon barelə yüksələcəyini gözləyirlər; qaz üzrə artım 29,7 faiz, 69,1 milyon barel neft ekvivalentindən 89,6 milyon barelə; nüvə enerjisi üzrə - 64,2 faiz artım, 14,8 milyon bareldən 24,3 milyon barelə qədər gözlənilir.
Bioyanacaqlara tələbat 28,5 faiz və ya 29,1 milyon barel neft ekvivalentindən 37,4 milyon barelə, su energetikasında 52,6 faiz artım və ya 7,6 milyon bareldən 11,6 milyon barelə, digər bərpa olunan enerji mənbələrində isə 5,5 dəfə artım, 9,6 milyon bareldən 52,4 milyon barelə qədər olacaq.
Qlobal tələbatın durmadan azalacağı yeganə enerji mənbəyi kömürdür. OPEC-in proqnozlarına görə, 2050-ci ilə qədər kömürə tələbat 37 faizdən bir qədər çox azalaraq 78 milyon bareldən 49,1 milyon barelə düşəcək.
2050-ci ilə qədər qlobal enerji balansının ümumi strukturunda dominant komponenti neft və qaz tutmaqda davam edəcək, onların payı, OPEC analitiklərinin fikrincə, müvafiq olaraq, 29,3 faiz və 24 faiz təşkil edəcək (2023-cü ildə müvafiq olaraq 30,9 faiz və 23 faiz). Əsrin ortalarında nüvə enerjisinin payı 6,5 faiz (2023-cü ildəki 4,9 faizə qarşı), hidroelektrik istehsalı - 3,1 faiz (2,5 faiz), bioyanacaq – 10 faiz (9,7 faiz) olacaq. Eyni zamanda, digər bərpa olunan enerji mənbələrindən istifadə 2023-cü ildəki 3,2 faizdən 2050-ci ildə 14 faizə yüksələcək. OPEC-in məlumatına görə, qlobal enerji balansında kömürün payı 25,9 faizdən 13,1 faizə qədər azalacaq.
Musavat.com