2025-ci ildə Türkiyədə vergilər, rüsumlar və cərimələr 40% artacaq

Türkiyədə 2025-ci ildə bir sıra vergilər, rüsumlar və cərimələr 40%-dən çox artacaq və bu, vətəndaşlar üçün vacib olan bir çox sahələrə təsir edəcək.

Musavat.com xəbər verir ki, “Hürriyet” qəzetinin yazdığına görə, vergi artımının əsası yerli istehsalçı qiymətləri indeksinə əsaslanan yenidən qiymətləndirmə dərəcəsidir.

Bu indeks inflyasiyanın əsas göstəricilərindən biridir və Türkiyə hökumətinin statistikasına görə, bu ilin oktyabrına 43,93% təşkil edib. Növbəti il üçün vergi və ödənişlərin məbləğləri yenidən qiymətləndirilərkən əsas götürülən bu göstəricidir.

Pasportların və sürücülük vəsiqələrinin verilməsinə görə rüsumlar orta hesabla 40% artacaq. Vətəndaşın xaricə getməsi üçün lazım olan üç illik pasport üçün 163 dollar əvəzinə 235 dollar, B kateqoriyalı lisenziya üçün isə 151 dollar əvəzinə 218 dollar ödəniləcək. Türkiyə vətəndaşları üçün nəzərdə tutulan çıxış vizasının qiyməti təxminən 15 dollardan 21 dollara qədər artacaq.

Türkiyədə xaricdən alınan mobil telefonun leqallaşdırılmasının qiyməti də artacaq. Hər bir IMEI nömrəsini qeydiyyatdan keçirmək üçün abonentlər təxminən 1340 dollar ödəməli olacaqlar. Qeydiyyat olmadan, yerli mobil şəbəkələrdə ilk aktivləşdirmədən dörd ay sonra, telefonun türk operatorlarının SİM kartları ilə işləməsi həmişəlik bloklanır.

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılacaq. Qırmızı işıqda keçmək sürücüyə 44 dollar əvəzinə 64 dollara başa gələcək. 10-30 km/saat sürət həddinini keçən sürücülər eyni məbləği ödəməli olacaqlar. Yenidən qiymətləndirmə dərəcəsinə uyğun olaraq bütün növ nəqliyyat vasitələrinin illik nəqliyyat vergisi də artacaq.

Musavat.com

05.11.2024 12:32
307