“2024-cü ilin dövlət büdcəsi layihəsi bir aydan çoxdur ki, Milli Məclisin komitələrində və plenar iclaslarında geniş və ətraflı müzakirə edilib. Maliyyə və İqtisadiyyat nazirlikləri, Mərkəzi Bankın, Hesablama Palatasının və digər dövlət orqanlarının rəhbərləri və nümayəndələri layihələr barədə həm komitə iclaslarında, həm də plenar iclaslarda ətraflı məlumat verib və müzakirələrdə aktiv iştirak ediblər. Büdcə müzakirələri dövlət başçısının tövsiyələrinə və Milli Məclis rəhbərliynin yaratdığı müzakirə mühitinə uyğun olaraq bu il daha da əhatəli və geniş formada təşkil edilib, deputatlara komitələrdə və plenar iclaslarda müzakirələrə qatılmaq imkanı yaradılıb, bütün iclaslarda ümumi olaraq deputatlar 130 dəfədən çox çıxış edib, onları maraqlandıran suallara dövlət orqanları, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq və digər komitələri tərəfindən müvafiq izahatlar verilib”.
Musavat.com xəbər verir ki, komitə sədri Tahir Mirkişili bunu “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin üçüncü oxunuşu zamanı söyləyib.
O bildirib ki, 2024-cü ilin dövlət büdcəsi layihəsinin həm komitə iclasları, həm də plenar iclaslar zamanı geniş və peşəkar müzakirələrində Nazirlər Kabinetinin, hökumət üzvlərinin və dövlət orqanlarının aktiv iştirak etməsi Milli Məclis - hökumət arasında olan səmərəli əməkdaşlığın mühüm göstəricilərindən biridir:
“Bu müzakələrin nəticəsi olaraq 2024-cü ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclaslarında 1-ci və 2-ci oxunuşlarda deputatlar tərəfindən dəstəklənib. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən aparılan islahatlar, atılan qətiyyətli və çevik addımlar, yaradılan əlverişli geosiyasi və geoiqtisadi şərait nəticəsində Azərbaycan iqtisadiyyatının 2024-cü ildə inkişaf etdirilməsi üçün makroiqtisadi sabitliyin, zəruri təhlükəsiz və sosial şəraitin qorunub saxlanması və dəstəklənməsi ilə bağlı planlaşdırılan tədbirlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş maliyyə vəsaitləri deputat həmkarlarım tərəfindən müsbət qiymətləndirilib. 2024-cü ilin dövlət büdcəsi və icmal büdcə layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun hazırlanıb, ictimai müzakirələr üçün açıq dərc edilib, kütləvi informasiya vasitələrində çıxış edən həmkarlarım, ekspertlər 2024-cü ilin dövlət büdcəsi layihəsini növbəti ildə ölkəmiz qarşısında duran çağırışlara , dövlətimizin təhlükəsizliyinə cavab verən, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən bir layihə kimi qiymətləndiriblər. İşğaldan azad olunan ərazilərin sürətlə iqtisadiyyatımıza inteqrasiyası, müdafiə və təhlükəsizliyimiz üçün büdcədə nəzərdə tutlan imkanların artırılması xüsusi olaraq yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Hesablama Palatası büdcə layihəsinə müsbət rəy verib”.
T.Mirkişili qeyd edib ki, 2024-cü ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclaslarında 2-ci oxunuşda qəbul edilmiş layihəsinə bir sıra dəyişikliklər edilib və 3-cü oxunuşda qəbul edilmək üçün təqdim olunmuş layihədə bu dəyişikliklər öz əksini tapıb:
“Bildirmək istəyirəm ki, növbəti ilin dövlət büdcəsinə dair qanun layihəsi Milli Məclisdə müzakirə olunduğu ərəfədə dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların əsasnamələrinin təsdiqi, bəzi təşkilatların strukturlarında müvafiq dəyişikliklərin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq fərmanlar imzalanıb və tapşırıqlar verilib. Eyni zamanda müzakirələrdə Milli Məclisin deputatları bır sıra təkliflərlə çıxış ediblər. Onların da icrası ilə bağlı 2024-cü il dövlət büdcəsinin xərcləri çərcivəsində və buna müvafiq olaraq qanun layihəsində bəzi dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunub. Layihəyə təklif edilən dəyişikliklər İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilərək qəbul edilmək üçün plenar iclasın 3-cü oxunuşuna tövsiyə edilib. Ediləcək dəyişikliklər büdcə qaydasının tələblərinə uyğundur və icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsulun xüsusi çəkisinin hədəflənən yuxarı həddinin göstəricisini keçməyəcək”.
Komitə sədri bildirib ki, layihəyə təklif olunan dəyişikliklər aşağıdakılarıdan ibarətdir:
- Yeni Ağdərə rayonunun təsis edilməsi ilə bağlı qanun layihəsinin 9-cu maddəsinə həmin rayonun adı əlavə edilir.
- Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində yeni yaradılmış “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin fəaliyyəti üçün dövlət sifarişi əsasında tələb olunan 7,3 milyon manat vəsait Agentliyin əsas fəaliyyəti üçün “Kənd təsərrüfatı” xərc bölməsində nəzərdə tutulmuş vəsaitdən (507,1 milyon manat) 7,3 milyon manat azaldılaraq həmin tədbirin maliyyə təminatına yönəldilir. Bu hesaba “Elm” xərcləri 7,3 milyon manat artır.
- 2023-cü ildə minimum əmək haqqının artımı ilə bağlı əlavə olaraq Bakı şəhərinin yerli xərcləri 2,3 milyon manat və Laçın rayonunun yerli xərcləri isə 100,0 min manat artırılır.
Yuxarıda təklif olunan dəyişikliklər nəzərə alındığı təqdirdə 2024-cü il dövlət büdcəsi haqqında Qanun layihəsinin 7.1-ci maddəsində “Ümumi dövlət xidmətləri” bölməsi üzrə 4 milyard 814 milyon 934 min 382 manat rəqəmi 4 milyard 882 milyon 234 min 382 manat rəqəmi ilə
7.8-ci maddəsində “Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə 364 milyon 783 min 119 manat rəqəmi 367 milyon 83 min 119 manat rəqəmi ilə
7.9-cu maddəsində “Kənd təsərrüfatı” bölməsi üzrə 1 milyard 109 milyon 893 min 587 manat rəqəmi 1 milyard 102 milyon 593 min 587 manat rəqəmi ilə
7.10-cu maddəsində “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə 376 milyon 822 min 901 manat rəqəmi 376 milyon 872 min 901 manat rəqəmi ilə
7.12-ci maddəsində “Əsas bölmələrə aid edilməyən xərclər” bölməsi üzrə 1 milyard 392 milyon 674 min 201 manat rəqəmi 1 milyard 390 milyon 324 min 201 manat rəqəmi ilə əvəz edilir.
T.Mirkişili qeyd edib ki, bununla yanaşı təqdim olunmuş büdcə zərfində inzibatı təsnifata uyğun olaraq aşağıdakı dəyişikliklərin də edilməsi zərurəti yaranıb:
- Elm və Təhsil Nazirliyinin strukturunda aparılmış dəyişikliyə uyğun olaraq onun yanında yeni yaradılmış Elm və Ali Təhsil və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliklərinin maliyyə təminatı üçün müvafiq olaraq tələb olunan 1,9 milyon manat və 17,2 milyon manat vəsait yönəldilir.
Həmin xərclərin əsasən Elm və Təhsil Nazirliyinin aparatının saxlanılması xərclərinin 15,0 milyon manat azaldılması və əvvəlcədən bu məqsəd üçün büdcədə bloklanmış 13,8 milyon manat ehtiyat vəsait hesabına tənzimlənməsi nəzərdə tutulur.
- Təsdiq olunmuş əsasnaməsinə müvafiq olaraq Dövlət Su Ehtiyatları Agentliyinin və Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Xidmətinin aparatlarının saxlanılması üçün müvafiq olaraq tələb olunan 5,9 milyon manat və 3,6 milyon manat vəsait bu məqsəd üçün əvvəlcədən büdcədə bloklanmış ehtiyat vəsait hesabına tənzimlənir.
- Azərbaycan Respublikasının Milli Məclisinin 2024-cü il üçün xərcləri 252,5 min manat artırılır (ölkədaxili ezamiyyətlər, xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi, yaşıllığa xidmət və inzibati binalara tələb olunan bitkilərin alınması, nəqliyyat vasitələrinin əsaslı təmiri, sair torpaq, tikili və avandanlıqların əsaslı təmiri xərcləri).
Həmin xərclər də dövlət büdcəsinin müvafiq ehtiyatları hesabına təmin olunacaq.
Tahir Mirkişili daha sonra bildirib:
“Beləliklə, yuxarıda qeyd olunan dəyişiklikləri nəzərə alaraq 2024-cü ilin dövlət və icmal büdcələrinin ümumi göstəriciləri dəyişdirilmədən müzakirədə olan layihədəki səviyyədə, yəni dövlət büdcəsinin gəliri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat, kəsiri 2 milyard 590 milyon manat, müvafiq olaraq icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat məbləğində saxlanılır”.
E.Paşasoy,
Musavat.com