“Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılıq səviyyəsinin azaldılması hökumətin gündəliyində duran əsas vəzifələrdən biridir”.
Musavat.com-un məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentdəki çıxışında bildirib.
Hökumət başçısı qeyd edib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 mln. manat vəsait ayrılıb:
“1 yanvar 2024-cü ildən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin vaxtı daha 3 il müddətinə uzadılıb. Deputatları narahat edən pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üzrə problemlərin həlli ilə bağlı mülkiyyət sənədləri almayan vətəndaşlardan 53 min 516 nəfərin müraciəti daxil olub ki, onlardan 47 min 509 müraciət üzrə (90%) dövlət qeydiyyatı aparılıb və mülkiyyət sənədləri verilib”.
Ə.Əsədov bildirib ki, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli də mühüm vəzifələrdən biridir:
“Su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2023-cü ilin dövlət büdcəsindən 408 milyon manat vəsait yönəldilib. Hesabat ilində respublika üzrə kənd təsərrüfatı bitkiləri 1 milyon 466 min hektar sahədə orta hesabla 3,4 dəfə suvarılıb. 2023-cü ildə əsas su anbarlarında suyun həcmi 13,3 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2.2 milyard kubmetrdən çoxdur. Ötən il su sahəsində fəaliyyət göstərən qurumlarda institusional, struktur islahatlarının aparılması su ehtiyatlarından səmərəli istifadəyə və su təsərrüfatının təkmil idarə olunmasına ciddi töhfə verəcək”.
Baş nazir deyib ki, Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə ötən ildə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılıb və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlər sürətlə davam etdirilib:
“Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 32 mlrd. manatdan çox vəsait tələb olunur. 2021-2023-cü illərin dövlət büdcəsindən bu məqsədlər üçün 12,1 mlrd. manat vəsait ayrılmışdır, o cümlədən 2023-cü ildə 5,6 mlrd. manat. 2024-cü ildə 4 mlrd.manat məbləğində vəsait ayrılması nəzərdə tutulur”.
E.Paşasoy,
Musavat.com