Avropada qazın orta qiyməti 2023-cü il ərzində üç dəfə azalaraq, ilin sonunda min kubmetr üçün təxminən 464 dollar təşkil edib. Bu azalmanın əsas səbəbləri havaların isti keçməsi, rekord yüksək qaz ehtiyatlarının yaradılması və Avropa İttifaqında qaza tələbatın azalması olub.
Ümumilikdə, 2023-cü ilin sonunda Avropada qazın qiyməti təxminən 67 ucuzlaşıb. Bu il birja ticarətində qazın orta qiyməti 1 min kubmetr üçün bir il əvvəlki 1,4 min dollara qarşı 464 dollara yaxın olub.
Əgər 30 dekabr 2022-ci ildə qaz fyuçersləri 1 min kubmetr üçün təxminən 845 dollara ticarət olunurdusa, 30 noyabr 2023-cü ildə - 470 dollara düşdü, 29 dekabr 2023-cü ildə son hərraclar 367 dollar ətrafında bağlandı.
Hələ 2022-ci ilin dekabrında Avropada qazın orta qiyməti 1 min kubmetr üçün təxminən 1272 dollar olub. Lakin sonra il ərzində tədricən azalma baş verib: yanvarda - 712 dollara (illik müqayisədə 21 faiz az), fevralda - 583 dollara (-41 faiz), martda - 488 dollara (-60 faiz) , apreldə - 477 dollara qədər (-55 faiz), may ayında - 357 dollara qədər (-65 faiz), iyunda - 366 dollara qədər (-70,5 faiz), iyulda - 337 dollara qədər (-82 faiz), avqustda - 396 dollara qədər (-84 faiz), sentyabrda - 417 dollara qədər (-80 faiz), oktyabrda - 513 dollara qədər (-63 faiz), noyabrda - 512,5 dollara qədər (-59 faiz), dekabrda - 407 dollara qədər (-68 faiz).
Avqust ayından etibarən qiymətlərin cüzi bahalaşması əsasən regiona qazın verilişində planlaşdırılmamış fasilələrlə bağlı olub. Belə hadisələrə Avstraliyanın LNG zavodlarında işçilərin tətilləri, Yaxın Şərqdə hərbi münaqişənin genişlənməsi, o cümlədən İsraildəki Tamar qaz yatağında hasilatın dayandırılması və Qırmızı dənizdə gəmiçiliklə bağlı çətinliklər daxildir. Bundan əlavə, Finlandiya və Estoniya arasında Balticconnector dənizaltı qaz kəməri zədələndiyi üçün dayandırılıb.
Bununla belə, cari istilik mövsümünün əvvəlinə Avropa ölkələri öz yeraltı anbarlarında rekord həcmdə qaz ehtiyatlarının 99,63 faizini toplayıblar ki, bu da ilin sonunadək qiymət artımının səngiməsinə imkan verib. Eyni zamanda, qeyri-Avropa ölkələrində qaz istehlakı 1996-cı il səviyyəsinə düşüb və Avropada dünya enerji tarixində ilk dəfə olaraq qaza olan tələbat süni şəkildə azaldılır.
Musavat.com